Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 16:34

ABŞ və Britaniya “Rusiyanın casus şəbəkəsini” sökməkdə razılığa gəliblər


ABŞ prezidenti Donald Trump və Britaniyanın baş naziri Theresa May telefon söhbətində Birləşmiş Ştatlarda və Birləşmiş Krallıqda “casus şəbəkələrinin sökülməsi və Rusiyanın qanunsuz hərəkətlərinin qarşısının alınması ehtiyacını” müzakirə ediblər.

Ağ Evin bu barədə yaydığı bəyanatda deyilir: "İki lider Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda məxfi fəaliyyətlərin və gələcək kimyəvi hücumların qarşısının alınması üçün Rusiyanın casus şəbəkəsinin demontaj edilməsinin zəruriliyi məsələsində razılığa gəliblər”.

Bundan əvvəl ABŞ, Kanada və Avropa İttifaqı ölkələri Britaniyada keçmiş Rusiya casusu Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar onlarca Rusiya diplomatını persona non grata elan ediblər.

Britaniya martın 4-də İngiltərənin Solsberi şəhərində keçmiş casus Skripalın və qızının zəhərlənməsində Rusiyanı şübhəli bilir.

Rusiya bu kimyəvi hücumun arxasında durduğuna dair şübhələri rədd edir. Moskva tələb edir ki, Britaniya bu ittihamlarına müvafiq sübutları təqdim etsin.

Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukashevich martın 28-də deyib ki, 20-dən çox ölkənin 150 Rusiya diplomatını qovması “təqsirin sübutu olmadan kollektiv cəzalandırmanın çox təhlükəli presedentidir”.

Televiziya ilə yayınlanan şərhində Lukashevich Britaniyanın iddiasını “genişmiqyaslı təxribat” kimi rədd edib.

Eyni zamanda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya, diplomatlarının kütləvi qovlanmasına cavab reaksiyası verməkdə “tələsməyəcək”.

O deyib ki, Rusiya öz cavab reaksiyasını “diqqətlə və düşünərək” göstərəcək.

XS
SM
MD
LG