ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatların cənub sərhədindən keçən qanunsuz miqrantların axını dayananadək bütün idxal olunan Meksika mallarına 5 faizlik rüsum qoyulacaq.
Trump mayın 30-də bu gözlənilməz bəyanatında bildirib ki, “qanunsuz miqrant problemi qalmaqda davam etdikcə” rüsum tədricən 25 faizə çatdırılacaq.
Trump əlavə edib ki, yeni rüsum iyunun 10-da qüvvəyə minəcək və “böhran davam edərsə”,iyulun 1-də 10 faizə qaldırılacaq.
Meksika Trump-ın bu bəyanatını “fəlakətli” adlandırıb.
Meksika xarici işlər nazirinin müavini Jesus Seade deyib ki, rüsumun qoyulması “son dərəcə ciddi məsələdir”.
ABŞ prezidenti Meksika hökumətini Mərkəzi Amerika miqrantlarının ABŞ sərhədini keçməsinin qarşısını almaq üçün kifayət qədər iş görməməkdə ittiham edir.
Miqrantların əksəriyyəti Salvador, Honduras və Qvatemaladandır.
Trump bu qərarını ABŞ, Meksika və Kanada arasında Şimali Amerika Azad Ticarət Müqaviləsinin yekunlaşmasına az qaldığı bir vaxtda verib. Bu rüsumların yeni üçtərəfli müqaviləni necə təsirləndirəcəyi bəlli deyil.
ABŞ və Meksika arasında mal və xidmətlərin ticari dövriyyəsi 2018-ci ildə 671 milyard dollar təşkil edib.
Trump eyni zamanda Çinlə ticarət müharibəsindədir və bu ölkədən idxal edilən milyardlarla dollarlıq malın üzərinə yeni rüsumlar elan edib. Trump Pekini Amerika ilə ədalətsiz ticarətdə ittiham edir.