Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:16

'Trump dəyişə bilməz və dəyişməyəcək' - Şərhçilər


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump və təmsil etdiyi Respublikaçılar Partiyası arasında parçalanma daha da dərinləşib.

Bunu "Ameriukanın səsi" yazır.

Trump iki respublikaçı senatoru açıq tənqid edib, başqa bir respublikaçı senatorsa prezidentin ruhi sabitliyinə və səriştəsinə şübhə etdiyini deyib.

Bu dəfə Trump-ın tənqid hədəfi Cənubi Karolinadan seçilmiş senator Lindsey Graham və Arizonadan seçilmiş senator Jeff Flake olub.

QARŞILIQLI İTTİHAMLAR

Keçmişdə prezidentliyə namizədliyini irəli sürmüş Graham Trump-ı irqçilərin Virciniya ştatının Şarlottsvill şəhərində keçirilən aksiyalarına dair şərhləri ilə cəmiyyətdə gərginliyi artırmaqda ittiham edib.

«Özünə reklam axtaran Lindsey Graham yanlış olaraq bəyan edib ki, guya mən demişəm ki, KKK (Ku-kluks-klan), neonasistlər və ağdərili millətçilər arasında əxlaqi bərabərlik mövcuddur», – deyə Trump Twitter-də yazıb.

O, senatorun bu bəyanatını «iyrənc yalan» adlandırıb.

Senatın Hüquq komitəsinin üzvü olan Flake özünün yeni çıxmış kitabında Trump-ın «kin siyasətinə» uymuş respublikaçıların öz prinsiplərini satdıqlarını yazıb.

Trump Twitter-də faktik olaraq Flake-in 2018-ci il praymerizindəki (ilkin seçkilər) rəqibini dəstəkləyib. O deyib ki, hazırkı senatorun «sərhəd və cinayətkarlıq məsələlərində mövqeyi zəifdir» və onun Senatda heç bir faydası yoxdur.

Bəziləri hesab edirlər ki, Trump-ın tvitləri və son bəyanatları onunla Respublikaçılar Partiyası arasındakı münasibətləri açıq-aşkar sərgiləyir. Xatırladaq ki, Respublikaçılar Partiyasının əsası hələ 1854-cü ildə qoyulub.

Senator Bob Corker
Senator Bob Corker

«SƏRİŞTƏ GÖSTƏRƏ BİLMƏYİB»

Ən çox diqqətçəkən məsələ isə Trump-ın Konqresin liderlərindən get-gedə daha çox uzaqlaşmasıdır. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.

Ötən gün öz doğma Tennessi ştatının Çattanuqa şəhərinin işgüzar klubunda çıxış edən respublikaçı senator Bob Corker «böyük fəlakətdən» yan keçmək naminə Ağ evdə «radikal dəyişikliklərə» çağırıb.

«Hələlik prezident nə uğur qazanmaq üçün ona lazım olan şeylərdən nə əqli tarazlıq, nə də səriştə nümayiş etdirə bilib», – Corker deyib.

Respublikaçı konqresmenlərdən heç kim televiziyada Trump-ın irqçi aksiyalara reaksiyasını müdafiə etməyib.

«Prezidentlə Respublikaçılar Partiyası arasında bölünmə Amerika tarixində mənə tanış hər hansı bir hala bənzəmir», – deyə Pepperdayn Universitetinin professoru Ted McAllister bildirib.

Ağalarov-Trump dostluğunun tarixçəsi
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

«TRUMP DƏYİŞMƏYƏCƏK»

Tarixçinin sözlərinə görə, ABŞ-ın ilk prezidentlərindən biri John Adams və oğlu, prezident John Quincy Adams öz partiyalarının ciddi sınaqları ilə üzləşiblər. Partiyalar onların hər hansı bir məsələdə böyük nəticələr əldə etməsinə mane olub. Prezident Andrew Johnson isə Rekonstruksiya dövründə Konqreslə oxşar halı yaşayıb, ancaq «aradakı oxşarlıq o qədər də güclü deyil».

Tez-tez ABŞ-da mühafizəkarlığa dair mühazirələrlə çıxış edən McAllister hesab edir ki, Trump-ı hakimiyyətə gətirənlər əslində autsayderin (kənar adamın) hakimiyyətə gəlməsini istəyən, amma üçüncü partiyalardan hər hansı namizəd tapa bilməyənlərdir.

«Respublikaçılar Partiyası, əvvəlki kimi, 1980-ci illərin köhnə ideologiyasına inanan, şəxsi maraqları isə bu yeni qloballaşma erasında yaranmış institusional matrisa, siyasət və siyasi quruluşla bağlı olan adamlar tərəfindən idarə olunur. Respublikaçılar Partiyası hazırda bu məsələdə geri çəkilməyə qadir deyil. Bu xüsusiyyətlərinə görə də o, üsyançını rədd etməyə bilməz», – deyə tarixçi bildirib.

Bəzi siyasi şərhçilər əmindirlər ki, Trump dəyişə bilməz və dəyişməyəcək. Onlar hesab edirlər ki, bu, həm onun özü, həm də partiya üçün ciddi nəticələrə yol aça bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG