Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Hakimlər Trump-ın vəkillərinə sərt suallar verirlər


Prezident Trump onun qadağan əmrini məhkəməyə verənləri tənqid edib
Prezident Trump onun qadağan əmrini məhkəməyə verənləri tənqid edib

ABŞ appelyasiya məhkəməsinin hakimləri fevralın 7-də keçirilmiş dinləmə zamanı prezident Donald Trump-ın immiqrasiya sərəncamına dair kəskin suallar veriblər. Bu məhkəmə sözü gedən sərəncam üzərindəki blokun saxlanıb-saxlanmaması məsələsi barədə qərar qəbul etməlidir.

ABŞ Ədliyyə Nazirliyinin vəkilləri San Fransisko appelyasiya məhkəməsindən Trump-ın 27 yanvar tarixli sərəncamının bərpa edilməsini istəyirdilər. Onlar bildirirdilər ki, ölkəyə kimin daxil olması məsələsi barəsində qərar vermək səlahiyyəti yalnız Birləşmiş Ştatların prezidentinə məxsusdur.

"Konqres əcnəbilərin hansı kateqoriyalarının ölkəyə daxil olması barədə qərar qəbulu üçün birmənalı şəkildə prezidenti müvəkkil edib, - deyib vəkil August Flentje, - Prezident də məhz bunu edib”.

AzadlıqRadiosu müxbiri yazır ki, ABŞ-ın onlarca ştatı və yüzlərcə şirkəti əhalisi əsasən müsəlman olan 7 ölkədən – İran, İraq, Suriya, Somali, Yəmən, Liviya və Sudandan olan bütün qaçqın və müsafirlərin ölkəyə girişini qadağan edən sərəncamın dayandırılması üçün həlledici məhkəmə qərarları əldə ediblər. Bu ştatlar və şirkətlər iddia edirlər ki, sərəncam “konstitusiyaya ziddir” və onların sakin və işçilərinə “əvəzi ödənilə bilməyən ziyan vurub”.

İkisi demokratlar, biri respublikaçılar tərəfindən təyin edilmiş hakimlər Trump administrasiyasının vəkillərinə dəfələrlə çətin suallar veriblər.

Hakimlərdən William Canby-nin bu yeddi qadağan edilmiş ölkədən viza alanların hansı qanun pozuntularını törətdikləri barədə sualına, Flentje belə qanun pozuntularının qeydə alınmadığı cavabını verib.

Barack Obama-nın təyin etdiyi dairə hakimi Michelle T. Friedland soruşub ki, hökumət bu yeddi ölkədən olan miqrantların hər hansısını terrorla əlaqələndirirmi.

Flentje bunun cavabında deyib ki, Birləşmiş Ştatlardakı bir neçə somalili əş-Şəbab terror təşkilatı ilə bağlı olub. Vəkil həmçinin bildirib ki, 2015-ci ildə Konqres və Obama administrasiyası bu yeddi ölkənin ən böyük terror riski daşıdıqlarını bildiriblər, çünki onlarda ya əhəmiyyətli sayda terrorçu yuva salıb, ya da bu ölkələr terrorçular üçün sığınacağa çevrilib.

Buna baxmayaraq sorğu-sual o qədər qızğın olub ki, hətta bir məqamda vəkil Flentje “mən məhkəməni inandıra bildiyimdən əmin deyiləm” deyib.

Hakimlər habelə Trump administrasiyasının vəkillərindən soruşublar ki, onların fikrincə nə üçün ştatlar öz sakinlərinin və universitetlərinin adından məhkəmə qaydasında şikayət edə bilməzlər.

Prezident George W. Bush tərəfindən təyin edilmiş hakim Richard Clifton sual edib ki, bu sərəncam nə dərəcədə ayrı-seçkiçi hesab edilə bilər, beləki o dünyanın müsəlman əhalisinin yalnız 15 faizinə aiddir.

Bunun cavabında Vaşiqnton ştatının baş vəkili Noah Purcell Trump-ın seçki kampaniyası bəyanatlarını xatırladıb. Həmin kampaniya zamanı cənab Trump deyirdi ki, müsəlman miqrantlara qadağan qoyacaq, halbuki indi onun administrasiyası bu sərəncamın müsəlmanları hədəfləmədiyini iddia edir.

Belə cavab hakim Clifton-u qane etməyib.

Fevralın 7-də hələ məhkəmə dinləməsindən əvvəl Donald Trump opponentlərinin məhkəməyə müraciətlərini tənqid edirdi.

"Mən doğrudan da inana bilmirəm ki, biz ölkəmizin təhlükəsizliyini qorumaq üçün məhkəmə sistemində çəkişməli oluruq – demişdi Trump, - İslam Dövləti deyir ki, biz Birləşmiş Ştatlara miqrasiya vasitəsilə soxulacağıq, amma bizi bu adamlara qarşı sərt olmağa qoymurlar. Bunu mənə izah edin”.

Hüquqi çəkişmə bütövlükdə prezidentin ölkəyə kimin daxil olmaması barədə qərar vermək səlahiyyətinin olub-olmaması məsələsini araşdırsa da, dar çərçivədə Trump-ın sərəncamına blok qoymuş Sietl məhkəməsinin qərarını qüvvədə saxlamaq və ya saxlamamaq barədə hökm verməlidir.

Məhkəmə bu barədə hökmünü bu həftənin sonlarına yaxın verməlidir, lakin bütün hallarda bu iş Ali Məhkəməyə gedib çıxa bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG