Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Senat Trump-ın vəzifəsindən kənarlaşdırılması əleyhinə səs verdi


Donald Trump
Donald Trump

Respublikaçıların çoxluğa malik olduqları ABŞ Senatı prezident Donald Trump-ın impiçment mühakiməsində ona qarşı hər iki ittihama xitam verib.

Senatorlar fevralın 5-də prezidentin üzərindən birinci ittihamın – səlahiyyətlərindən sui-istifadə ittihamının götürülməsinə partiya mənsubiyyətləri prinsipi ilə 52-48 nisbətində səs veriblər.

Konqresin ədaləti araşdırmasına maneçilik törədilməsinə dair ikinci ittihama xitam verilməsinin leyhinə 53, əleyhinə isə 47 senator səs verib.

Respublikaçılardan Trump-ın əleyhinə səs verən yalnız senator Mitt Romney olub.

Beləliklə, prezident Donald Trump-ın impiçment mühakiməsi başa çatıb.

Vaşinqtonda keçirilmiş bu səsvermədən əvvəl Trump özünün son dərəcə partiyayönlü “Ölkənin vəziyyəti” nitqini etmişdi.

Bu çıxış ABŞ Konqresindəki siyasi parçalanmanın son dərəcə dərin olduğunu nümayiş etdirib.

Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatası ötən dekabrda Trump-ı impiçment etmişdi.

ABŞ tarixində üçüncü

Trump ABŞ tarixində impiçment olunmuş cəmi üç prezidentdən biri kimi korrupsiyada ittiham edilirdi.

Bundan sonra Nümayəndələr Palatası iki impiçment ittihamını mühakimə üçün Senata təqdim etmişdi.

Senat mühakiməsi zamanı təhqiqatın xarakteri, yeni şahidlərin dəvət edilməsinə ehtiyac olub-olmadığına dair arası kəsilməyən çəkişmələr baş vermişdi.

Bu çəkişmələrdən nəhayət Senat respublikaçıları qalib çıxmışdılar.

Senatda Trump-ın vəzifəsindən uzaqlaşdırılması üçün ittihamlara 100 senatordan ən azı 67-sinin (üçdə ikisinin) səs verməsi lazım idi.

Lakin Senatda respublikaçıların 53 mandatı var və onlar partiyadaşları olan prezidenti müdafiə edəcəklərini əvvəlcədən bəyan etmişdilər.

İmpiçmentlər tarixi

1974-cü ildə prezident Richard Nixon-un respublikaçı partiyadaşları onu impiçment araşdırması zamanı dəstəkləməmişdilər.

Nixon buna görə də hələ Senat mühakiməsi keçirilmədən özü istefa vermişdi.

Demokrat prezident Bill Clinton Nümayəndələr Palatası tərəfindən 1999-cu ildə impiçment olunsa da, o vaxt Senatda demokratlar çoxluğa malik idilər. Bu səbəbdən Clinton-a qarşı onun öz cinsi münasibətlərinin araşdırılmasına maneçilik törətməsinə dair ittiham dəstəklənməmişdi.

Demokratlar Trump-ı özünün siyasi rəqibi Joe Biden-ə qarşı Ukraynada cinayət işi başlatmaq məqsədilə bu ölkənin prezidentinə təzyiq göstərməkdə, bu səbəbdən Konqresin Ukrayana ayırdığı maliyyə yardımını ləngitməkdə ittiham edirdilər.

Trump özünə qarşı bütün ittihamları rədd edirdi və impiçment araşdırmasını “dövlət çevrilişi cəhdi” adlandırırdı.

XS
SM
MD
LG