Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:56

Körfəz ölkələri ABŞ-ın Qolan qərarını rədd edir


Donald Trump (sağda) İsrail baş naziri Benjamin Netanyahu ilə Ağ Evdə görüşüb
Donald Trump (sağda) İsrail baş naziri Benjamin Netanyahu ilə Ağ Evdə görüşüb

Rusiya, İran və ABŞ-ın müttəfiqləri – Körfəz ölkələri də daxil ərəb dövlətləri prezident Donald Trump-ın işğal olunmuş Qolan təpələrini İsrail torpağı kimi tanımaq qərarını qətiyyətlə pisləyiblər və bildiriblər ki, bu qərar beynəlxalq qanunları pozur və regional stabilliyə zərbə vurur.

Lakin buna baxmayaraq ABŞ dövlət katibi Mike Pompeo martın 26-da jurnalistlərə deyib ki, Trump-ın qərarından qaynaqlanan beynəlxalq tənqid onu “kədərləndirsə də təəccübləndirməyib”.

Dövlət katibi əlavə edib ki, “biz sadəcə olaraq mövcud faktı tanımışıq”.

***

“Belə qərarlar şübhəsiz, Yaxın Şərqdə münaqişələrin həlli, Suriyada siyasi həllə bağlı ümumi mühitə mənfi təsir göstərəcək”, – Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov martın 26-da deyib. O, Putinin bu məsələni elə bu gün səfərdə olan livanlı həmkarı Michael Aoun ilə müzakirə edəcəyini sözlərinə əlavə edib.

Rusiya parlamentinin aşağı palatasının spikeri Vyacheslav Volodin ilə görüşü zamanı Aoun deyib ki, “xarici dövlətin liderinin başqa birisinin əraziləri ilə bağlı bu cür qərar vermək hüququ yoxdur”. Xəbəri Interfax agentliyi yayıb.

İranın IRNA dövlət agentliyi Prezident Hassan Rohani-yə istinadla yazır ki, “heç kəsin ağlına gəlməzdi ki, Amerikada bir nəfər çıxıb bir ölkənin torpağını işğalçı bir ölkəyə verər”.

“İndiki əsrdə belə bir hərəkət görünməyib”, – Rohani vurğulayıb.

Qolan təpələrində İsrail tankları
Qolan təpələrində İsrail tankları

Suriyanın bir neçə şəhərində isə minlərlə adam küçələrə çıxaraq Trump-ın qərarına etiraz ediblər. Xəbəri SANA dövlət xəbər agentliyi yayıb.

Səkkiz ildir üsyançılarla savaşan Prezident Bashar al-Assad hökuməti ABŞ-ın addımını Suriyanın “suverenliyi və ərazi bütövlüyünə kobud hücum” adlandırıb.

***

Dörd körfəz ölkəsi bu gün – martın 26-da Birləşmiş Ştatların İsrailin Qolan təpəliyi üzərində suverenliyini tanımasını rədd edib. Ər-Riyad xəbərdarlıq edib ki, bu addım sülh prosesinə ziyan vura, regionda sabitliyə təsir göstərə bilər.

Vaşinqtonun regiondakı müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Küveyt ABŞ Prezidenti Donald Trump-ın qərarını pisləyib, Qolan təpələrinin işğal altında olan ərəb torpağı olduğunu deyib.

“Bunun Yaxın Şərqdə sülh prosesinə, regionda təhlükəsizliyə və sabitliyə ciddi mənfi təsirləri olacaq”, – Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyi bildirib.

Səudiyyə Trump-ın hərəkətini BMT-nin Xartiyasının və beynəlxalq hüququn aşkar pozuntusu adlandırıb.

Küveyt və Bəhreyn qərardan təəssüfləndiklərini bildiriblər. Qətər isə İsraili Qolan təpəliyinin işğalına son qoymağa, beynəlxalq qətnamələrə əməl etməyə çağırıb.

***

Trump Qolan təpələrini rəsmən İsrail torpağı kimi tanıdı

ABŞ prezidenti Donald Trump Qolan təpələri üzərində İsrailin suverenleyini tanıyan bəyanat verib. Beləliklə o, 1967-cı ilin altıgünlük müharibəsi zamanı Suriyadan işğal edilmiş bu yaylanı İsrail ərazisi kimi tanıyıb.

Bu barədə bəyannaməni martın 25-də Ağ Evdə imzalayan Trump deyib ki, Birləşmiş Ştatlar Qolan təpələri üzərində İsrailin suverenliyini “onilliklər bundan əvvəl” tanımalıydı.

Trump bu sənədi imzalayarkən İsrailin baş naziri Benjamin Netanyahu Ağ Evdə, onun yanında dayanmışdı.

Netanyahu bu sənədi İsrailin “hərbi qələbələrini” “diplomatik qələbəyə” çevirən “tarixi gün” adlandırıb:

“Biz uca məqam tuturuq və bunu heç vaxt əldən verməyəcəyik”.

Netanyahu habelə vurğulayıb ki, Trump-ın bu müraciətnaməsi Birləşmiş Ştatlar və İsrail arasındakı müttəfiqliyi “hər zaman olduğundan daha güclü” edib.

Suriya Xarici İşlər Nazirliyi Trump-ın bu addımını Suriyanın “suverenlik və ərazi bütövlüyünə kobud hücum” adlandırıb.

Suriya 1973-cü ildə Qolan təpələrini İsraildən geri almağa cəhd göstərsə də, onun bu qəfil hücumu İsrail qüvvələri tərəfindən dəf edilib.

1981-ci ildə İsrail bu ərazini faktiki olaraq ilhaq edən qanunlar qəbul edib. İsrailin bu hərəkəti beynəlxalq icma tərəfindən heç vaxt tanınmayıb.

Turistlər İsrailin Suriyadan işğal etdiyi Bental dağında
Turistlər İsrailin Suriyadan işğal etdiyi Bental dağında

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, Trump-ın hərəkəti qanunsuzdur və Yaxın Şərqdə gərginliyin bərpa olunmasına gətirib çıxara bilər.

Hələlik Suriyanın ən yaxın müttəfiqi olan Moskvanın Trump-ın addımına reaksiyası yalnız Zakharovanın Moskva radiolarından birinə verdiyi bu şərh olub.

Trump Qolan təpələri və ya Qolan yüksəkliyi üzərində İsrailin suverenliyinin ABŞ tərəfindən tanınacağı niyyətini ilk dəfə martın 22-də bəyan etmişdi.

1800 kvadratkilometrlik bu ərazinin İsrail torpağı kimi tanınması onilliklərdir davam edən ABŞ xarici siyasət ənənəsinin pozulması deməkdir.

Trump bu müraciətnaməni İsraildə ümumi seçkiyə bir aydan da az vaxt qalarkən elan edib və bəzi politoloqların fikrincə, bu addım seçkidə keçmiş hərbçi Benny Gantz-ın ciddi rəqabəti ilə üzləşəcək Netanyahuya dəstək də sayıla bilər.

Netanyahu Vaşinqtona martın 24-də üçgünlük səfərə gəlmişdi və burada Amerika-İsrail İctimai İşlər Komitəsinin illik konfransında iştirak etməli idi.

Lakin o martın 25-də Kfra Saba şəhəri yazınlığındakı yəhudi fermer məskənində yerləşən bir evə Qəzza zolağından raket atılması barədə xəbərdən sonra səfərini yarımçıq kəsib. Hücum nəticəsində Mişmeret icmasındakı evin dağıldığı və bir neçə israillinin yaralandığı xəbər verilir.

İsrail hərbiyyəsi bildirir ki, raket hücumu Həməsin nəzarətində olan Qəzza zolağından edilib. İsrail tez bir şəkildə qoşunlarını səfərbər edib və ehtiyat qüvvələri xidmətə çağırıb. Bu isə o deməkdir ki, bu ərazidə böyük hərbi əməliyyat yer ala bilər.

Netanyahu bəyan edib ki, o dərhal İsrailə qayıdır və bu hücuma mütləq cavab veriləcək.

ABŞ vise-prezidenti Mike Pence deyib ki, bu hücum Həməsin “sülh partnyoru olmadığını” göstərir:

"Həməs terrorçu təşkilatdır və İsrailin dağılmasına çalışır. Birləşmiş Ştatlar terrorçu Həməslə heç vaxt danışıq aparmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG