Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:42

ABŞ Khashoggi-yə görə Səudiyyəyə qarşı cəzalandırıcı tədbirlərə başlayır


Prezident Donald Trump (sağda) və dövlət katibi Mike Pompeo
Prezident Donald Trump (sağda) və dövlət katibi Mike Pompeo

Guardian yazır ki, Donald Trump ilk dəfə olaraq Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanın dissident jurnalist Jamal Khashoggi-nin öldürülməsi əməliyyatı ilə əlaqəsi ola biləcəyi barədə ehtimal irəli sürüb. Prezident deyib ki, “orada, Riyadda işlərə şahzadə rəhbərlik edir”.

Trump bu barədə fikirlərini Wall Street Journal qəzetinə müsahibəsində deyib. Guardian yazır ki, Trump-ın bu qeydləri onun Khashoggi-nin qətli ilə əlaqədar mövqeyindəki dəyişiklikdən xəbər verir.

Trump bundan əvvəl Səudiyyə monarxiyasının inkarlarını olduğu kimi qəbul edirdi, lakin oktyabrın 24-də ABŞ Dövlət Departamenti jurnalistin qətli ilə bağlı olan Səudiyyə rəsmilərinin vizalarını ləğv etdikdən sonra, belə görünür, prezidentin də mövqeyində dəyişiklik yaranıb.

Bu qətldə vəliəhdin mümkün iştirakı barədə suala cavab verərkən Trump deyib: “hazırkı halda oradakı işləri daha çox şahzadə idarə edir. İşləri o idarə edir və bu işdə kiminsə iştirakı olubsa, bu da o ola bilrədi”.

Mərkəzi Kəşfiyyat İdarəsi Ankarada

Bu arada Türkiyənin hökumətyönlü qəzetlərindən biri yazıb ki, Türkiyə xəfiyyələri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel-i Khashoggi-yə işgəncə verilməsi və onun qətlə yetirilməsinə aid audio və video sübutları ilə tanış ediblər. Belə görünür ki, bu materiallar Türkiyə kəşfiyyat rəsmilərinin əlindədir.

Haspel Ankaraya oktyabrın 23-də Türkiyəyə Khashoggi-nin qətlinin araşdırılmasında kömək etmək üçün uçub.

Bu iş barədə məlumatı olan dörd mənbə Reuters agentliyinə bildirib ki, audio və videolarla tanış olmaq istədiyini Haspelin özü deyib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel Ankaradadır
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel Ankaradadır

Lakin son üç həftədə Khashoggi-nin qətli ilə bağlı Səudiyyənin izahatı ilə ziddiyyət təşkil edən audio və videoların olması barədə mediaya əlaqələndirilmiş sızmaların olmasına baxmayaraq, Türkiyə rəsmiləri bu xəbərləri rəsmən təsdiq etməyiblər.

Haspel-in Ankaraya səfər etdiyi gün prezident Erdoğan parlament üzvləri qarşısında etdiyi çıxışda “çılpaq həqiqəti” ortaya qoyacağını vəd etmişdi. Bununla belə Erdoğan həmin çıxışda hər hansı audio və ya video teyplərin olmasından söhbət açmamışdı.

Türkiyənin iqtidaryönlü Sabah qəzetinin yazdığına görə oktyabrın 23-də Türkiyənin Milli Təhlükəsizlik Təşkilatında (MİT) keçirilən danışıqlarda audio və videolar da daxil indiyədək toplanmış məlumatlar masa üstünə çıxarılıb.

Trump şahzadə Muhammed-i sorğu-sual etdiyini deyir

Trump Wall Street Journal qəzetinə müsahibəsində deyib ki, o şahzadə Mohammed-lə Khashoggi-nin qətli haqqında söhbəti zamanı ona eyni sualları “bir neçə müxtəlif şəkildə” təkrar-təkrar verib:

“Mənim ona ilk sualım bu oldu ki, “siz bu barədə ilkin planlaşdırma mənasında nəsə bilirdinizmi?...Şahzadə Mohammed dedi ki, bilməyib”.

Trump davam edib:“Mən ona dedim ki, “bu hardan başlanıb?” Və o dedi ki, aşağı səviyyələrdə”.

Muhammed bin Salman
Muhammed bin Salman

Guardian yazır ki, səudların inkarlarına inanıb-inanmadığı barədə suala cavab verməzdən əvvəl prezident bir-neçə saniyə ara verib:

“Mən onlara inanmaq istəyirəm. Həqiqətən də inanmaq istəyirəm”.

Guardian yazır ki, son bir neçə həftə ərzində Trump jurnalistin ölümünə mümkün reaksiyaya dair qarışıq mesajlar verib.

O bir tərəfdən deyib ki, bu işin “çox ağır nəticələri” olacaq, lakin digər tərəfdən Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını istisna edib. O həm deyib ki, Səudiyyəyə qarşı iqtisadi sanksiyalar ola bilər, lakin həm də vurğulayıb ki, Səudiyyə islamçılara qarşı mübarizədə ABŞ-ın müttəfiqidir.

Prezident həftəsonu demişdi ki, səudların Khashoggi-nin yumruq davasında öldüyünə dair iddiaları ona inandırıcı görünür.

Vizalar ləğv olunur

Donald Trump-ın Wall Street Journal qəzetinə müsahibə verdiyi gün Dövlət Departamenti jurnalistin ölümü ilə bağlı olan 21 Səudiyyə rəsmisinin ABŞ vizalarlını ləğv edib.

Dövlət katibi Mike Pompeo deyib ki, sanskiyalar da daxil başqa cəzalandırıcı tədbirlərə də baxılır: “Bu tədbirlər bu məsələyə dair Birləşmiş Ştatların son sözü olmayacaq. Biz çox aydın şəkildə bəyan edirik ki, Birləşmiş Ştatlar Khashoggi-nin, bir jurnalistin bu sayaq qəddarlıqla, zorakılıqla susdurulmasına dözməyəcək. Nə prezident, nə də mən bu situasiyadan məmnun deyilik”.

Britaniyanın baş naziri Theresa May oktyabrın 24-də parlamentdəki çıxışında deyib ki, o şübhəlilərin Birləşmiş Krallığa daxil olmalarının qarşısını almaq üçün də tədbirlər görəcək:

“Əgər bu adamların hazırda vizaları varsa, ləğv olunacaq”.

Beləliklə Khashoggi-nin qətlindən sonra Trump administrasiyası ilk dəfə olaraq Səudiyyə Ərəbistanına qarşı cəzalandırıcı tədbirlərə əl atıb.

Guardian yazıb ki, Ağ Evdə jurnalistlərlə danışan Trump bu qətl planı barədə nifrətli səslənirdi. O jurnalistin ölümündən sonra əl atılan ört-basdır cəhdini “tarixin ən pis ört-basdırı” adlandırıb.

Trump deyib ki, “onlar belə bir şeyi heç ağıllarına da gətirməməliydilər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG