Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Tofiq Yaqublunun qızı: 'Polis telefonu anamın əlindən alıb...'


Tofiq Yaqublu hadisə yerində öz telefonu ilə çəkiliş apararkən, 22 mart 2020
Tofiq Yaqublu hadisə yerində öz telefonu ilə çəkiliş apararkən, 22 mart 2020

Müsavat Partiyası və Milli Şüranın Koordinasiya Mərkəzinin həbsdə olan üzvü Tofiq Yaqublunun telefonun alındığı və qaytarılmadığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna onun qızı Nigar Həzi məlumat verib.

“Martın 22-də polisi hadisə yerinə atam özü çağırıb və polis gələndən sonra maşından düşüb. Video da, foto şəkillər də var ki, atam telefonla çəkilişlər edir, polis də yanında oturur”, deyə o qeyd edib.

Nigar Həzi daha sonra da bunları əlavə edib:

“Polis İdarəsinin həyətində atam telefonu anama vermək istəyəndə, polis telefonu anamın əlindən alıb və hələ indiyə kimi qaytarmayıb”

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

“Əgər facebook səhifəsindən statuslarını siliblərsə...”

N.Həzi vurğulayıb ki, Tofiq Yaqublunun vəkili Apellyasiya şikayəti verməyə hazırlaşır və telefonun qaytarılmaması məsələsi də şikayətdə yer alacaq.

Amma N.Həzi güman edir ki, atasının telefonunda hadisə ilə bağlı bütün video və foto kadrları pozublar:

“Əgər, telefon vasitəsilə atamın facebook səhifəsinə daxil olaraq statuslarını siliblərsə, deməli telefondakı görüntüləri də siliblər”.

Vəkil: T.Yaqublu bunu “oyun” sayır

Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov isə deyib ki, martın 27-də Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanan T.Yaqbulu ilə görüşüb. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin əhvalı yaxşıdır:

“İttihamı uydurma, qurulmuş oyun adlandırır ”

E.Sadıqov deyib ki, Nizami Rayon Nəhkəməsinin T.Yaqublu ilə bağlı həbs qət-imkan tədbiri qərarından və müdafiə etdiyi şəxsin telefonunun qaytarılmamasından şikayət verib, yaxın günlərdə şikayətə Bakı Şəhər Apellyasiya Məhkəməsində baxılacağı gözlənir.

Hələlik, Tofiq Yaqublunun telefonunun qaytarılmaması və facebook səhifəsində statusların silinməsi ilə bağlı deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibə almaq mümkün olmayıb.

Deputat Fazil Mustafa isə bu məsələ ilə bağlı “ Turan” agentliyinə deyib ki, belədə telefonun qaytarılmaması o halda ola bilər ki, onunla bağlı hansısa danışıqların araşdırılması barədə ya məhkəmnin ya da müstəntiqin qərarı olsun:

“Bu halda saxlanıla bilər. Çünki, hansısa danışıqların mətnini araşdırma zərurəti yaranıbsa, bu mümkündür. Bu da ancaq qərar və qərardadla olmalıdır. Əgər bu barədə qərar və ya qərardad yoxdursa o zaman əmlak sahıbinə qaytarılmalıdır”.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Tofiq Yaqublu cinayət məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə suçlanır. Bu maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.Tofiq Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:“Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

Tofiq Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib. Üstəlik, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun bu məsələilə bağlı martın 24-də yayılan birgə açıqlamalarında da T.Yaqublu günahlandırılıb.

Orada qeyd edilib ki, martın 22-də Tofiq Yaqublu “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozıb: “ Eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.Araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq... E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə...əsaslı şübhələr müəyyən edilib”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG