Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

İkiqütblü Türkiyənin rəvayəti


R.T.Ərdoğan və V.Putin
R.T.Ərdoğan və V.Putin

Karneqi Avropa İnstitutunun tədqiqatçısı Mark Pyerini hesab edir ki, Türkiyə Qərb normalarından uzaqlaşsa da, Avropa Birliyi türkiyəli demokratlar üçün ümid yeri olaraq qalmalıdır.

10 il bundan öncə iqtisadi uğur və demokratik inkişaf modeli sərgiləyən Türkiyə hazırda Qərbə düşmənçilik münasibəti göstərir, Rusiya və İran kimi tarixən yaxın olmadığı ölkələrlə möhkəm olmayan ittifaqlara girir. Bununla yanaşı, Türkiyənin Avropa və Qərbə üz tutması hələ də Ankaranın rəsmi ritorikasının bir hissəsidir. M.Pyerini hesab edir ki, bu ikiqütblülük Türkiyənin daimi xüsusiyyətinə çevrilə bilər.

«Buna görə də avropalılar Türkiyə liberal demokratlarına dəstək verərək, eyni zamanda, Ankaranın şıltaqlığı və gözlənilməz addımlarını yola verməyi öyrənməlidirlər», – deyə ekspert yazır.

***Buna da bax-Ərdoğan: 'ABŞ Türkiyəni şantaj etməyə çalışır'

Konspirasiya nəzəriyyələri dalğası

2004-cü ilin dekabrında Türkiyənin AB-yə rəsmi namizəd seçilməsi onun iqtisadi uğurları və ölkədə demokratiyanı AB standartlarına çatdırmaq istəyini bildirməsiylə bağlı idi. Ancaq 2013-cü ildə hər şey dəyişməyə başladı. Baş verənlər əvvəlcə bir əsr ərzində Türkiyə siyasətində xüsusi yeri olmuş konspirasiya nəzəriyyələrinin növbəti dalğası kimi göründü. Türkiyənin hər bir probleminin arxasında xarici düşmənlərin dayandığı deyilirdi: 2013-cü ilin iyununda hökumətə qarşı etiraz nümayişlərinə görə «bank lobbisi», bir hava yolları şirkəti və liberal vətəndaş cəmiyyətinin məsuliyyət daşıdığı deyilirdi. 2013-cü ilin dekabrında və 2016-cı ilin iyulunda törədilmiş çevriliş cəhdinə görə isə bir zamanlar hakim AKP-nin əsas müttəfiqi olan sektanın üzvləri ittiham edilirdi. 2017-ci ilin martında konstitusiya dəyişikliyi kampaniyası zamanı media, beynəlxalq QHT-lər və Avropadakı «nasizm qalıqları» hədəfə alınmışdı. Hazırda isə məşhur türkiyəli işadamının İranla sövdələşmələrdə ittiham olunması «ABŞ ədliyyə sistemi və xarici casuslarla birləşmiş daxildəki xainlərin işidir».

Rza Zərrab
Rza Zərrab

Mayda Türkiyə İnterpola müraciət edərək, 681 alman şirkətinin «terrorçu təşkilat»la əlaqələrini yoxlamağı xahiş edib. Nyu-York məhkəməsinin apardığı hazırkı «Zərrab işi»ndə isə bəlli oldu ki, Türkiyə nəinki o zaman ABŞ və BMT sanksiyalarının tətbiq edildiyi İrana maliyyə dəstəyi verib, hətta Ankara bunun qanuni olduğunu da iddia edir. Bu zaman məhkəməni beynəlxalq konspirasiyada ittiham etmək təkcə absurd olmayacaq. Bu, həm də böyük iqtisadi problem yarada bilər: ABŞ Xəzinəsi Türkiyə banklarını cəzalandıra bilər. (Məsələn, 2014-cü ildə Fransanın «BNP Paribas» bankını 8.9 milyard dollar məbləğində cərimələdiyi kimi). Bu isə böyük inflyasiya riskləri və onsuz da dini ideologiya və sağlam iqtisadiyyat arasında tərəddüd edən qeyri-sabit məzənnə siyasəti şəraitində heç arzuolunan deyil.

***Buna da bax-Ərdoğan da İranın sanksiyalardan yayınmasına kömək edib?

İkiqütblü ritorika

Müəllifin fikrincə, bütün bunlara Rusiyadan S400 raket komplekslərini almaq barədə sövdələşmə kimi digər addımları da əlavə edəndə, bugünkü Türkiyə artıq Qərbin strateji müttəfiqi olmaqdan uzaqlaşmış kimi görünür.

Türkiyənin xarici siyasətində NATO və AB-nin, o cümlədən AB-yə üzvlük məsələsinin mərkəzi yer tutması hələ də yüksəksəviyyəli görüşlərdə bəyan edilir. Eyni zamanda, ölkənin xarici siyasət yanaşmasının Qərbə istiqamətlənmədiyini, Türkiyənin bəzi addımlarının bilərəkdən təxribat xarakteri daşıdığını görürük. Məsələn, dövlətin insanları girov götürərək, açıq şəkildə onları dəyişməyi təklif etməsi, yaxud da Yunanıstana rəsmi səfərdən vətəndə xal toplamaq üçün istifadə edilməsi.

Rusiyanın Türkiyə ilə münasibətləri isə məsələyə daha çox anti-AB və anti-NATO tonları əlavə edir. Ukraynadan yan keçməklə çəkilən «Türk axını» qaz kəməri Moskvanın AB-nin qaz təchizatı kəmərlərini nəzarətdə saxlamaq strategiyasının mühüm hissəsidir. Rusiyadan alınmış raket sistemlərinin tezliklə Türkiyə ərazisində yerləşdirilməsi haqda dönə-dönə verilən bəyanatlar da Moskvanın NATO-ya qarşı addımlarından biri hesab edilə bilər.

«Bir sözlə, ABŞ və AB hazırda Ankaranın ikiqütblü ritorikası ilə üz-üzədir. Ortamüddətli perspektivdə bu qütblərdən hansının üstün gələcəyini müəyyənləşdirmək çətindir. Ancaq Türkiyəni Qərbin yanında saxlamaq üçün çoxlu səbəblər var. Hər şey bunun necə ediləcəyindən asılıdır», – müəllif yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG