Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 09:20

Türk demokratiyasının gizli silahı


Ankarada mitinq - 18 iyul 2016
Ankarada mitinq - 18 iyul 2016

Adeel Malik (Project Syndicate)

Baş tutmayan dövlət çevrilişi cəhdi hərbi çevrilişlərin Türkiyənin hələ də zəif yeri olduğunu göstərir. Ancaq baş verənlər yeni yaranmış və son dərəcə potensiallı bir dəyəri də ortaya qoyur: Orta sinif ekstremist təhlükələrə qarşı səfərbər olmaq istəyir və buna qadirdir. İndi bir sual diqqət çəkir ki, prezident Recep Tayyip Erdoğan bu dəyəri inkişaf etdirəcək, ya yox? Axı Yaxın Şərqdə geniş mənada sabitliyi qoruyacaq orta təbəqəni formalaşdırmaq problemi var.

ORTA SİNFİN FORMALAŞMASINA YOL AÇAN CİDDİ DƏYİŞİKLİKLƏR

Gecənin gecə vaxtında çevriliş etmək istəyənləri dayandırmaq üçün vətəndaşların sel kimi İstanbul küçələrinə axışması kollektiv fəaliyyətin güclü bir təzahürü idi. Bu həm də öz ölkəsini gəlişdirmək istəyən hər bir siyasi lideri maraqlandıracaq bir mənzərə sayıla bilərdi. Çevriliş cəhdinin təhlili, istər-istəməz, diqqəti Türkiyədəki elitadaxili rəqabətə və Erdoğan-ın çoxsaylı səhvlərinə yönəldir. Ancaq az adam inanar ki, Erdoğan-ın Ədalət və İnkişaf Partiyasının (AKP-nin) seçki platformasında məhz bu orta sinfin formalaşmasına yol açan ciddi dəyişikliklər əsas götürülüb.

Türkiyə iqtisadiyyatında son 20 ildə atılan çox önəmli addımlar buranı Avropanın xəstə iqtisadiyyatı olmaqdan çıxarıb və ən canlı iqtisadiyyatlardan birinə, ticarət sahəsində Yaxın Şərqin cazibə mərkəzinə çevirib.İnfrastruktura yatırılan sərmayə, ortaölçülü şirkətlərə dəstək, regional ticarətin genişləndirilməsi və turizm sektorunun inkişafı bu dəyişikliyin reallaşmasında böyük rol oynayıb.

Bütün bu səylərin nəticəsində 10 ildən də az müddətdə Türkiyədə adambaşına gəlir 3 dəfə artıb. Dünya Bankının hesablamalarına görə, ölkədə yoxsulluq səviyyəsi 50 faizdən də çox azalıb. Nəticədə, Türkiyənin kənd əhalisi arasında işçi qüvvəsinin, kiçik sahibkarların və azmaaşlı işçilərin mobilliyi xeyli artıb və çox sayda insan yoxsulluğun daşını ataraq, cəmiyyətin çağdaş və aparıcı kəsiminə qoşulub.

Buna da bax - Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

ORTA SİNİF DEMOKRATİYANIN YAŞAMASI NAMİNƏ SAVAŞA HAZIRDIR

Türkiyənin yeni orta sinfindən ötrü demokratiyanın yaşaması daha vacib ola bilməzdi. Onların demokratiya uğrunda savaş verəcəyi də görünür. Son günlər Türkiyədə baş verənlər olaylarda təkcə Erdoğan-ın düşmənlərlə mübarizəsi önə çıxmır. Siyasi sistemin Türkiyədə iqtisadi və siyasi uğurların itirilməsinə səbəb olacaq duruma qayıtmaması uğrunda orta təbəqənin mübarizəsini də izləyirik.

Bütün bunlar onu göstərir ki, indi Erdoğan və tərəfdarları təkcə çevriliş cəhdinə qatılan hərbçiləri cəzalandırmaqla məşğul olmamalıdır. Onlar diqqətlərini hökumətin müdafiəsinə qalxmış orta təbəqənin maraqlarının gücləndirilməsinə cəmləşdirməlidirlər.

GERÇƏK SINAQ

Bu baxımdan Türkiyənin yaxın aylarda üzləşəcəyi gerçək sınaq hərbçilər, yaxud xarici qüvvələrlə bağlı olmayacaq. Guya hökumətin səlahiyyətlərini müdafiə etmək naminə bütün hakimiyyəti prezidentin əlində cəmləşdirmək cəhdləri ölkədə hakimiyyət bölgüsünü məhdudlaşdıra bilər. Bu, siyasi müxalifətin, o cümlədən hakim partiyanın öz daxilindəki müxalifətin məhdudlaşdırılmasına gətirib çıxarar. Belə durumsa artıq yuxarıda sözügedən orta sinfin uğrunda mübarizə apardığı sistemin özünün pozulması mənasına gəlir.

Aydın məsələdir ki, çevrilişə cəhd etdiyi iddia olunan hərbçilərin və mülki məmurların təmizlənməsi Erdoğan-a sadiq partiya üzvlərinin işinə yarayır. Ancaq iqtisadi rifahın dəstəklənməsi naminə yeni siyasi konsensusa gedilməli, siyasi çatlar aradan qaldırılmalıdır.

Buna da bax - Çevriliş cəhdinin azərbaycanlı işadamlarına təsiri

ÜMİD EDƏ BİLƏRİK Kİ…

Türkiyə Yaxın Şərqdəki bütün qonşularıyla münasibətlərini korlayıb. Rusiya ilə əlaqələrin pisləşməsi onun mövqeyini daha da zəiflədib. Prosesin gedişində Türkiyənin müsəlman demokratiyası statuslu modeli tədricən zəifləyib, daxildə siyasi qütbləşmə dərinləşib. Ölkənin sabitliyinə təhlükə isə gündən-günə artmaqdadır.

Bütün bunları ölkə iqtisadiyyatına pis təsir edir. Bu iqtisadiyyatsa Türkiyədəki orta sinfin və deməli, AKP-nin seçki uğurlarının təməlidir. O üzdən, ümid edə bilərik ki, orta sinfin rolunu qabardan bu baş tutmamış çevriliş Erdoğan hökumətini Türkiyəni düşdüyü siyasi dalandan çıxarmağa və iqtisadi inkişafı təmin etməyə həvəsləndirəcək. Ölkənin orta sinfi onun maraqlarına xidmət göstərməyən, iqtisadiyyatı gəlişdirməyən partiyanı dəstəkləməyəcək.

AKP KİMİ İMPERİYANIN DA YÜKSƏLİŞİ…

Erdoğan bütün səlahiyyətləri prezidentin əlində cəmləşdirməyə çalışmaqla, Osmanlı İmperiyasının yanlışlarını təkrarlayır. Eynən AKP kimi imperiyanın da yüksəlişi Anadoludakı kəndlilərin rifahından qaynaqlanıb. Ancaq sonradan güc İstanbulda toplandıqca, Osmanlı sultanları bunu unutdular və beləcə, öz zəifləmələrinə yol açdılar. Hakimiyyətin daha çox mərkəzləşməsi, son nəticədə, ölkə daxilindəki əyanlardan və Avropanın imperialist güclərindən asılılığa gətirib çıxardı.

Erdoğan AKP-si oxşar taleyi yaşamaq istəmirsə nəzərə almalıdır ki, Türkiyənin nicatı rifaha və inklüzivliyə - hamını qucaqlamağa əsaslanan demokratiyadadır. Bu, Yaxın Şərq regionuna həqiqətən gərəkli modeli bərpa etmiş olardı.

XS
SM
MD
LG