Bugünlərdə Rusiya elan etdi ki, Türkmənistan qazını almaqdan imtina edir.
İndi Türkmənistan ildə 10-30 milyard kubmetr təbii qazı Avropa Birliyinə satmaq imkanları ilə bağlı Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa Komissiyası ilə müzakirələr aparır.
Bu barədə məlumatı sentyabrın 19-da Türkmənistan KİV-ləri yayıb.
Belə ki, Türkmənistan öz qazını satmağa müxtəlif variantları nəzərdən keçirir. Söhbət, ilk növbədə, «Transxəzər» qaz kəmərinin çəkilməsindən gedir. Bu layihə həyata keçərsə, Türkmənistan öz təbii qazını Xəzərin dibi ilə Azərbaycan sahillərinə, oradan da Türkiyə, Bolqarıstan və Avropa qitəsinin digər ölkələrinə nəql edə biləcək.
QAZAXISTAN HƏM MARAQLIDIR, HƏM DƏ NEYTRAL
Türkmənistan hesab edir ki, hüquqi statusu hələ müəyyən edilməmiş Xəzərin dibi ilə magistral qaz kəmərinin (MQK) çəkilməsinə layihə iştirakçısı olan ölkələrin – Türkmənistan və Azərbaycanın razılığı yetər. Ancaq iş ondadır ki, Türkmənistanın bu mövqeyi bütün xəzəryanı dövlətlər tərəfindən anlayışla qarşılanmır.
Qazaxıstan da öz qazının «Transxəzər» MQK vasitəsilə Avropaya nəqlində maraqlıdır. Amma Astana bu məsələdə neytral mövqe nümayiş etdirir.
Rusiya və İrana gəlincə, onlar bildirirlər ki, dənizin dibi ilə boruların çəkilməsində beş Xəzəryanı dövlətin razılığa gəlməsi vacibdir.
Avropa Birliyi 2016-cı ilin sonunadək Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistanın birgə sammitini keçirməyi planlaşdırır.
Azərbaycan «Transxəzər» MQK üçün öz ərazisini, tranzit imkanlarını və infrastrukturunu təqdim etməyə hazır olduğunu bildirib.
SƏRMAYƏ İNANDIRICI GÖRÜNMÜR
Ancaq, hələlik, «Transanadolu» (TANAP) və «Transadriatik» boru kəmərlərinin (TAP) ötürücülük qabiliyyəti Türkmənistandan nəql olunan qaza hesablanmayıb.
Azərbaycan yalnız qazın nəqlinə dair uzunmüddətli razılaşmaların olacağı halda, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin yüksəldilməsinə vəsait qoymağa hazırdır.
İndiki qaz qiymətləri nəzərə alınarsa, TANAP-ın genişləndirilməsinə sərmayə qoyuluşu elə də inandırıcı görünmür.
Neftegaz.ru saytı yazır ki, Azərbaycanla Türkmənistan arasında Xəzər şelfindəki «Sərdar» yatağı ilə bağlı mübahisə də məsələni bir qədər qəlizləşdirir.
Sayt həmçinin, Rusiyanın Xəzərdəki güclü hərbi donanmasının olmasını «Transxəzər» magistral qaz kəmərini əngəlləyən ciddi amil kimi göstərir.