Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:53

Türkmənistanın da öz 'ağ fillər'i var


Türkmən prezidenti Gurbanguly Berdymukhamedov at yarışlarında
Türkmən prezidenti Gurbanguly Berdymukhamedov at yarışlarında

Türkmənistan qapalı məkanlarda yarışlara və döyüş növləri üzrə V Asiya oyunlarının keçirilməsinə külli miqdarda vəsait xərcləyir. Beynəlxalq idman tədbirlərinə, Olimpiya oyunlarına xərcləndiyi qədər vəsait sərf olunub. Bütün bu çoxmilyardlıq investisiyalara baxmayaraq, hələlik, Aşqabadda Olimpiya oyunlarının keçirilməsi gözlənilmir.

Bu ilin sentyabrında Türkmənistanda Asiya oyunlarının baş tutacağı yeni idman Olimpiya kompleksinin açılışı olacaq. Bu oyunlara 62 ölkədən 5 mindən çox idmançının qatılacağı gözlənilir. Bu tədbir əhəmiyyətinə görə Asiyanın idman tədbirləri arasında ikincidir. Ancaq xərclənən vəsaitin həcmi ciddi suallar doğurur.

Buna da bax:​ Aşqabad polisi pinti geyinənləri paytaxta buraxmır

50 MİN SAKİN EVİNDƏN KÖÇÜRÜLÜB

Avtoritar prezident Gurbanguly Berdymuhamedov-un "övladı" olan Olimpiya kompleksiylə bağlı 2010-cu ildən ziddiyyətlər dolaşır. Həmin il Türkmənistan 2017-ci ildə Asiya oyunlarını keçirmək hüququnu qazanmışdı. Paytaxtın ətrafında nəhəng kompleksin tikintisindən ötrü ərazinin təmizlənməsi zamanı bütün beynəlxalq normalar pozulmuş, 50 min Aşqabad sakini evlərindən məcburi köçürülmüşdü. “Amnesty International” təşkilatı 2015-ci ildəki hesabatında yazırdı ki, Çoqanlı bağ massivində azı 10 min tikili dağıdılıb.

Türkmənistan. Yeni olimpiya kompleksi.
Türkmənistan. Yeni olimpiya kompleksi.

Tikintisinə təqribən 5 milyard dollar xərclənmiş nəhəng kompleksə 30 obyekt, o cümlədən dünyada ən böyük, 6 min adamlıq qapalı velotrek, çoxfunksiyalı arena, bir neçə otel və 45 min yerlik Olimpiya stadionu daxildir.

5 kilometrlik dairəvi monorels yol bəyaz vaqonlarda tamaşaçıları bir idman kompleksindən digərinə aparacaq. Layihənin hazırlanması və tikintisiylə Türkiyənin "Polimeks" tikinti şirkəti məşğul olub. Prezidentin bir sıra başqa iri layihələri də bu şirkətə həvalə edilib. Onlardan biri qanadlarını açmış şahin formasında tikilmiş, 2,3 milyard dollara başa gəlmiş hava limanıdır. Bu kompleks də Asiya oyunlarına hazırlıq çərçivəsində ucaldılıb.

Buna da bax: 'Dedilər ki, Oyunların keçirildiyi yerlərdə gözə görünməyim'

Bir çox ekspertlərin fikrincə, bu iki layihə "ağ fillərdir" (İqtisadçılar və idarəçilik mütəxəssisləri lazımsız, ancaq bahalı layihələri məhz belə adlandırırlar - tərc.). Bu layihələr Türkmənistandan ötrü son dərəcə bahalı və gərəksizdir. Belə "ağ fillərdən" biri – Avaza kurort şəhərciyinin hazırda boş qaldığı, hava limanınınsa tədricən çökdüyü bildirilir.

“ÖLKƏYƏ ÇOX BÖYÜK ZƏRBƏ”

Şotlandiyadakı Qlazqo Universitetindən Orta Asiya üzrə ekspert Luca Anceschi deyir ki, ölkənin iqtisadi böhranla üz-üzə olduğu vaxtda Asiya oyunlarının keçirilməsi "ölkəyə çox böyük zərbədir". Onun sözlərinə görə, hökuməti adi vətəndaşlar "narahat etmir".

Dünyada təbii ehtiyatlarına görə dördüncü yeri tutan Türkmənistan ixrac marşrutlarını genişləndirməkdə çətinlik çəkir, hazırda yalnız iki alıcısı var - Rusiya və İran.

Asiya İnkişaf Bankının verdiyi məlumata görə, son illər dünya bazarında neft və qazın ucuzlaşması Türkmənistanın iqtisadi problemlərini daha da dərinləşdirib. Ölkədə ÜDM 2012-ci ildə 11,1%, 2016-cı ildə 6,2% artıb.

Buna da bax:​ Prezident Olimpiya Kəndinə pul yığa bilməyən baş prokuroru işdən qovdu (VİDEO)

Artıq maaşların gecikməsi, banklarda nağd pul çatışmazlığı, dövlət mağazalarında bəzi ərzaqların satışına məhdudiyyətlərin adi normaya çevrildiyi haqda məlumatlar gəlir.

“KÖNÜLLÜ İANƏLƏR”

Qeyd edək ki, Asiya oyunlarına təkcə dövlət vəsaitləri xərclənməyib. Ölkənin adi vətəndaşları da bu layihəyə çoxlu pul və vaxt sərf etməli olublar. Dövlət oyunların hazırlıq işinə ölkə sakinlərini və onların "könüllü ianələrini" də cəlb edir. Bu "könüllü ianələr" vətəndaşların maaşından tutulur və ya özəl şirkətlərdən alınır.

Aşqabad sakinləri AzadlıqRadiosu-na bildiriblər ki, polis "pinti görkəmli" adamları şəhərdən çıxarır. Hökumət onların ölkənin imicinə xələl gətirməsini istəmir.

Buna da bax: Türkmənistan Asiya Oyunları keçirir, amma talismanı...

Bundan başqa, bu il Türkmənistanda tədris ili iki ay qabaq – iyulun 1-də başlayacaq. Türkmənlər bu addımı Asiya oyunlarıyla bağlayırlar. Belə ki, hökumət şagirdləri və müəllimləri oyunlar çərçivəsində kütləvi paradlara və mərasimlərə cəlb etmək niyyətindədir.

Berdymuhamedov Aşqabadı "dünyanın idman paytaxtlarından birinə" çevirmək istəyir. Ancaq ölkənin, hələlik, hər hansı bir idman növü üzrə bircə dənə də Olimpiya medalı yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG