Keçid linkləri

2026, 25 Mart, çərşənbə, Bakı vaxtı 23:38

Tramp İranla danışıqlar getdiyini deməklə vaxt qazanır?

Donald Tramp
Donald Tramp

Prezident Donald Trampın ABŞ-nin İranla danışıqlar aparması barədə dedikləri Yaxın Şərqdə həftələrdir gedən müharibənin sona çatacağına ümidləri artırıb.

Tehran danışıqlarla bağlı iddianı "saxta xəbər" adlandırıb. Bu iddiaların potensial irəliləyiş əlaməti, yoxsa sadəcə Trampa daha çox vaxt qazanmaq niyyəti güddüyü bəlli deyil.

AzadlıqRadiosunun jurnalisti Frud Bejan yazır ki, hətta diplomatik irəliləyiş olsa belə, ABŞ ilə İran arasında nəhəng uçurum var. Ekspertlərin fikrincə, Tehranın Hörmüz boğazına nəzarəti ona istənilən danışıqlarda təzyiq aləti qazandırır.

"Düşünmürəm ki, Tramp hələlik müharibədən yayınmaq və ona son qoymaq istəyir", – Cenevrə Beynəlxalq Münasibətlər İnstitutundan tədqiqatçı Fərzan Sabet belə deyir.

Trampın eskalasiya variantları

F.Sabetin fikrincə, Trampın Hörmüz boğazının yenidən açılmasına nail olmaq, islam respublikasını onun şərtlərini qəbul etməyə vadar etmək üçün eskalasiya variantları var. Buraya ABŞ qüvvələrinin İranın Xar adasını ələ keçirməsi də daxil ola bilər. Bu ada İranın əsas neft terminalıdır. Yaxud İran ərazisini ələ keçirməklə Tehranın Hörmüz boğazını bağlamasına son qoymaq olar.

ABŞ mediası ötən həftə xəbər verib ki, Amerikanın iki ekspedisiya bölməsi, minlərlə dəniz piyadası və dəstəkçi gəmilər, təyyarə ilə birlikdə Yaxın Şərqə gedir.

Ekspertlərə görə, Trampın danışıqlarla bağlı iddiası ona İranın elektrik stansiyalarını məhv etməklə bağlı təhdidindən geri çəkilmək imkanı verib. Tramp bu təhdidi Tehran Hörmüz boğazını açmayacağı variantı üçün səsləndirmişdi. Hörmüzdən dünya nefti və mayeləşdirilmiş qazının 20 faizi keçir.

"Belə bir ultimatumdan geri çəkilmək... daha çox bu addımın riskləri ilə bağlı idi, Tehran Fars körfəzinə qarşılıqlı zərbələr endirə bilərdi, bütün bunların hər iki tərəf üçün dağıdıcı humanitar və iqtisadi fəsadları olardı", – Sabet belə deyir.

ABŞ İranda doğrudanmı qələbə qazanır?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

"Burada Trampın qlobal enerji qiymətləri ilə manipulyasiya etməsinin elementi də var idi, o, de-eskalasiya təəssüratı yaratmaqla onları müvəqqəti də olsa, aşağı saldı", – təhlilçi vurğulayır.

Danışıqlar iddiası fonunda qarşılıqlı tələblər

Tramp martın 23-də "Truth Social" platformasında ABŞ və İranın "çox güclü və məhsuldar" danışıqlar apardığını yazdı. Sonradan jurnalistlərə də bu haqda danışdı. Neftin qiyməti bu sözlərdən sonra sürətlə endi. İran ABŞ ilə birbaşa danışıqların olmadığını deyəndən sonra neftin bareli yenə 100 dolları keçdi.

Ağ ev sonradan bildirdi ki, durum dəyişkəndir, ABŞ və İran rəsmiləri arasında rəsmi görüş planlaşdırılmayıb.

Amma ABŞ mediasının yazdığına görə, tərəflər arasında vasitəçilərlə azından ilkin təmasın baş verdiyi görünür.

Ekspertlər deyirlər ki, müharibəni bitirmək üçün hətta gerçək səy varsa belə, tərəflər arasındakı uçurum böyükdür, kəskin dönüş ehtimalı aşağıdır.

Tramp nüvə zənginləşdirilməsinə son qoyulmasını, İranın uran ehtiyatlarının məhvini tələb edir.

İran rəsmilərinin də öz tələbləri var. ABŞ və İsrailin bir daha İrana hücum etməyəcəyinə zəmanət, ABŞ sanksiyalarının qaldırılmasını, Fars körfəzində ABŞ hərbi bazalarının bağlanmasını, Vaşinqton və İsraildən hərbi təzminat istəyirlər.

İran üçün hansı tale planlanıb? – 'Ən ağır zərbə Cənubi Qafqaza dəyə bilər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

"Birdəfəlik siyasi həll"

"İranlıların məqsədi de-eskalasiya, yaxud atəşkəsdənsə birdəfəlik siyasi həll variantıdır", – Corc Vaşinqton Universitetindən İran ordusu və tarixi üzrə ekspert Sina Azodi belə deyir.

İran rəsmiləri bildiriblər ki, ötən ilin iyununda İsrail və ABŞ ilə 12-günlük müharibənin təkrarlanmasını istəmirlər. Həmin müharibə atəşkəslə bitdi, amma fevralın 28-də yenisi başladı.

"Onlar inanırlar ki, müharibəni dayandırsalar, İsrail və ABŞ bir il olmasa da, altı aydan sonra geri qayıdacaq. Onlar gələcək hücumların qarşısını almaq istəyirlər, bunun özləri üçün ölüm-dirim savaşı olduğuna inanırlar", – Azodi əlavə edir.

ABŞ və İsrailin zərbələri İranın raket, dron hücumları potensialını zəiflətsə də, məhv edə bilməyib. Tehran Hörmüz boğazına nəzarət edir, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları isə ötən il ABŞ-İsrail zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərində yerin altından hələ də çıxarılmayıb.

"Hazırda İran ABŞ-nin qələbə çalmaması üçün üstün mövqedədir", – Azodi vurğulayır.

Bir neçə ölkənin danışıqları başlatmaq səylərinə baxmayaraq, hazırda diplomatik irəliləyiş iddialarını dəstəkləyən dəlil yoxdur. Bunu isə AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna Ağ ev və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş təhlilçisi Kennet Pollak deyib.

"Anladığım budur ki, iranlılar böyük ilkin şərtlər irəli sürüblər, ABŞ-dən təzminat, qüvvələrini bütünlükdə regiondan çıxarmasını tələb ediblər. Bunlar isə Tramp üçün qəbulolunan deyil", – Pollak vurğulayıb.

Təhlilçinin fikrincə, Trampın fikirləri gerçək proqresi əks etdirmir, bazarları sakitləşdirməyi hədəfləyir.

XS
SM
MD
LG