Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:01

Prezidentin tənqidindən sonra 'avtomoyka'lar bağlanıb


«İndi özümüz vedrələrlə su daşıyıb maşın yumalı oluruq».

Mayın 4-də Türkmənistanın, demək olar ki, bütün regionlarında avtomobil yuma və avtomobillərə texniki xidmət məntəqələri bağlanıb. Bu barədə AzadlıqRadiosunun türkmən xidmətinin müxbiri məlumat verib.

«Avtomobil yuma və avtomobillərə texniki xidmət məntəqələrini bağlayanda dedilər ki, indi vergi yoxlaması keçirirlər. İndi heç bilmirik maşınımızın yağını harada dəyişdirək. Yerli ustalar hətta özəl təmirdən belə çəkinirlər», – deyə Anev qəsəbəsinin bir sakini bildirib.

İÇMƏİL SUDAN İSTİFADƏ EDİRLƏR

Avtoyuma və avtomobillərə texniki xidmət məntəqələrinin bağlanması haqda məlumatlar Türkmənistan hökumətinin aprelin 24-də keçirilmiş iclasından sonra yayılmağa başlayıb. Həmin iclasda ölkə prezidenti Gurbanguly Berdymukhammedov Daxili İşlər Nazirliyi rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirib.

«Prezident Gurbanguly Berdymukhammedov Aşqabad və ətraf ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən, qeydiyyatdan keçməmiş müəssisələrə nəzarəti yaxşı həyata keçirə bilmədiyinə görə Daxili İşlər Nazirliyi rəhbərliyinin ünvanına tənqidi fikirlər səsləndirib. Söhbət avtomobillərə texniki xidmət, habelə avtomobil yuma xidmətləri göstərən, çox zaman içməli sudan istifadə edən qanunsuz müəssisələrdən gedir», – Türkmənistan dövlət xəbər agentliyi TDH-nın məlumatında belə deyilir.

Prezident Berdymukhammedov tənqidlə yanaşı, həm də qeyd olunan qüsurların təcili aradan qaldırılması üçün uyğun qurumlarla iş aparılmasını tələb edib.

«ÇÖRƏYİMİZ BURDAN ÇIXIR»

AzadlıqRadiosunun paytaxt Aşqabaddakı mənbələrinin verdiyi məlumata görə, prezidentin tənqidindən az sonra şəhərdə bütün avtoyuma məntəqələri və avtomobillərə texniki xidmət mərkəzləri bağlanıb. Mənbə bildirir ki, dövlətə məxsus müəssisələrdən başqa, bütün məntəqələr qapadılıb.

«Bizə dedilər ki, qeyri-rəsmi fəaliyyət göstəririk. Emalatxanamızı bağlamağı tələb etdilər. Çörəyimiz buradan çıxır. Onlardan soruşduq ki, işi qanuni yolla davam etdirmək üçün nə etmək lazımdır. Ancaq onlar bizə heç bir cavab vermədilər», – paytaxtın Keşi rayonunda özəl texniki xidmət mərkəzinin sahibi Begenc deyir.

Begenc-in sözlərinə görə, bəzi ustalar avtomobilləri gizli təmir etməyə razılıq verirlər. Ancaq bununla yanaşı, inzibati cəzadan çəkinirlər. Bu qaydanı pozanlara 15 sutkalıq həbs cəzası nəzərdə tutulub.

Ancaq özəl avtoyuma məntəqələrinin bağlanmasından əziyyət çəkən təkcə bu məntəqələrin sahibləri və işçiləri deyil. Avtomobil sahibləri də yaranmış durumdan gileylənirlər.

CƏRİMƏLƏR

«Aşqabadda çirkli avtomobilə görə adamı dərhal cərimələyirlər. Avtomobil yuma yerləri bağlandığından indi özümüz vedrələrlə su daşıyıb maşın yumalı oluruq», – deyə bir Aşqabad sakini gileylənir.

Türkmənistanda «çirkli» maşın sürməyə görə cərimənin miqdarı birinci dəfə 100 manat (Türkmənistan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, 28.5 dollar) təşkil edir. Qaydanı növbəti dəfə pozanda, cərimə 300 manata (85.5 dollar) çatır. Bundan başqa, sürücülər deyirlər ki, bəzən hətta yuyulmamış avtomobil sürənləri bir ilə qədər sürücülük vəsiqəsindən məhrum edirlər.

Hələlik, rəsmi mətbuat ölkədə bağlanmış minlərlə avtoyuma və avtoservis məntəqəsinin işinin yenidən bərpa olunub-olunmayacağı barədə məlumat vermir.

Bundan başqa, prezidentin tənqidi fikirlər səsləndirməsindən sonra ölkə rəhbərliyi əhalinin işlətdiyi içməli suyun həcmini ölçən cihazların quraşdırılması işini daha da sürətləndirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG