Belarusun Alyaksandr Lukaşenkanın avtoritar rejiminə qarşı demokratik hərəkatına dəstək qazanmaq üçün hazırda Vaşinqtonda olan müxalifət lideri Svyatlana Tsixanovskaya Birləşmiş Ştatları ölkəsinin müstəqilliyinə qarant olmağa çağırıb.
Tsixanovskaya iyulun 20-də Ağ Evdə ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüb.
Bundan əvvəl onun dövlət katibi Entoni Blinken və onun siyasi məsələr üzrə müavini Viktoriya Nulandla danışıqları olub.
Tsixanovskaya bu görüşlərdən sonra Twitter-də yazıb:
"Mən ABŞ-dan müstəqilliyimizə bir təhlükə yaranarsa onun qarantı olmağı xahiş etdim. Bizim müstəqilliyimiz belaruslar üçün ən yüksək dəyərdir”.
Putinə güvənən
Belarus 2020-ci ilin avqust prezident seçkisindən bəri siyasi böhran yaşayır. Avtoritar Lukaşenka prezident seçkisində 6-cı dəfə qalib elan olunub.
Əsas müttəfiqi olan Rusiya prezidenti Vladimir Putinə güvənən Lukaşenka onun hakimiyyətinə qarşı keçirilən etirazlara amansızcasına divan tutub.
Minlərlə siyasi fəal və jurnalist həbs edilib, müxalifət liderlərinin demək olar hamısı mühacirətə getməyə məcbur edilib.
Müxalifət bildirir ki, 9 avqust seçkisinin nəticələri Lukaşenkanın xeyrinə saxtalaşdırılıb. Müxalifətin firkincə seçkinin əsl qalibi olan Tsixanovskaya Litvada mühacir həyatı yaşayır.
O bu məsələdə tutduğu prinsipial mövqeyə görə ABŞ-a təşəkkürünü bildirib.
Tsixanovskaya ABŞ-a siyahı verib
Tsixanovskaya yazır ki, o ABŞ-dan Belarusun vətənaş cəmiyyətinə və yeni seçkinin keçirilməsinə dəstək verməsini rica edib.
Qərb Belarus prezident seçkisinin nəticələrini etibarlı saymadığını bəyan edib.
Avropa İttifaqı, Birləşmiş Ştatlar, Kanada və Britaniya Lukaşenkanı legitim prezident kimi tanımadıqlarını bəyan ediblıər.
Lukaşenka və ailə üzvlərinə qarşı sərt sanksiyalar elan edilib.
Bununla belə, Tsixanovskaya Belrausun potaş, neft, oduncaq və poladəritmə sənayeləri üzərinə daha sərt sanksiyaların qoyulmasına çağırıb.
O deyib ki, ABŞ rəsmilərinə Belarusda sanksiyaların hədəfi olmalı sahələrin siyahısını verib.
Tsixanovskaya müxbirlərə deyib ki, məhz bu sanksiyaların qoyulması avtoritar Lukaşenkanı sözün əsl mənasında vura bilər.
Belarus müxalifətinin lideri Atlantic Council mərkəzində keçirdiyi vebinariyada Qərbi Lukaşenkaya qarşı daha sərt mövqe tutmağa çağırıb.