Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 11:34

Trump-ın oğlunun informasiyanın Rusiyadan gəldiyini bildiyi iddia edilir


ABŞ prezidentinin böyük oğlu Donald Trump

New York Times qəzetinin iyulun 10-da yazdığına görə, ABŞ prezidentinin böyük oğlu Donald Trump Rusiya vəkili ilə görüşməzdən əvvəl, ona Demokratik Partiyanın namizədi Hillary Clinton üçün ziyanlı ola biləcək informasiyanın mənbəyinin Rusiya hökuməti olduğu barədə məlumat verilibmiş.

Üç anonim mənbəyə istinadən qəzet yazıb ki, 2016-cı ilin iyununda baş vermiş görüşü təşkil edən musiqi agenti Rob Goldstone Trump-ın oğluna e-mail göndərib. Bu elektron məktubda bildirilirdi ki, potensial baxımdan ziyanlı informasiyanın mənbəyi Kremldir. O bunu da yazırdı ki, sözü gedən informasiya “Rusiya hökumətinin onun atasının namizədliyinə kömək etmək cəhdinin bir hissəsidir”.

İddia olunduğuna görə, Goldstone-un yazdığı e-maildə deyilirdi ki, vəkil Natalia Veselnitskaya guya Demokratik Milli Komitəyə qanunsuz kampaniya köməkləri göstərildiyinə dair informasiyaya malik olduğunu iddia edib. Bu da qeyd olunurdu ki, vəkilin fikrincə, bu informasiya oğul Trump üçün faydalı ola bilərdi. Times-ın mənbələrinin verdiyi məlumata görə emaildə Moskvanın Trump-a köməyinin təfərrüatları yoxdur.

İyulun 11-də Veselnitskaya ABŞ-ın NBC kanalının Moskva bürosuna deyib ki, “o heç vaxt Hillary Clinton barədə zərərli və “həsas” informasiyaya malik olmayıb və Rusiya prezidenti Vladimir Putinin hökuməti ilə heç bir bağları yoxdur”.

Veselnitskaya deyib ki, Barack Obama tərəfindən imzalanmış Magnitsky aktı ilə bağlı danışmaq istəyirmiş. Bu qanun Rusiyada insan haqlarını pozanları hədəfləyir.

Bundan əvvəl Times-la danışan Goldstone, Clinton-a dair ziyanlı informasiyanın mənbəyi barədə məlumatlı olmadığını deyib. Ortaya çıxmış yeni e-mail barədə Goldstone-un fikrini öyrənmək mümkün olmayıb.

Trump-ın böyük oğlu, kürəkəni və ovaxtkı kampaniya başçısı Paul Manafort-un qatıldığı görüş, Donald Trump respublikaçıların namizədi olmaq üçün kifayət sayda seçici nümayəndəsini təmin etdikdən üç həftə sonra və partiyanın nominasiya qurultayından bir ay əvvəl yer alıb.

Bu görüşdən bir həftədən də az əvvəl müddətdə media Rusiya hakerlərinin Demokratik Milli Komitənin serverlərinə hücum etməsindən və minlərlə elektron məktubu oğurlamasından yazırdı.

Veselnitskaya NBC-yə deyib ki, Kushner görüş başlanandan 7-10 dəqiqə sonra otaqdan çıxıb və daha qayıtmayıb, Manafort isə deyəsən söhbətə çox da fikir vermirdi.

Belə gözlənilir ki, Goldstone-un e-mail-i, əgər belə bir e-mail mövcuddursa, Ədliyyə Nazirliyi və seçkiyə Rusiya müdaxiləsini araşdıran Konqres komitələri tərəfindən istənəcək.

Oğul Trump Veselnitskaya ilə Clinton-a dair ziyanlı informasiyanı əldə etmək üçün görüşdüyünü etiraf edib. Bu belə bir halın ilk əlaməti ola bilər ki, ona hələ görüşdən əvvəl bu informasiyanın Donald Trump-ın namzidəliyinə köməklik məqsədi ilə Kremldən gəldiyi barədə məlumat verilibmiş.

Oğul Trump Veselnitskaya ilə görüş zamanı Clinton kampaniyasına dair spesifik informasiya almadığını deyib.

Oğul Trump-ın vəkili Alan Futerfas deyib ki, onun müştərisi heç bir qanunsuzluğa yol verməyib və təhqiqatla əməkdaşlığa hazırdır.

Konqresin Kəşfiyyat Komitəsinin vəzifəli demokrat üzvü Mark Warner deyib ki, sözü gedən görüş Trump kampaniyasının vəzifəli üzvlərinin rusiyalılarla əlaqədə olduğunu göstərən ilk aydın dəlildir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG