Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:19

'Məmləkət atasının malıydı. Arvadının adına rəsmiləşdirdi'


İlham Əliyev və Mehriban Əliyeva, 10fev2017.
İlham Əliyev və Mehriban Əliyeva, 10fev2017.

Türkiyənin "Sözcü" qəzeti Yılmaz Özdilin "Bu da sənə türksayağı prezidentlik" adlı köşə yazısını dərc edib. Yazıda deyilir:

"Azərbaycan prezidenti Əliyev həyat yoldaşı Mehribanı birinci vitse-prezident təyin edib. Ərinə bir şey olsa, Azərbaycanı Mehriban idarə edəcək.

Buna da bax:​ MTRŞ FOX TV-nin dayandırılmasından danışdı

*

Məmləkət atasının malıydı.

Arvadının adına rəsmiləşdirdi.

*

İdarəçilik bir əldə cəmləşmişdi.

Artıq “bir evdə” toplanmış oldu!

*

Çünki…

*

Əbülfəz Elçibəy

Azərbaycanın bir gün müstəqil olacağına, xalqın hakimiyyətinə əsaslanan demokratik bir respublika olacağına inanırdı.

Rol modeli Mustafa Kamal idi.

Buna da bax: 'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'

“Mən Atatürkün əsgəriyəm”, - deyirdi.

Həbsə atıldı.

İlyarım həbs cəzası verdilər.

“KQB” zindanlarında, daş karxanalarındakı ağır şəraitdə həyatda qaldı. “Çox işgəncə gördüm, başıma çox oyun açdılar, heç biri təsir etmədi, amma yaxamda Atatürk nişanı vardı, onu əlimdən aldılar, ona yanıram” dedi. Həbsdən çıxar-çıxmaz, azadlıq mübarizəsinə qaldığı yerdən davam etdi. Azərbaycan Xalq Cəbhəsini qurdu. Bir yandan müstəqillik, bir yandan da Ermənistana verilmiş türk torpaqlarını geri almaq üçün vuruşdu. Sovet İttifaqı dağılandan sonra Azərbaycanın prezidenti oldu. İlk rəsmi səfərini Türkiyəyə etdi. “Anıtkabir”ə gedərək şərəf dəftərinə “ey böyük türkün böyük komandanı, səni ziyarət etməklə özüm və bütün millətim adına şərəf duydum” yazısını yazdı və belə imzaladı: “sənin əsgərin, Əbülfəz Elçibəy”. “Anıtkabır”dan sonra Türkiyə Böyük Millət Məclisinə getdi. Millət vəkillərimizə xitabən bunları söylədi: “Biz bu mübarizəni başladarkən, məndən nə edəcəyimizi soruşdular. Onlara dedim ki, yolumuz Mustafa Kamalin yoludur, demokratik dövlət quracağıq!”

Belə bir vətənpərvər…

Belə bir demokratiya aşiqi idi.

Sözdə deyil, üzdə Atatürkçüydü.

Buna da bax:​ Hacı Əbdül: 'Onun günahı deyil ki, yoldaşı prezidentdir' [video]

Atatürkün islahatlarını Azərbaycanda gerçəklətməyə başladı, kiril əlifbasından latin əlifbasına keçdi, türk dilini dövlətin rəsmi dili elan etdi, milli valyuta buraxdırdı, rubldan manata keçdi, rus ordusunu Azərbaycan torpaqlarından çıxardı, neft və təbii qaz sahəsində milli mənafelər çərçivəsində müqavilələr imzalamağa başladı.

Düyməyə basıldı

Elçibəydən təcili qurtulmaq lazım idi.

Havadarları olan hərbçilərlə üsyana başladılar.

Məmləkət xaosa sürükləndi.

Elçibəy Ankaradan yardım istədi.

Ancaq… çox məyus oldu.

Çünki Ankara heç barmağını da tərpətmədi. Nə silah , nə pul, nə də diplomatik dəstək verdi. Qəribə vəziyyət idi.

Buna da bax:​ 'Xanımlar, kişiniz sizi ölkənin vitse-prezidenti edə bilərmi?'

*

Ancaq Elçibəy hələ bilmirdi ki… ABŞ-ın qucağında oturan Ankara siyasətçiləri, təəssüf ki, müstəqil Azərbaycanı satmışdı!

*

Elçibəyə birbaşa Ankaradan məsləhət verildi: “Heydər Əliyevi vəzifəyə çağır, məclisin spikeri et. Rusları yaxından tanıyır, çox təcrübəlidir, üsyanı yatırtsa-yatırtsa, o yatırar".

Heydər Əliyev “KQB” generalı idi, SSRİ-də 20 il yüksək vəzifələrdə çalışmışdı, Qorbaçov tərəfındən işdən çıxarılmışdı, Naxçıvanda Yeni Azərbaycan Partiyasının sədri idi.

*

Elçibəy çarəsizdi, Əliyev məclisin spikeri oldu

Artıq “Tələ” tamamlanmışdı…

Əliyev kreslosuna oturar-oturmaz, üsyana başlayan hərbçilərlə əl verib görüşdü, yanğını alovlandırdı, ölkə vətəndaş savaşı həddinə gətirildi. Azərbaycan xalqı tarixi bir səhvə yol verdi… Elçibəyin yanında durmaq əvəzinə, qorxuya boyun əydi, basqıya, gücə təslim oldu. Atatürkün əsgəri tamam yalnız qalmışdı.

Geri çəkilməyə məcbur oldu.

Buna da bax:​ ‘İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır’ [video]

*

Çevriliş qurğu-qurmacasıyla ölkə tək adamın idarəsinə buraxıldı

*

Heydər Əliyev prezident oldu, qiyamçı polkovniki baş nazir təyin etdi. İlk gördüyü iş də Elçibəy dönəmində imzalanmış neft-qaz sazişini ləğv etmək oldu. Azərbaycanın yataqlarını Amerika, ingilis, rus neft şirkətlərinə pay çəkib qapışdırdı.

*

Elçibəy tam kənarlaşdırıldı. Cəmi 61 yaşında ikən Gülhane Hərbi Tibb Akademiyasında rəhmətə getdi. Onun dəfn mərasiminə bir milyondan çox insan qatıldı, di gəl, iş işdən keçmişdi. Azərbaycan artıq Azərbaycan xalqının deyildi.

*

Bundan sonrakı seçkilər, əlbəttə, formal olacaqdı. Azərbaycan xalqı necə səs versə də, Heydər Əliyev 80%, 90% kimi göstəricilərlə qalib gəldi. 11 il dövləti təkbaşına yönəltdi. Oğlunu öncə deputat, sonra baş nazir təyin etdi. Öləndə də, ölkəni oğluna ötürdü. Oğlu 14 ildir dövləti təkbaşına idarə edir. Həyat yoldaşı Mehribanı öncə deputat, dünəndən bəri də birinci vitse-prezident təyin etdi. Çox güman, Mehriban da ölkəni ya qızına ötürər, ya da nəvəsinə.

Buna da bax: İsa Qəmbər: 'Əliyevin xanımını vitse-prezident təyin etməsi rüsvayçılıqdır'

*

Düz referendum ərəfəsində Allahın lütfüdür, ibrətdir ( müəllif aprelin 16-da Türkiyənin parlament idarəçiliyindən prezident idarəçiliyinə keçirilməsiylə bağlı xalq səsverməsini nəzərdə tutur – red.).

*

“Atatürkün əsgəri”nə sahib çıxmayan millətin acı aqibəti “Mustafa Kamalın əsgərləri”nə qulaq verməyənlərə ibrət olmalıdır.

*

Fərd olaraq qalın, qardaşım…

Atasının malı olmayın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG