Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Trump fövqəladə vəziyyəti ləğv edən qətnaməyə veto qoyur


Martın 15-də Donald Trump öz prezidentliyinin ilk vetosunu elan edib. Veto prezidentin elan etdiyi fövqəladə vəziyyətin ləğvi barədə Konqresin qətnaməsinə qoyulub. Trump-ın fövqəladə vəziyyət elan etməkdən məqsədi ABŞ-Meksika sərhədində tikmək istədiyi divarın inşası üçün maliyyə əldə etməkdir.

Trump Ağ Evdə bəyan edib ki, “Konqres bu qətnaməni qəbul etməkdə azaddır, mənim də vəzifəm veto qoymaqdır”.

Bundan bir gün əvvəl Senat Trump-ın elan etdiyi fövqəladə vəziyyəti ləğv edən qətnaməni qəbul etməklə prezidentə güclü mesaj göndərmişdi. Bu qətnamənin leyhinə demokratlarla birlikdə 12 respublikaçı senator da səs verib.

İndi prezident vetosunu ləğv etmək üçün Konqresin üçdə iki çoxluqla səs verməsi lazımdır. Lakin belə bir çoxluğun əldə olunacağı ağlabatan görünmür.

Bununla belə, Nümayəndələr Palatasındakı demokratlar vetonu ləğv etmək cəhdini sınayacaqlarını bildiriblər.

Fövqəladə vəziyyət Trump-a sərhəd divarı üçün istədiyi maliyyəni Konqresdən yan keçməklə müdafiə büdcəsindən çıxarmaq imkanı verir.

Konqres Trump-ın əvvəlcə istədiyi 5 milyard dolların yalnız 1. 3 milyardına icazə verib. İndi isə Trump sərhəd divarının tikintisinə 8 milyard dollardan çox vəsaitin lazım olacağını bildirir.

XS
SM
MD
LG