ABŞ prezident Donald Tramp aprelin 1-də deyib ki, Birləşmiş Ştatlar İranda işini bitirməyə yaxındır. Amma o, ABŞ qüvvələrinin bu ölkəyə daha iki-üç həftə "aşırı güclü" zərbələr endirəcəyi barədə xəbərdarlıq edib.
Tramp fevralın 28-də İsraillə birlikdə İrana qarşı müharibəyə başlayandan bəri xalqa ilk müraciətini edib. Onun sözlərinə görə, ABŞ-nin məqsədləri tamamlanmaq üzrədir. Prezident bu hədəfləri "döyüş meydanında sürətli, qətiyyətli, sarsıdıcı qələbələr" kimi təsvir edib.
"Bu axşam biz danışarkən ABŞ ordusunun "Epik Qəzəb" əməliyyatına başlamasından cəmi bir ay keçir", – prezident bildirib.
Tramp döyüş meydanında böyük uğurlar əldə olunduğunu deyib, İranın hərbi imkanlarının ciddi zəiflədiyini iddia edib: "Bu gün İranın donanması artıq yoxdur. Onların hava qüvvələri dağıdılıb".
Prezident deyib ki, İran rəhbərliyindəki şəxslər artıq öldürülüb, komandanlıq strukturları "biz danışarkən məhv edilir". O, İranın raket və dron imkanlarının kəskin məhdudlaşdırıldığını, silah infrastrukturunun dağıdıldığını vurğulayıb.
Təhdid
Tramp müharibənin İranın nüvə silahı əldə etməsini önləməkdən ötrü zəruri addım olduğunu deyib.
"Bu qatil rejim bu yaxınlarda öz xalqından 45 min nəfəri öldürüb", – deyən prezident İranda yanvarın əvvəlində etirazların zorakılıqla yatırılmasına toxunub.
"Belə terrorçuların nüvə silahına sahib olması dözülməz təhdiddir", – Tramp vurğulayıb. Onun sözlərinə görə, İran nüvə silahı əldə etməyə çox yaxın olub, Tehranın raket proqramı isə gələcəkdə ABŞ, Avropa və digər regionlar üçün təhlükə yarada bilərdi.
"Bu vəziyyət 47 ildir davam edir, mən vəzifəyə gəlməmişdən xeyli əvvəl həll olunmalı idi", – deyən Tramp yenə də əvvəlki administrasiyaları, o cümlədən prezident Barak Obama dövründə əldə olunmuş nüvə sazişini tənqid edib.
Prezident onu da qeyd edib ki, "ilk seçimim həmişə diplomatiya yolu olub", lakin İran razılaşma cəhdlərini rədd edib.
"Bütün kartlar əlimizdədir"
Tramp bildirib ki, məqsədi rejim dəyişikliyi olmasa da, bu, faktiki, baş verib: "Onların liderləri… artıq öldürülüblər".
Razılaşma əldə etməyə ümidini bildirən prezident gərginliyin arta biləcəyi barədə də xəbərdarlıq edib: "Razılaşma əldə olunmasa, onların bütün elektrik stansiyalarını çox sərt şəkildə vuracağıq".
"Bütün kartlar əlimizdədir. Onların heç nəyi yoxdur", – Tramp əlavə edib.
Tramp benzinin bahalandığını etiraf edib, bunun İranın ticarət gəmilərinə və qonşu ölkələrə hücumlarının nəticəsi olduğunu deyib, keçici hal olduğunu da əlavə edib.
"ABŞ enerji baxımından tamamilə Yaxın Şərqdən asılı deyil", amma müttəfiqləri dəstəkləmək üçün regionda qalır, - prezident bunu da vurğulayıb.
O, tərəfdaşları müharibəyə daha çox töhfə vermədiklərinə görə tənqid edib, onların Hörmüz boğazının yenidən açılması üçün məsuliyyəti götürməli olduqlarını deyib.
Trampın xalqa müraciətindən öncə Nyu-Yorkdan Qreqori Miks, Vaşinqtondan Adam Smit və Konnektikutdan Cim Hayms daxil, bir sıra demokrat konqresmenlər bəyanat yayıb, Trampın aydın olmayan məqsədlərinə yaxınlaşmadığını bildiriblər.
Demokratlar müharibədə 13 ABŞ hərbçisinin öldüyünü, yüzlərlə insanın yaralandığını, onun daha geniş regional və iqtisadi təsirlərini qeyd ediblər. "Prezidenti İranla atəşkəs danışıqlarına dərhal başlamağa, diplomatik həll yolu tapmağa çağırırıq", – onlar vurğulayır, "fəlakətli müharibə" ilə bağlı xəbərdarlıq ediblər.
Təhlilçilər mesaj və risklərdən danışırlar
AzadlıqRadiosuna danışan təhlilçilərin fikrincə, Trampın çıxışı ictimai rəyə təsir etmək məqsədi daşıyır, həmçinin növbəti addımlar barədə qeyri-müəyyənlik qalır.
"Çıxış "Epik Qəzəb" əməliyyatı ətrafında ictimai dəstəyi gücləndirmək məqsədi daşıyır". Bunu "United Against Nuclear Iran" təşkilatının siyasət direktoru Ceyson Brodski deyib: "Bu, ABŞ-nin yeni sonsuz müharibəyə başlaması kimi yox, 1979-cu ildə İran rejiminin başlatdığı müharibəni bitirməsi kimi təqdim olunacaq".
Amma təhlilçi xəbərdarlıq edib ki, ABŞ iki-üç həftəyə atəşkəs elan etsə belə, "iranlıların hücumları davam etdirmə riski qalır, çünki onlar çəkindirmə siyasətini bərpa etmək istəyirlər": "Bu vəziyyəti dəyişmək üçün ABŞ eskalasiyaya getməli ola bilər".
Respublikaçı strateq, birinci Tramp administrasiyasında Dövlət Departamentində çalışmış Metyu Bartlett çıxışın bir neçə auditoriyaya yönəldiyini bildirir: "Müharibə zamanı həm ölkə daxilində, həm İran rejimi, həm İran xalqı, həm də regionda, Avropada və digər müttəfiqlər ilə kommunikasiya çox vacibdir".
Təhlilçi çıxışı zəruri saysa da, gələcək günlər və aylarla bağlı hələ çoxlu cavabsız suallar qaldığını deyir. Onun da fikrincə, gərginliyin azalması mümkündür, "amma eskalasiya ehtimalı da qalır".
Növbəti həftələr münaqişənin səngiyəcəyi, yoxsa daha da kəskinləşəcəyi baxımından həlledici olacaq. Diplomatik səylər və hərbi əməliyyatlar ABŞ-İran münasibətlərinin gələcəyini formalaşdırmaqdadır.