Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 01:39

Tramp İranda sürətli qələbə qazana biləcəkmi?

Prezident Donald Tramp İranla müharibədə həlak olmuş Amerika hərbçisi ilə vida mərasimində.
Prezident Donald Tramp İranla müharibədə həlak olmuş Amerika hərbçisi ilə vida mərasimində.

ABŞ prezidenti Donald Tramp İranla münaqişənin sona yaxınlaşa biləcəyinə eyham vurub. O, regionda gərginlik, qlobal enerji bazarlarında qeyri-sabitlik yaratmış müharibəni nikbin dəyərləndirib.

Tramp martın 9-da jurnalistlərə müharibənin tezliklə başa çatacağını söyləyib. Amma o, dəqiq qrafik açıqlamayıb, bircə onu deyib ki, əməliyyatlar bu həftədən sonra da davam edə bilər.

"Burada dayana bilərik, amma daha da irəli gedəcəyik", – deyən prezident iddia edib ki, ABŞ-nin müdaxiləsi İranın Yaxın Şərqi ələ keçirməsinin qarşısını alıb.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Trampın nikbinliyi münaqişənin məqsədləri, xərcləri, potensial trayektoriyası ilə bağlı Vaşinqtonda gedən müzakirələr fonunda diqqət çəkir.

Müharibəni başqa cür aparmaq?

Trampın bəzi keçmiş rəsmilərinin fikrincə, prezidentin fikirləri Vaşinqtonun hərbi gücə yanaşmasında daha geniş dəyişikliyin tərkib hissəsidir.

Aleksandr Qrey Trampın ilk administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında çalışıb. O, martın 9-da AzadlıqRadiosuna deyib ki, prezident 2003-2011-ci illər İraq müharibəsindən bəri ABŞ-də hərbi müdaxilə ilə bağlı müzakirələri müəyyən edən çərçivəyə meydan oxuyur.

Qrey vurğulayır ki, Amerika siyasətçiləri adətən iki seçimdən danışırlar: ya böyük quru qüvvələri göndərib uzunmüddətli dövlət quruculuğu kampaniyalarına qoşulmaq, ya da hərbi əməliyyatlardan bütünlükdə çəkinmək.

"ABŞ aydın, spesifik və real məqsədlərə çatmaq üçün məhdud müddətə hədəfli, "cərrahi" zərbələr endirə bilər", – o əlavə edir.

Belə bir yanaşma İranda uğurlu olarsa, ABŞ və tərəfdaşlarına "böyük geosiyasi faydalar" gətirə bilər, - Qrey deyir.

İran azərbaycanlıları savaşın ortasında: 'Ümidimiz itir'
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Müharibə narrativinə düzəliş

Administrasiyanın mesajlarına şübhə ilə yanaşan təhlilçilər də var.

Çikaqo Universitetindən Pol Post AzadlıqRadiosuna deyib ki, Ağ evdən gələn ziddiyyətli siqnallar rəsmilərin eyni anda iki məqsədə nail olmağa çalışdığını göstərir: bazarları sakitləşdirmək və müharibəni uğur kimi qələmə vermək. Onun fikrincə, müharibənin tezliklə bitə biləcəyi ilə bağlı açıqlamalar investorları və enerji bazarlarını sakitləşdirə bilər.

Post onu da qeyd edir ki, administrasiya məqsədləri ilə bağlı ritorikanı dəyişib. Əvvəllər rejim dəyişikliyi və ya İranın nüvə silahı əldə etməsinin həmişəlik önlənməsindən danışırdılarsa, indi daha məhdud məqsədlərdən, məsələn, raket imkanlarını və dəniz qüvvələrini məhv etməkdən söz açılır.

Təhlilçinin sözlərinə görə, bu düzəliş administrasiyaya imkan verəcək ki, İranın siyasi rəhbərliyi hakimiyyətdə qalsa belə, missiyanın yerinə yetirildiyini iddia etsin.

Konqresdə debatlar qızışır

İranla müharibə Konqresdə siyasi müzakirələrin qızışmasına səbəb olub.

Senatda bir qrup demokrat Senatın işini axsatmaq üçün prosedur vasitələrindən istifadə edəcəyinə söz verib, ta ki yüksəkvəzifəli administrasiya rəsmiləri and içərək münaqişə ilə bağlı ifadə verənədək.

Nyu-Cersi ştatından demokrat Kori Buker martın 9-da bildirib ki, Senatın əsas komitələrində dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə dinləmələr keçirmək, administrasiyanın strategiyasını, kampaniyanın nə qədər çəkəcəyini və xərclərini öyrənmək istəyirlər.

Bir qrup senator ABŞ-nin münaqişədə iştirakını dayandırmaq üçün bir neçə qətnamə təqdim ediblər. Qanunla uzunmüddətli hərbi əməliyyatlar üçün Konqresin təsdiqi tələb olunur.

Respublikaçılar Trampı dəstəkləyir

Bir çox respublikaçı Trampın İrana zərbə kampaniyasına başlamasını qətiyyətlə müdafiə edib.

"Tənqidçilər Trampın İrana zərbə endirmək qərarını ədalətsizcəsinə şübhə altına alırlar". Bunu Silahlı qüvvələr komitəsinin sədri, Missisipi ştatından respublikaçı Rocer Uiker Senatda çıxışında deyib. Onun fikrincə, administrasiya öz məqsədlərini aydın müəyyənləşdirib: İranın raket potensialını dağıtmaq; yaraqlı qruplara dəstək üçün istifadə olunan dəniz qüvvələrini zərərsizləşdirmək; Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq.

Uiker düşünür ki, hava zərbələri ilə bu hədəflərə çatmaq, güman ki, "günlərlə deyil, həftələrlə" davam edəcək.

Çin İrana gizlicə silah verir?
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

Nə gözləməli

A.Raufoğlu yazır ki, yaxın günlərdə bir neçə əlamət münaqişənin gerçəkdən də sona çatıb-çatmadığını göstərə bilər. Bunu AzadlıqRadiosuna anonimlik şərti ilə danışan senator köməkçiləri deyiblər.

Əsas əlamətlərdən biri döyüşlərin əməliyyat tempi olacaq. ABŞ hava zərbələrinin səngiməsi, yaxud vurulan İran dronlarının sayının azalması onu göstərə bilər ki, Vaşinqton əsas hərbi məqsədlərinə, əsasən, çatdığına inanır.

Digər amil İranın cavabı olacaq. İranın, onun regional müttəfiqlərinin davamlı raket və dron hücumları Tehranın hələ də döyüşü davam etdirmək qabiliyyətini və istəyini saxladığını göstərəcək. Bu isə Vaşinqtonun döyüş meydanında uğurları iddialarına baxmayaraq, münaqişənin uzanmasıdır.

Nəhayət, analitiklər İranın hərbi infrastrukturunun davamlılığını da diqqətlə izləyirlər. ABŞ zərbələri İranın raket istehsalını, hərbi-dəniz qüvvələrini, hava hücumundan müdafiə sistemini xeyli zəiflədərsə, administrasiya uzun-uzadı kampaniya olmadan əsas təhlükəsizlik məqsədlərinə nail olunduğunu iddia edə bilər.

XS
SM
MD
LG