ABŞ prezidenti Donald Trump deyib ki, o “böyük və nəzarətsiz Silahlanma Yarışının mənalı şəkildə dayandırılması” üçün “gələcəkdə, müəyyən bir vaxtda” Çin prezidenti Xi Jinping və Rusiya prezidentiVladimir Putinlə danışıqlara başlayacağına “əmindir”.
Trump bu barədə dekabrın 3-də Buenos Ayresdə keçirilmiş G20 sammitində Çin prezidenti ilə danışıqlardan və Putinlə qısa müzakirədən sonra yazıb.
Trump, belə görünür silahlara və ya hərbiyə xərcləri nəzərdə tutaraq əlavə edib ki, Birləşmiş Ştatlar bu il 716 milyard dollar xərcləyib. Prezident bunun ardınca yazır: “Ağılsızlıqdır!”
Trump oktyabr ayında Birləşmiş Ştatların 1987-ci il Ortamənzilli Raketlərə dair Müqavilədən (INF) çıxmaq niyyətini bəyan etdikdən sonra Moksva və Vaşinqton arasında gərginlik daha da artıb.
Trump demişdi ki, ABŞ bu müqavilədən Rusiyanın onun şərtlərini pozduğuna görə çıxmaq istəyir. O əlavə etmişdi ki, bu müqavilə ABŞ-ın əl-qolunu bağladığı halda, Çin kimi bu müqavilədə imzası olmayan başqa nüvə ölkələrinə raketlərin nəzarətsiz olaraq yaradılmasına və yerləşdirilməsinə sərbəstlik verir.