Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 13:13

Tofiq Yaqublunun haqqında hökm dəyişdi


Tofiq Yaqublu (solda) məhkəmədən sonra
Tofiq Yaqublu (solda) məhkəmədən sonra

Siyasi fəal Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə 4 il 3 ay azadlıqdan məhrum edilməsinə dair Nizami Rayon Məhkəməsinin hökmü dəyişdi.

İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Yeni qərara əsasən, Yaqublunun həbsdə olduğu 6 ay və ev dustaqlığında qaldığı 10 ay diqqətə alınaraq, ona şərti cəza verilib və 2 il 6 ay sınaq müddəti təyin edilib.

Yaqublu hələ anasının sağlıq durumu ağır olarkən, ölkədən çıxışına icazə verilməsindən ötrü Bakı Apellyasiya Məhkəməsinə məktub göndərmişdi.

Ev dustaqlığında olan Yaqublunun işi ötən ilin sentyabrından həmin məhkəmənin icraatında idi. Siyasi fəalın dediyinə görə, məktubuna cavab ala bilməmişdi.

Məhkəmə 7 ay öncə təxirə salınmışdı

Siyasi fəal iyulun 12-də - anasının ölümündən sonra Gürcüstana dəfn mərasiminə getməyə icazə üçün yenə sözügedən məhkəməyə üz tutmuşdu. Beləcə, 7 ay öncə təxirə salınmış məhkəmə prosesi qəfildən iyulun 15-nə təyin edilmişdi.

Məhkəmədə Yaqublunun son iki müraciəti müzakirə olunsa da, təmin edilməyib.

Siyasi fəal təqsirsiz olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb və AzadlıqRadiosuna belə deyib:

"Bəraətdən başqa heç bir hökm məni qane edə bilməz. Ona görə də apellyasiya məhkəməsinin qərarından da Ali Məhkəməyə kassasiya şikayəti veriləcək".

Xatırlatma

Tofiq Yaqublu ötən il martın 22-də həbs olunmuşdu. Haqqındakı cinayət işində yazılmışdı ki, onun Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında sürdüyü “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub. Bu da qeyd olunurdu ki, qəza onun təqsiri üzündən baş versə də, digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinərək, Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

O, hökm elan olunmazdan bir gün əvvəl – sentyabrın 2-də aclıq aksiyasına başlayıb. Yaqublu aclığın 17-ci günündə - sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Yaqublu özünü təqsirli bilmir. Bazarın qarşısında avtomobildə əyləşib, həyat yoldaşını gözlədiyi vaxt başqa bir maşının dayandığı yerdə gəlib ona çırpıldığını bildirir.

Onun sözlərinə görə, o biri maşının sürücüsü və yanında olan qadının dərhal düşüb onun maşınına hücum etdiyini görərkən, bunun təxribat olduğunu anlayaraq, olay yerinə polislər gələnədək maşınından enməyib.

Baş verənləri telefonu ilə çəkdiyini deyən Yaqublu həmin görüntüləri müstəntiqə təqdim etdiyini, ancaq həqiqəti gizlətmək üçün polis idarəsində onların silindiyini bildirir.

XS
SM
MD
LG