Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

Hikmət Hacızadə: 'Mən 'Hayır' deyirəm'


İstanbulda AKP-nin referendum plakatı.
İstanbulda AKP-nin referendum plakatı.

Türkiyədə keçiriləcək referenduma sayılı günlər qalıb, səsvermənin lehinə və əleyhinə olanlar, «evet»çilər də, «hayır»çılar da son şansları dəyərləndirməyə çalışırlar. Referendumda çoxluq dəyişikliklərə «evet» deyəcəyi halda, ölkədə nələr dəyişəcək? Bu, Avropanın bircə addımlığında duran Türkiyəni geriyə atacaq, yoxsa «idarəetmə islahatları» köklü problemlərin həllinə yardımçı olacaq? Azərbaycanda da bu referenduma fərqli baxışlar var.

«İDARƏETMƏ DƏYİŞİKLİYİ ATATÜRK-ÜN İDARƏÇİLİYİNƏ XƏLƏL GƏTİRƏ BİLMƏZ»

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, deputat Asim Mollazadə narahatlığa əsas görmür. O deyir ki, bu dəyişikliklər idarəetmə sistemi ilə bağlıdır. Türkiyənin beynəlxalq terrorla elan edilməmiş müharibə apardığını nəzərə alanda, bu ölkənin icra sisteminin təkmilləşməsinə də, deputatın fikrincə, ehtiyac var.

Asim Mollazadə: «Türkiyənin Avropasız da inkişaf perspektivləri var»
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00
Direct-ə keçid

O ki qaldı Türkiyənin bu referendumdan sonra Avropa Birliyinə inteqrasiyadan birdəfəlik vaz keçmə ehtimalına, deputat bu məsələdə Qərbi günahkar bilir: «Səhv etmirəmsə, 1963-cü ildən Türkiyənin Avropa Birliyinə daxil olmaq müraciətinə baxılır və heç bir nəticə yoxdur. Türkiyə elə dövlət deyil ki, onunla bu cür rəftar etsinlər. Bu rəftar Avropada olduğu kimi, Ankarada da avroskeptizmi artırıb. Bu ölkənin Avropasız da inkişaf perspektivləri var».

Asim Mollazadə
Asim Mollazadə

A.Mollazadə Azərbaycanda Türkiyəyə böyük sevgi olduğunu, ancaq bunun hər iki xalqın türk və ya müsəlman olmasıyla yox, ortaq dəyərlərlə bağlı olduğunu deyir: «İslam dünyasında ilk dünyəvi dövlət – Xalq Cümhuriyyəti Azərbaycanda yaranıb, ikincisini isə Mustafa Kamal Atatürk qurub. Bu dəyərlər hər iki ölkəni sıx birləşdirir. Əminəm ki, hər hansı idarəetmə dəyişikliyi Atatürk-ün idarəçiliyinə xələl gətirə bilməz».

Buna görə də, deputat idarəetmə dəyişikliyinin ölkənin siyasi quruluşuna da mənfi təsir göstərəcəyilə bağlı narahatlıqları birmənalı şəkildə rədd edir. O, Atatürk-ün qurduğu Türkiyə Cümhuriyyətinin bütün əngəllərin öhdəsindən gəlməyə qadir olduğunu düşünür.

Hikmət Hacızadə: «Türkiyədə mədəniyyətdə və idarəçilikdə avtoritarizm var»
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00
Direct-ə keçid

HİKMƏT HACIZADƏ: «...BU, ERDOĞAN-IN SƏSLƏRİDİR»

Deputatdan fərqli olaraq, politoloq Hikmət Hacızadə Türkiyədə baş verənləri böyük narahatlıqla izləyir. Referenduma çıxarılan dəyişikliklərə xalq razılıq verəcəyi halda, bunun ölkəni geriyə atacağını güman edir, səbəbini də belə izah edir: «Türkiyə avtoritarizmdən tam qurtarmamış ölkədir. Onların siyasi mədəniyyəti bir az inkişaf etsə də, təxminən bizimki kimidir, «ağsaqqal», «lider» və s. məsələlər var. İndiki halda parlament respublikası həmin tendensiyanı bir az yumşaldır, müzakirələrə, məsələyə yenidən baxmağa imkan verir».

Hikmət Hacızadə
Hikmət Hacızadə

H.Hacızadənin qənaətincə, indiki siyasi sistem sayəsində, hərbi çevrilişləri çıxsaq, Türkiyədə elə böyük münaqişə, qarşıdurma olmayıb. Ancaq prezident idarəetməsi olan Cənubi Avropa və ya Latın Amerikası ölkələrinin daim qalmaqallarla, böhranlarla, çevrilişlərlə üzləşdiklərini bildirir: «Dediyim kimi, Türkiyədə mədəniyyətdə və idarəçilikdə avtoritarizm var, bu şəraitdə hakimi-mütləq prezident seçsən, vəziyyət çox pis olacaq. Özü də bu prezident anti-liberal kurs tutub, bütün dünyanı Türkiyəyə düşmən bilir, ölkəni yenidən Osmanlı modelinə qaytarmaq istəyir. Bu prezident belə ideyalarla böyük imtiyazlar alacağı halda, çox pis olacaq. Odur ki, mən «Hayır» deyirəm».

Bəs türk toplumu daha çox «evet», yoxsa «hayır» deməyə köklənib? H.Hacızadə deyir ki, bu suala daha dəqiq rəy sorğuları cavab verə bilər. Amma politoloq öz fikrini də AzadlıqRadiosu ilə bölüşür. O bu ölkədə mütərəqqi kəsimin olduğunu, ancaq «geridə qalan kəsim»in üstünlük təşkil etdiyini, problemin də burdan qaynaqlandığını bildirir: «Atatürk-ün yetişdirdiyi böyük bir nəsil var, amma onların sayı azalır, Atatürk-ün işığını mənimsəməyən, kənddə-kəsəkdə, zirzəmilərdə qalanların sayı isə durmadan artır və bunlar da Erdoğan-ın səsləridir».

Aprelin 16-da Türkiyədə referendum keçiriləcək. Bu zaman, əsasən, prezidentə böyük səlahiyyətlər verilməsi ilə bağlı Ana Yasaya dəyişikliklər səsverməyə çıxarılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG