Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 14:57

Tramp: Tehran 'mənim zəruri saydığım razılaşmaya getməyəcək'

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehranla müddəti başa çatan çərçivə sazişini uzatmağa çalışmır. O, tərəflərin qənaətbəxş razılaşma əldə edə biləcəyi ilə bağlı bədbinliyini bildirib.

İyunun 17-də imzalanmış İslamabad Anlaşma Memorandumunda (MOU) Hörmüz boğazının açılması, İranın nüvə ambisiyaları ilə bağlı danışıqlar üçün 60 günlük müddət nəzərdə tutulub.

Müddət başa çatıb, danışıqlarda hər hansı irəliləyiş əlaməti görünmür.

“Onlar mənim zəruri saydığım razılaşmaya getməyəcəklər”, – Tramp avqustun 17-də jurnalistlərə deyib.

Prezident bundan əvvəl “Fox News”a telefonla müsahibədə deyib ki, İran sadəcə “təslim olmalı”, “ağ təslim bayrağını qaldırmalıdır”.

Tramp ABŞ-nin müttəfiqi Omana qarşı söyüşlü ifadə ilə xəbərdarlıq edib. Oman İranla iki ölkə arasında yerləşən Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpası üçün plan üzərində işləyir. Bu strateji su yolu fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan faktiki bağlı qalıb.

“Oman mane olsa, onları bombardman edib dağıdacağıq”, – Tramp bildirib.

“İranın nüvə silahı ola bilməz”

ABŞ prezidenti avqustun 17-də bildirib ki, İranla münasibətlərdə Vaşinqtonun əsas məqsədi Tehranın nüvə silahı hazırlamasına və ya əldə etməsinə imkan verməməkdir.

“Bir nömrəli məqsəd budur və həmişə də belə olacaq: İranın heç bir şəkildə, heç bir formada nüvə silahı ola bilməz”, – Tramp “Truth Social” platformasında yazıb.

İran isə danışıqların pozulmasına görə ABŞ-ni günahlandırır, Vaşinqtonun çərçivə sazişini “pozduğunu” bildirir.

Vaşinqtonla Tehranın çərçivə sazişində nəzərdə tutulan 60 gün başa çatandan sonra İran rəsmisi deyib ki, “60 günlük müddət yoxdur”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ hökumətini “anlaşma memorandumunu kobudcasına pozmaqda” günahlandırıb.

“ABŞ 18 iyun tarixli anlaşma memorandumunu kobud və geniş şəkildə pozduğundan sənədin imzalanmasından bir neçə həftə sonra heç bir danışıqlar başlamadı. Nəticədə 60 günlük müddətlə bağlı müzakirə tamamilə aktuallığını itirib”, – Bəqayi söyləyib.

Sözçü İran və Oman arasında birgə bəyanatın yekunlaşdırılması, qarşılıqlı maraqları qoruyan təhlükəsiz mexanizmin yaradılması üçün intensiv danışıqların getdiyini əlavə edib.

Anlaşma memorandumunda ABŞ və İran maksimum 60 gün ərzində danışıqlar apararaq yekun razılaşmaya gəlmək öhdəliyi götürmüşdülər. Tərəflərin qarşılıqlı razılığı ilə bu müddət uzadıla bilərdi.

İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ ilə birbaşa danışıqlar aparılmır, tərəflər arasında mesaj mübadiləsini vasitəçilər gerçəkləşdirib.

XS
SM
MD
LG