Dekabrın 9-da Türkiyə parlamentində büdcənin müzakirəsi zamanı millət vəkilləri arasında dava-dalaş olub.
Reuters yazır ki, qarşıdurma zamanı iqtidar və müxalifət millət vəkilləri bir-birlərinə qışqırır və təhqir yağdırırdılar.
Xəbərdə deyilir ki, dekabrın 8-də gecə saatlarından davam edən debatlar zamanı daxili işlər naziri Süleyman Soylu ilə müxalifət deputatı arasında mübahisə onlarla millət vəkilinin iştirakilə yumruq davasına çevrilib.
Respublika Xalq Paritiyasının (CHP) deputatı Erkan Aydın Soyludan nə üçün çirkli pulların yuyulmasında ittiham olunan biznesmeninin təyyarəsindən istifadə etdiyini soruşub.
Aydın bu barədə danışarkən Soylunun həmin təyyarədə çəkilmiş şəkli kimi təqdim etdiyi fotonu göstərib.
Daxili işlər naziri buna cavab olaraq deputatı “yalançı” adlandırıb.
Bunun ardınca CHP və hakim AKP deputatları arasında əlbəyaxa dava başlanıb.
Reuters yazır ki, parlamentdəki gərginlik sadə türklərin son zamanlarda bahalıqla bağlı narahatlıq və etirazlarını əks etdirirdi.
Xəbərdə deyilir ki, xüsusilə də ərzaq və dərmanların qiyməti kəskin artıb.
Ötən ay lirə öz dəyərini 30 faiz itirib və inflyasiya 21 faizə çatıb.
Erdoğanın tənqidi, yoxsa təhqir
Reuters yazır ki, ekspertlərin fikrincə uçot dərəcəsinin bir neçə dəfə dalbadal ixtisar edilməsi bazarın çökməsinə səbəb olub.
Lakin bütün tənqidlərə baxmayaraq prezidnet Recep Tayyip Erdoğan israr edir ki, bu maliyyə siyasəti ixracın və iqtisadiyyatın artımı üçündür.
Türkiyə Böyük Millət Məclisində gərginlik bazar ertəsindən artmaqda idi.
Həmin gün iqtidar partiyasından olan deputatlar CHP lideri Kemal Kılıçdaroğlunun çıxışını yarımçıq kəsmiş və onu təhqir etmişdilər.
Buna səbəb onların Kılıçdaroğlunun əl işarəsini ədəbsiz jest kimi başa düşmələri idi.
Müxalifət lideri çıxışında demişdi ki, Erdoğan özünün iqtisadi siyasəti ilə ABŞ və Avropanın inflayasiyasını “türklərə yükləyib”.
Bu tənqidə görə AKP millət vəkilləri parlament qaydalarına uyğun olaraq Kılıçdaroğunun cəzalandırılmasını tələb etmişdilər.
Erdoğan da opponentinin jestinin kobud olduğunu bildirmişdi.
Türkiyə parlamentində bundan əvvəl də büdcə müzakirələri zamanı dava-dalaşlar olub.