Türkiyə son bir ildə hərbi məqsədlərlə istifadə olunan ikili təyinatlı malların ixracını üç dəfə artırıb.
Vaşinqton belə malların Rusiya hərbi sənayesi üçün kritik əhəmiyyətə malik olduğunu bildirir.
Financial Times qəzeti yazır ki, Türkiyə 2023-cü ilin ilk 9 ayı ərzində ümumi dəyəri 158 milyon dollar olan bu tip mallar ixrac edib.
Söhbət ixrac nəzarəti kateqoriyasına düşən 45 adda avadanlıqdan, o cümlədən mikroçiplərdən, kommunikasiya cihazlarından, atıcı silahlar üçün optik nişangahlardan gedir.
Siyahıda Azərbaycan da var
Türkiyənin gömrük statistikası göstərir ki, Ankara belə malların Azərbaycana, Gürcüstana, Qazaxıstana, Qırğızıstana və Özbəkistana ixracını kəskin artırıb.
Qəzet yazır ki, bununla belə malların idxalının artması adı çəkilən ölkələrin gömrük statistikasında əksini tapmayıb.
Bu isə o deməkdir ki, belə malların son təyinat yeri Rusiya ola bilərdi.
FT yazır ki, məsələn Türkiyədən Qazaxıstana ikili təyinatlı malların ixracı 66 milyon dollar artıb. Lakin Astananın statistikasına görə bu artım 6 milyon dollar olub.
Sanksiyalara nəzarət işləyirmi?
FT və Bloomberq xəbər verirlər ki, bu həftə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Ankaraya ikinci səfərini edəcək. O Amerika sanksiyalarının icra olunmasına nəzarət edir.
Avropa İttifaqı öz növbəsində ikili təyinatlı malların təchizatçılarını ixracın istiqamətinə daha ciddi nəzarət etməyə çağırır.
Jurnalistlərin məlumatına görə belə nəzarət tədbirlərinin tətbiq olunması Rusiyaya qarşı sanksiyaların 12-ci paketində yer alıb.
Bloomberg yazır ki, Avropa İttifaqına üzv olan bəzi böyük ölkələrin nümayəndələri belə tədbirlərin tətbiqinin qanuniliyini və məqsədəuyğuluğunu şübhə altına alırlar.