Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Tramp deyir ki, Zelenski ona minerallar sazişini 'istənilən vaxt' imzalamağı təklif edib


ABŞ prezidenti Tramp Konqresin birgə iclasında çıxış edir
ABŞ prezidenti Tramp Konqresin birgə iclasında çıxış edir

ABŞ prezidenti Donald Tramp deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski ona Rusiyanın ölkəsində apardığı müharibəni bitirmək üçün danışıqlara hazır olduğunu bildirib. Zelenski həmçinin Ukraynanın mineralları üzrə sazişi "istənilən vaxt" imzalamağı təklif edib.

Tramp martın 4-də Konqresdəki çıxışında bu haqda danışıb. Onun sözlərinə görə, Zelenskidən məktub alıb, Ukrayna lideri danışıqlar masasına gəlməyə hazır olduğunu yazıb.

"Bu gün Ukrayna prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir: "Ukrayna davamlı sülhü mümkün qədər tez yaxınlaşdırmaq üçün danışıqlar masasına gəlməyə hazırdır. Sülh ukraynalılardan çox istəyən yoxdur"", – Tramp məktubdan sitat gətirib.

ABŞ prezidenti hər həftə 2 min adamın – gənc rusiyalıların və ukraynalıların öldürüldüyünü söyləyib.

"Bunu dayandırmaq istəyirəm", – o deyib və Birləşmiş Ştatların 350 milyard dollar, Avropanın isə yalnız 100 milyard dollar xərclədiyini iddia edib.

Avropa İttifaqı isə belə hesablamaları mübahisələndirir. Blok bildirir ki, onun üzvləri – Böyük Britaniya bloka daxil deyil – indiyədək Ukraynaya 145 milyard dollara yaxın yardım ayırıblar.

Minerallar sazişi

Tramp ötən həftə Oval kabinetdə Zelenski ilə açıq mübahisəsinə toxunmayıb, ancaq bunu deyib: "Onlarla çox yaxşı yola gedirik, çox şey baş verir".

Tramp çıxışından bir neçə saat öncə Ukraynaya ABŞ hərbi yardımının dayandırıldığını elan edib.

Zelenski fevralın 28-də Ağ evdəki mübahisədən sonra səfərini yarımçıq kəsib, tərəflər vacib minerallar sazişini imzalamayıblar. Tramp martın 3-də deyib ki, sazişin artıq gündəmdən çıxdığını düşünmür.

Tramp müharibəyə son qoymağı prioriteti elan edib, ABŞ-nin üç illik siyasətinin əksinə gedərək Rusiya prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayıb. Putin 2022-ci ilin fevralında təcavüzkar müharibəni başladandan sonra Trampın sələfi Co Bayden onu təcrid etmişdi.

Kiyevin adından lobbiçilik edən "Yorktown Solutions" şirkətinin prezidenti Daniel Vaydiç deyir ki, minerallar sazişi həm Ukrayna, həm də Birləşmiş Ştatlar üçün yaxşıdır: "Bu sənəd ABŞ-yə indi Ukraynada qorunmalı olan konkret aktivlər verir".

Saziş çərçivəsində qurulacaq fond ABŞ özəl sektorunun Ukraynanın bərpasına cəlbindən ötrü vacib mexanizmdir, - indiyədək prezidentliyə bir neçə respublikaçı namizədə müşavirlik etmiş Vaydiç əlavə edir.

Tramp sazişi müharibə başlayandan ABŞ-nin milyardlarla dollarlıq yardımını kompensasiya etmək və yardımın davam etdirilməsini əsaslandırmaq üçün təbliğ edir.

Təxminən 50 gün öncə vəzifəyə başlamış Tramp ilk dəfə idi Konqres qarşısında çıxış edirdi. O, çıxışına "Amerika qayıdıb" sözləri ilə başlayıb, immiqrasiya, cinayətkarlıq siyasətindən bəhs edib. Milyarder İlon Maskın başçılıq etdiyi, hökumətin xərclərini azaltmağı hədəfləyən Hökumətin Effektivliyi Departamentinin (DOGE) işindən danışıb.

Tramp Maskın yüz milyardlarla dollarlıq saxtakarlığı aşkarladığını deyib. Ancaq administrasiya indiyədək bununla bağlı daha az məbləğ göstərirdi.

"Şok və titrəyiş" strategiyası

Tramp yanvarın 20-də and içəndən bəri "şok və titrəyiş" strategiyası yürüdüb, yerli və xarici siyasətdə kəskin dəyişikliklərin anonsunu verib, çox vaxt Konqresdən yan keçmək üçün fərmanlardan istifadə edib.

Onun mübahisəli addımlarından biri Kanada və Meksikadan məhsullara 25 faiz tarif tətbiq etmək olub. Martın 4-dən qüvvəyə minən tariflər son iki ay ərzində ABŞ fondlarında ən kəskin azalmaya səbəb olub.

"Tariflərin məqsədi Amerikanı yenidən zəngin etmək, yenidən böyük etməkdir. Bu, baş verməkdədir, sürətlə baş verəcək", – Tramp vurğulayıb.

"Oxford Economics" şirkətində ABŞ üzrə aparıcı iqtisadçı Rayan Svit deyir ki, tariflər ABŞ-də artımı yavaşadacaq, işsizliyi və inflyasiyanı yüksəldəcək.

"Yanvarda qeyri-adi soyuqlar, Los Ancelesdə yanğınlar, siyasi qeyri-müəyyənliyin artması ilə bu il iqtisadiyyat zəif başlayıb. Tariflər isə ilin pis başlamasının daha pis nəyəsə çevriləcəyi sarıdan qorxuları artıra bilər", – Svit bildirir.

XS
SM
MD
LG