NATO-ya üzv ölkələrin xarici işlər nazirləri iyunun 16-da keçirilən iclasda alyansın Rusiyanın hərbi ambisiyalarının cilovlanmasına dair planı barədə razılığa gələ bilməyiblər.
Diplomatik mənbələrdən biri Reuters agentliyinə deyib ki, planın qəbul edilməsini Türkiyə bloklayıb.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, nazirlər Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Soyuq müharibədən sonra ilk dəfə olaraq vahid planı nəzərdən keçiriblər.
Onun sözlərinə görə Brüsseldə keçirilən ikigünlük görüşdə bu plana dair qarşılıqlı razılaşma istiqamətində “irəliləyiş” olub.
Lakin diplomatlardan bir bildirib ki, Türkiyə sənəddə, xüsusilə də Kiprə aid yer adlarının “düzgün yazılmamasına” görə ümumi qərarın qəbul edilməsini bloklayıb.
Həmin diplomat bildirib ki, bu fikir ayrılığının iyulun ortalarında Vilnüsdə keçiriləcək NATO sammitinədək aradan qaldırılacağına ümid var.
“Fundamental nailiyyət”
Türkiyənin NATO-dakı səfiri deyib ki, alyansa aid məxfi sənədin şərh edilməsi düzgün olmazdı.
O əlavə edib ki, “müttəfiqlər arasında adi məsləhətləşmələr və fikir mübadiləsi davam edir”.
Minlərlə səhifəlik bu məxfi sənədlərdə və ya regional planlarda Rusiyanın hücumu təqdirində müttəfiqlərin hərəkətlərinin təfərrüatlı təsviri verilib.
Reuters NATO-nun yeni şəraitdə hərəkət planı layihəsinin hazırlanmasını “fundamental nailiyyət” adlandırıb.
Bundan əvvəl onilliklər ərzində, alyansın Əfqanıstan və İraqdakı daha kiçik əməliyyatlar keçirdiyi vaxtlarda NATO-nun ümumi hərəkət planı olmayıb.
Reuters bildirir ki, həmin vaxtlarda Rusiya hələ Qərb üçün həyati təhlükə təşkil etmirdi.