Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:41

Trump Almaniyadakı ABŞ qoşunlarının ixtisar olunacağını bildirdi


ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatlar Almaniyadakı əsgərlərinin sayını ixtisar edərək 25 minə endirəcək.

Onun bu qərarı NATO və ABŞ millət vəkillərinin narahatlığına səbəb olub.

İyunun 15-də Ağ Evdə danışan Trump Almaniyanı NATO üzrə maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

O deyib ki, ABŞ qoşunlarının Almaniyada saxlanması çox baha başa gəlir.

Ötən həftə ABŞ və Almaniya mediası sızmış məlumat əsasında Almaniyadakı ABŞ əsgərlərinin sayının ixtisar olunacağını yazırdılar.

Trump-ın bəyanatı bu media xəbərlərini təsdiq etmiş olub.

ABŞ-ın Avropadakı qoşunlarının ən böyük birləşməsi Almaniyada yerləşdirilib. Beləliklə, ABŞ Almaniyadakı 34 min 500 hərbçisindən 9500-nü bu ölkədən çıxarmalıdır.

Trump hərbçilərin sayında səhv edib

Bu da xəbər verilir ki, Trump öz şərhlərində Almaniyadakı qoşunların sayını səhv deyib. Onun sözlərinə görə Almaniyada 52 min ABŞ hərbçisi var. Halbuki bu rəqəm hərbçilərlə birlikdə, ümumi sayı 17 min nəfər olan bütün başqa yardımçı xidmətlərin heyətini də əks etdirir.

Almaniyadan çıxarılan ABŞ hərbçilərinin bir hissəsinin Polşaya göndəriləcəyi, qalanlarının isə vətənə qayıdacağı gözlənilir.

ABŞ-ın Almaniyadakı hərbi bazaları Avropanın təhlükəsizliyini təmin edir və ABŞ-ın Yaxın Şərq və Asiyadakı hərbi əməliyyatları buradan aparılır.

Trump prezident olandan bəri transatlantik münasibətlər gərginləşib. O dəfələrlə Almaniyanı və başqa Avropa ölkələrini NATO-dakı maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

NATO-nun nizamnaməsinə görə üzv ölkələr ÜDM-in 2 faizini hərbiyyəyə xərcləməlidirlər.

Rusiyanı gücləndirəcək addım

Respublikaçılar da daxil bəzi millət vəkilləri bildirirlər ki, ABŞ-ın Avropadakı qoşunlarının sayının azaldılması ABŞ-ın milli təhlükəsizliyinə ziyan vuracaq və əksinə Rusiyanın Avropadakı mövqelərini möhkəmləndirəcək.

İyunun 9-da yazdıqları açıq məktubda Nümayəndələr Palatası Silahlı Qüvvələr Komitəsindəki 22 respublikaçı konqresmen qoşunların çıxarılması planlarından dərin narahatlıq ifadə etmişdi:

“Avropada Rusiyanın yaratdığı təhlükələr azalmayıb. Biz inanırıq ki, ABŞ-ın NATO-ya bağlılığının zəifləməsi Rusiyanı bundan sonra da təcavüzə və fürsətçilyiə həvəsləndirəcək”.

Almaniyanın müdafiə naziri Annegret Kramp-Karrenbauer bəyan etmişdi ki, ABŞ qoşunlarının çıxarılması onun ölkəsinin müdafiəsindən daha çox Amerikanəın öz təhlükəsizliyinə zərbə vuracaq.

NATO-nun maliyyə məsələlərindən başqa Trump administrasiyası ilə Almaniya arasında İranla imzalanmış nüvə sazişinə, iqlim dəiyişkiliyinə və ticarətə görə mübahisələr olub.

Almaniya bildirib ki, NATO qarşısında maliyyə öhdəliyini tam şəkildə yalnız 2030-cu ildən yerinə yetirə biləcək.

XS
SM
MD
LG