Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Tramp: Hörmüz boğazı minalardan təmizlənib, gəmilər İrana buraxılmır

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazına faktiki nəzarət edir, onu minalardan təmizləyib. Tramp İran limanlarına blokadanın qüvvədə qaldığını söyləyib.

Tramp avqustun 10-da Ağ evdə jurnalistlərə deyib ki, Vaşinqton müəyyən gəmilərin keçməsinə icazə verir, eyni zamanda gəmilərin İrana daxil olmasının qarşısını aldığı üçün boğaz "əslində indi açıqdır".

Prezident Birləşmiş Ştatların bu gəmiçilik marşrutunu bütünlüklə minalardan təmizlədiyini iddia edib.

Reallıq

İran fevralın sonunda ABŞ və İsrail ilə müharibə başlayandan Hörmüzü bağlayıb və bu su yoluna nəzarəti davam etdirdiyini bildirir. Tehranın bəyanatına görə, boğaz yalnız ABŞ sanksiyaları ləğv edərsə və müharibə zamanı dəymiş ziyanı ödəyərsə, yenidən açıla bilər.

Vaşinqtonun İrana qarşı mümkün irimiqyaslı hərbi eskalasiyası barədə danışarkən, Tramp Birləşmiş Ştatların bunu etmək imkanı olduğunu deyib. "Görəcəksiniz", – o əlavə edib.

"Auxilium Worldwide" şirkətinin rəhbəri, dəniz təhlükəsizliyi üzrə ekspert İan Ralbi AzadlıqRadiosuna bildirib ki, gəmiçilik şirkətlərinin boğazdan təhlükəsiz keçidi hələ də İranın icazəsindən asılıdır. "Reallıq belədir ki, onlar İranın icazəsi olmadan ABŞ-nin qoruduğu dəhlizdən keçməyə cəhd etsələr, hücuma məruz qalma ehtimalları çox yüksəkdir", – Ralbi son dron və raket hücumlarını yada salıb.

Tehranın kompensasiya tələbinə Trampın cavabı

Tramp Tehranın kompensasiya tələbini rədd edib. Onun sözlərinə görə, əksinə, Vaşinqton onilliklər boyunca münaqişələrdə öldürülən və ya yaralanan amerikalılara görə İrandan təzminat tələb edəcək. O, 2000-ci ildə "USS Cole" gəmisinə hücumu xatırladıb, son etirazlarda öldürülənlər daxil, on minlərlə insanın ölümünə görə İranın məsuliyyət daşıdığını iddia edib. Tramp deyib ki, İran son dörd ayda 52 min etirazçını öldürüb.

Prezident bəyan edib ki, Birləşmiş Ştatlar son 50 il ərzində öldürülmüş bütün amerikalı hərbçilərə və iranlı etirazçılara görə İrandan təzminat tələb edəcək. O bildirib ki, bu məsələ Tehranla gələcək danışıqlarda qaldırılacaq.

"Görürəm ki, İran İslam Respublikasının nümayəndələri son beş aylıq hərbi münaqişə zamanı onlara dəymiş ziyana görə təzminat tələb edirlər", – Tramp avqustun 10-da "Truth Social" platformasında yazıb.

O, İranla heç bir danışıqlar və ya görüşdə təzminat məsələsinin qaldırılmadığını əlavə edib: "Amma bu, maraqlı fikirdir. İndi mən də İranın yol kənarına yerləşdirilmiş bombaları və çoxsaylı münaqişələr nəticəsində öldürdüyü və ağır yaraladığı bütün insanlara görə İrandan təzminat tələb edirəm".

Son həftələr İranda edamların sayı kəskin artıb. İnsan haqları təşkilatları yanvar etirazlarından sonra repressiyalar zamanı 6 mindən çox insanın öldürüldüyünü sənədləşdiriblər. Amma real itkilərin xeyli yüksək olduğu bildirilir. Bəzi hesablamalara görə, ölənlərin sayı on minlərlə ola bilər.

XS
SM
MD
LG