Türkiyədə daşqınlar davam edir.
İyulun 22-də ölkənin şimal-şərqində-Qara Dəniz hövzəsində yerləşən Artvin vilayətini su basıb, sel əkin və digər kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.
Reütersin Türkiyə Daxili işlər nazirliyinə istinadla verdiyi məlumata görə, azı 1 nəfər itkin düşüb, onlarla sakin evakuasiya olunub.
Bir neçə gündür ki, bu bölgədə yerləşən Arhavi əyalətində də güclü daşqın baş verib.
İyulun 22-də sel qarşısına çıxan evləri yuyaraq aparıb.
Xilasedicilər rezin qayıqlarla insanları şəhərin su basmış məhəllələrindən evakuasiya ediblər.Arhavi şəhəri düz Qara dənizin sahilində yerləşir.
Reüters yazır ki, hər ilin bu mövsümündə Türkiyədə, xüsusilə də ölkınin Qara dəniz boyunca yerləşən vilayətlərində daşqınlar olur.
Ötən həftə Rize vilayətində baş verən daşqınlarda azı 6 nəfərin öldüyü, iki nəfərinsə itkin düşdüyü bildirilir.
Daşqın nəticəsində onlarla kəndlə əlaqə kəsilib.
Türkiyə prezidenti Racep Tayyip Erdogan hələ iyulun 17-də , Qara dəniz regionunda daşqın və sürüşmələr baş verən ərazilərin rəsmən təbii fəlakət zonası elan ediləcəyini bəyan edib.
Türkiyənin daxili işlər naziri Süleyman Söylü təbii fəlakət zonasına baş çəkib.