Donald Trump bildirib ki, Rusiya Birləşmiş Ştatlara Venesueladakı “adamlarının çox hissəsini” oradan çıxardığını deyib. Trump bu barədə Britaniyaya səfərinin əsnasında Twitter-də yazıb:
"Rusiya bizə məlumat verib ki, adamlarının əksər hissəsini Venesueladan çıxarıb”.
O bu barədə təfərrütalara varmayıb.
Rusiya rəsmiləri Trump-ın bu tiviti ilə bağlı hələki heç bir açıqlama verməyiblər.
Ötən mart ayında Trump Rusiyanı Venesueladan çıxmağa çağırmışdı. Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Rusiya Venesuelaya 100-dək hərbçi göndərib.
ABŞ ötən yanvar ayında Venesuela müxalifətinin lideri Juan Guaido-nu bu ölkənin keçid prezidenti kimi tanımışdı.
ABŞ-dan başqa daha 50 ölkə Guaido-nu müvəqqəti dövlət başçısı kimi tanıyıb. Amma Rusiya və Çin öz hakimiyyətini qoruyub saxlamaq istəyən prezident Nicolas Maduronu dəstəkləyir.
Bundan əvvəl, iyunun 3-də Rusiyanın Rostec konqlomeratı Venesueladakı Rusiya qoşunlarının 1000 nəfərlik əsgəri qüvvəsinin bir neçə yüz əsgərə endirilməsinə dair xəbərləri təkzib etmişdi.
Rusiyanın Rostec şirkəti Venesueladakı Rusiya qüvvələrinin sayı barədə The Wall Street Journal qəzetinin verdiyi məlimatın “şişirdildiyini” bildirib.
Rostec konqlomeratı Rusiyanın hərbi avadanlığına baxan Venesuela mütəxəssislərinin təlimləndirilməsi ilə məşğuldur.
Rostec bildirir ki, onun əməkdaşları vaxtaşırı olaraq Venesuelaya bundan əvvəl göndərilmiş hərbi avadanlığın yoxlanması üçün səfərlər edirlər.
Bu da xəbər verilir ki, bu mütəxəssislər bu yaxınlarda bir neçə təyyarənin təmirini başa çatdırınlar.
Hakimiyyətə 2013-cü ildə gəlmiş Maduro 2018-ci il prezident seçksində təkrar dövlət başçısı seçilib. Müxalifət Maduronu seçki nəticələrini saxtalaşdırmaqda ittiham edir.