Türkiyə-Rusiya yaxınlaşması Yaxın Şərqdən ötrü nə deməkdir?
«Stratfor» Araşdırmalar Mərkəzi Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın rusiyalı həmkarı Vladimir Putin-lə görüşündən, bu yaxınlaşmanın Suriya münaqişəsinə mümkün təsirindən yazır.
Tərəflər Dəməşqin də iştirakıyla münaqişənin həllində «üçtərəfli mexanizm»i götür-qoy ediblər. Avqustun 12-də İranın xarici işlər naziri Javad Zarif Ankarada türkiyəli həmkarı Erdoğan-la görüşəcək və dolaşan şayiələrə görə, tezliklə Rusiya-İran-Türkiyə dialoqunda Suriya münaqişəsi birbaşa müzakirəyə çıxarıla bilər.
DƏMƏŞQİN QƏLƏBƏSİ?
«Suriya müharibəsində Türkiyəylə anlaşma imkanı Dəməşq və müttəfiqlərindən ötrü qızıl fürsətdir. Türkiyə Assad hökumətiylə savaşan üsyançılara yardım edir. Üsyançılar artıq ölkənin cənubunda mövqe itirməkdədir və şimala, Hələb şəhərinə fokuslanırlar. Türkiyənin yardımı olmasa, xeyli zəifləyərlər. Bir yandan da İranla Rusiyanın dəstək verdiyi hökumət qüvvələri onları əldən salır. Suriya hökumətiylə anlaşma əldə olunarsa, Türkiyə nəinki üsyançılara köməyi dayandırar, mövqeyindən dolayı Qətərdən və Səudiyyə Ərəbistanından Suriya üsyançılarına göndərilən yardımın da yolunu kəsər. Faktiki olaraq, Dəməşq Türkiyə hökumətini Suriya siyasətini dəyişməyə inandıra bilsə, bu, qələbənin təmin olunması deməkdir. Amma Türkiyənin belə bir sövdələşməyə getməsi heç real görünmür», -«Stratfor» yazır.
Amma təhlildə vurğulanır ki, Türkiyə Suriya üsyançılarına dəstəyi dayandırsa belə, vahid məqsədlər naminə İran və Rusiyayla işləyə bilər. Məsələn, İŞİD və kürd üsyançılarının yolunun kəsilməsi hədəflərdən biridir.
Buna da bax - Gizli diplomatiya Türk-Rus böhranını belə bitirdi
PUTIN-DƏN ÖYRƏN
«Hazırda beynəlxalq qüvvələrin Türkiyə hökumətinə qarşı mövqe tutduğunu nəzərə alsaq, Türkiyənin Suriyada Rusiya və İranla bəzi ziddiyyətləri kənara qoyub ortaq maraqlarla bağlı əməkdaşlıq etməsi ağlabatan görünür. Məsələn, Rusiya kimi, Türkiyənin də İranla ciddi iqtisadi bağlantıları var: avqustun 10-da Türkiyənin ticarət naziri elan edib ki, yanvarda İrana sanksiyalar qaldırılandan ikitərəfli ticarət 30 faiz artıb».
«Türkiyə üsyançılardan, yaxud Suriyada sünni təsirinin gücləndirilməsi strategiyasından tamamilə əl çəkən deyil. Amma İran və Rusiyanı sakitləşməkdən ötrü strategiyanı dəyişə bilər. Erdoğan, çox güman, Putin-dən öyrənəcək: Rusiya özünü Birləşmiş Ştatlarla danışıqlarda praqmatik oyunçu kimi aparır, eyni vaxtda Suriyada ABŞ-ın dəstəklədiyi üsyançıları da hədəfə alır. Beləcə, türklər də üsyançılara dəstəyi kəsmədən rusiyalı və iranlılarla sövdələşməyə gedə bilərlər. Bu sövdələşmələr sayəsində Türkiyə Suriyanın döyüş meydanlarına daha böyük çıxış əldə edərsə, ölkənin şimalında hava qüvvəsi yerləşdirə, İŞİD və Kürd Xalqı Mühafizə Birliklərini (YPG) daha asanlıqla vura da bilər».
GÜZƏŞTLƏR VƏ MARAQLAR
«Stratfor» qeyd edir ki, Türkiyə İranla Rusiyaya güzəştlər də edə bilər. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Suriya münaqişəsinin həllinin Rusiyanın dəstəyi olmadan mümkünsüzlüyünü vurğulayıb. Bundan başqa, Türkiyə bildirib ki, Rusiya Suriyada yalnız radikal üsyançıları vurarsa, bu zərbələrə müxalif mövqeyinə yenidən baxa bilər. Ankaranın bu günlərdə Bab əl-Hava keçid məntəqəsini, müvəqqəti olsa belə, bağlaması artıq Rusiyaya güzəşt sayıla bilər. Əlbəttə, istənilən razılaşmada «İslam Dövləti» (İŞİD) qruplaşması ümumi hədəf olacaq.
«Amma istənilən danışıqlarda tərəflər öz maraqlarını önə çəkəcəklər. Rusiyayla barışıq yolunu tutan Türkiyə İŞİD və kürd yaraqlılarını vurmaqdan ötrü Suriyanın şimalındakı əngəlləri təmizləmək istəyir. Rusiyaya İŞİD-i birgə vurmağı təklif etməklə, Türkiyə öz əməliyyatlarına qarşı Moskvanın hər hansı addım atması riskini azaltmağa çalışır. Rusiya və İran da ABŞ müttəfiqi və NATO üzvü olan Türkiyəylə birləşməkdən faydalana bilər. Bu halda ABŞ-ın Suriyada təcrid olunmuş oyunçu kimi görünər».
RİSKLƏR
Bu arada İranın vasitəçiliyi ilə Türkiyə və Suriya hökumətlərinin görüşə biləcəyi barədə şayiələr dolaşır. «Stratfor» bu məlumatları çox vacib sayır və qeyd edir ki, Türkiyə Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləməyə meylli olmasa da, Assad-la birbaşa danışa, yaxud onun da daxil olduğu keçid hökumətini dəstəkləyə bilər. Türkiyə və Rusiyanın razılığa gələcəyi yeganə məsələ YPG-yə müxalif mövqedə durmalarıdır.
Amma təhlildə o da qeyd olunur ki, Türkiyə Rusiya və İran diplomatiyasında ehtiyatlı olmalıdır. Bu ölkələrdən hər hansıyla yaxınlaşması üsyançılarla əlaqələrini korlaya bilər. Bəzi qruplar artıq Ankaradan uzaqlaşırlar. Ən vacibi, ABŞ və digər NATO tərəfdaşlarıyla gərginlik yaranar.
Bir şey də var ki, Türkiyənin bu region dövlətləriylə dostlaşması Birləşmiş Ştatlara tamamilə meydan oxumaq anlamına gəlmir. Axı ABŞ özü də Rusiyayla əməkdaşlığı genişləndirməyi nəzərdən keçirir. Suriya münaqişəsi o qədər mürəkkəbdir ki, aidiyyəti olan ölkələr taktiki kompromislər axtarmalıdırlar, strateji maraqlarının tamamilə əks durmasına baxmayaraq.