ABŞ prezidenti Donald Tramp martın 5-də HƏMAS-a (ABŞ və Aİ tərəfindən terror təşkilatı kimi tanınır) xəbərdarlıq edərək bildirib ki, əgər bütün girovları dərhal azad etməsə, bunun ağır nəticələri olacaq. Prezidentin bu açıqlaması Ağ evin HƏMAS-la gizli danışıqlar apardığını təsdiqləməsindən sonra verilib.
Bu birbaşa görüş ABŞ-nin terror təşkilatı hesab etdiyi qruplaşmalarla rəsmi danışıqlardan çəkinmək siyasətindən bir dönüş kimi qiymətləndirilir. Lakin Vaşinqtonun keçmişdə də belə gizli görüşlər keçirdiyi məlumdur.
"İsraillə bu məsələ ilə bağlı məsləhətləşmələr aparılıb", - Ağ evin mətbuat katibi Karolin Levitt martın 5-də jurnalistlərə bildirib..
Bu arada Tramp HƏMAS-ın azad etdiyi girovlarla da görüşüb.
ABŞ prezidenti sosial mediadakı paylaşımında HƏMAS-ın bütün girovları "dərhal, gecikdirmədən" buraxmasını tələb edib, o cümlədən ölmüş girovların meyitlərinin qaytarılmasını istəyib və xəbərdarlıq edib: "Əks halda sizin üçün hər şey bitdi. İşi tamamlamaq üçün İsrailə lazım olan hər şeyi göndərirəm. Dediklərimi etməsəniz, bir dənə belə HƏMAS üzvü təhlükəsiz olmayacaq".
"Qəzza xalqına da səslənirəm: Sizi gözəl bir gələcək gözləyir, amma yalnız girovları saxlamasanız! Əgər girovları saxlasanız, MƏHV OLACAQSINIZ! Ağıllı qərar verin. GİROVLARI İNDİ AZAD EDİN, YOXSA SONRA AĞIR BƏDƏL ÖDƏYƏCƏKSİNİZ!", - Tramp bildirib.
Tramp açıqlamalarında HƏMAS-ın girovları buraxmadığı təqdirdə, hansı tədbirlər görəcəyini aydın şəkildə bildirməyib. O, daha əvvəl ABŞ-nin Qəzza zolağını nəzarətə götürməsi, əhalini başqa yerə köçürməsi və anklavın yenidən qurulması təklifini irəli sürüb – lakin bu plan həm müttəfiqlər, həm də rəqiblər tərəfindən ciddi etirazla qarşılanıb.
"Reuters" iki mənbəyə istinadən yazır ki, Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Böler son həftələrdə Dohada HƏMAS nümayəndələri ilə görüşüb.
Agentlik HƏMAS-ın siyasi müşaviri Tahir Əl-Nonodan sitat gətirib: "Amerika rəsmiləri ilə görüşlər barədə məlumatım yoxdur, lakin Amerika administrasiyası ilə hər hansı görüş regionun sabitliyi üçün faydalıdır".
Xatırlatma
İsrail və HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Təxminən 1 min 200 nəfər, əsasən, dinc sakinlər öldürülüb, 251 nəfər girov götürülərək Qəzzaya aparılıb. İsrail buna cavab olaraq Fələstin anklavında dağıdıcı müharibəyə başlayıb. HƏMAS-ın nəzarətindəki Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibə 46 mindən çox insanın ölümünə səbəb olub. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza kütləvi dağıntılarla üzləşib və 2.3 milyon sakininin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Yanvarda əldə oluna atəşkəsin ilk mərhələsi çərçivəsində Qəzzada gedən döyüşlər dayanıb, nəticədə HƏMAS 33 israilli girovu və beş tailandlını 2000-ə yaxın fələstinli məhbusla mübadilə edib. İsrail tərəfi bildirib ki, Qəzzada qalan 59 girovun yarısından azının hələ də sağ olması ehtimalı var.
İkinci mərhələ son girovların və İsraildə saxlanılan fələstinli məhbusların azad edilməsini nəzərdə tutur.