Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Şagirdlərinə cinsi təcavüzdə suçlanan Quran qiraətçisi yenidən gündəmdə


Saeed Toosi
Saeed Toosi

Tehrandan seçilmiş tanınmış islahatçı millət vəkili Mahmoud Sadeghi ölkənin ali dini liderinin sevimli Quran qiraətçisinin işini yenidən gündəmə gətirib.

47 yaşlı Quran qiraətçisi Saeed Toosi 9-12 yaşlı azı 23 şagirdinə cinsi təcavüzdə ittiham olunur.

«AİLƏMİ RÜSVAY EDƏCƏYİMDƏN QORXURDUM»

İlk dəfə bu məsələni ötən il Toosi-nin təcavüzünün qurbanı olduqlarını iddia edən keçmiş şagirdlər və onların ailələri Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radioları (RFE/RL) və BBC fars xidmətlərinə müsahibələrində gündəmə gətiriblər. Onlar qanuni yollarla ədaləti bərqərar edə bilmədiklərini və məsələni ictimaiyyətin diqqətinə çatdırmaqdan başqa çarələri qalmadığını demişdilər.

Müsahibələr efirə gedən kimi Quran qiraətçisi bəyanat verərək, ittihamları qəti rədd edib, onları «yanlış və əsassız» adlandırıb.

Qurbanlardan biri BBC-yə müsahibəsində təcavüzün ictimai ayaqyolunda baş verdiyini deyib. O zaman onun cəmi 12 yaşı varmış.

***Buna da bax-15 milyon qız cinsi əlaqəyə məcbur edilib

«Elə şok keçirmişdim ki, nə baş verdiyini anlamırdım. Ailəmi rüsvay edəcəyimdən çəkinərək bir söz deməyə qorxurdum. Sonradan gördüm ki, onun tələbələri arasında çoxlu belə hallar var. Ona görə də sükutu pozdum», – o deyib.

İCTİMAİLƏŞDİRMƏKDƏN BAŞQA YOL QALMAYIB

Baş verənlərin üstü açıldıqca, məhkəmənin hələ 2012-ci ildə Toosi-yə uşaqlara təcavüz maddəsi ilə ittiham irəli sürdüyü üzə çıxdı. Ancaq bu məsələ ictimailəşdirilməmişdi. İş apellyasiya məhkəməsinə veriləndən sonra, 2013-cü ildə ədliyyə rəsmiləri müdaxilə edərək onun bağlanmasına nail olublar. Beləliklə də, 2016-cı ildə təcavüz qurbanlarının məsələni ictimailəşdirməkdən başqa çarəsi qalmayıb.

Qalmaqal ortaya çıxınca, ədliyyə qurumunun sözçüsü Gholam Hossein Mohseni Ejei bəyan edib ki, Toosi-nin işinin araşdırılması üçün «yetərincə» dəlil olmayıb.

Bir qayda olaraq, İranda zorlama və cinsi təcavüz haqda danışmaq tabudur. Buna baxmayaraq, Sadeghi bu məsələni yenidən gündəmə gətirib. O, ədliyyə qurumuna dair parlament yazışmasını dərc edib.

Cinsi zorakılıqda ittiham olunan prodüserə qarşı etiraz kampaniyası genişlənir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Yazışmanın bir nüsxəsi Sadeghi-nin Twitter səhifəsində paylaşılıb. Burada parlamentin Toosi-nin işinə aydınlıq gətirilməsində israr etdiyi deyilir.

ƏDLİYYƏ RƏSMİSİ İTTİHAMLARI RƏDD EDİR

Bu yaxınlarda cinsi təcavüzdə suçlandığına görə istefa verməli olmuş Britaniyanın müdafiə naziri Michael Fallon-dan misal çəkən Sadeghi üstüörtülü şəkildə Toosi-nin işinə eyham vurur:

«Burada, İslam Respublikasında müəllimə ilk instansiyada ittiham irəli sürüldükdən sonra Apellyasiya Məhkəməsi onun işini bağlayır».

2016-cı ilin oktyabrında ədliyyə qurumunun rəhbəri Sadiq Amoli Larijani Toosi-yə ittihamları «yalan», «əcaib» və «misli görünməmiş» adlandıraraq rədd edib. O, bununla kifayətlənməyərək, şikayətçiləri «düşmən mediayla əməkdaşlıq», «cinayətə havadarlıq etdiklərinə» görə məhkəməyə verilməklə hədələyib.

***Buna da bax-Aktrisa George H.W.Bush haqqında: '... arxadan mənə toxundu'

Ədliyyə qurumunun sözçüsü Ejei 2016-cı ilin oktyabrında deyib ki, yoldan çıxarma davranışına görə Toosi-nin işinə baxılıb. O, eyni zamanda, məhkəmənin onu cəzalandırmamaq qərarına gəldiyini də təsdiqləyib.

«Dini inanclı və təcrübəli» hakimdən məsləhət alındığını deyən sözçü əlavə edib ki, bu iş «həssas» sayılır.

«BİZDƏ BELƏ HALLAR HƏMİŞƏ OLUB»

«Bəzi ittihamları sübut etmək çətindir. Şikayətçilərin haqlı olması mümkündür, ancaq bunu sübut etmək çətindir», – Ejei ötən ilin oktyabrında jurnalistlərə deyib.

«Bizdə belə hallar həmişə olub, inqilabdan əvvəl də, sonra da», – deyə o əlavə edib.

Şikayətçilərdən biri BBC-nin fars xidmətinin dərc etdiyi yazıda beş-altı il öncə iki dəfə zorlandığını bildirib.

Toosi ali dini liderin və rejimin digər siyasi, dini liderlərinin yaxın müttəfiqi və dostudur. Hətta ali dini lider Ali Khamenei-nin Toosi-nin ifasında Quran qiraətini çox sevdiyi deyilir.

Bundan başqa, Toosi həm də Ali Quran Şurasının üzvüdür. Khamenei-nin onu «nümunə götürülməli insan» adlandırdığı deyilir.

Toosi öz ifasına görə çoxsaylı yerli və beynəlxalq mükafatlara layiq görülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG