Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:46

AXCP üzvü, Astara rayon sakini Tofiq Məmmədov həbs olunub. İctimai qaydanı pozmaqda və polisə müqavimətdə günahlandırılan cəbhəçiyə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası verilib.

Bir neçə gün öncə sosial şəbəkələrdə T.Məmmədovun polis əməkdaşlarından şikayəti yayılmışdı. Bildirirdi ki, metro çıxışlarında limon satmaqla ailəsini dolandırmağa çalışır, polislər buna imkan vermir, ona qarşı zorakılıq edirlər:

«Mənə deyirlər ki, get, nə istəyirsən elə, lap narkotik sat, amma limon satma, küçə ticarəti qadağandır».

Fevralın 22-də «Kanal-13» internet televiziyasına açıqlama verən T.Məmmədov deyirdi ki, polislərlə bağlı şikayətindən sonra təzyiqlərlə üzləşib.

«Ailədə 8 nəfər mənim əlimə baxır. Bir limonda mənə 3 qəpik pul qalır. Əgər deyildiyi kimi, Azərbaycanda milyonlarla iş yeri açılsaydı, mən əlimdə limon satardımmı? Mənə iş versinlər, heç «İnşaatçılar»a ayaq basmaram...», – T.Məmmədov bildirib.

«Kanal-13»də müsahibə yayılandan bir gün sonra – fevralın 23-də T.Məmmədov həbs olunub.

Üzvü olduğu partiya T.Məmmədovun Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarından şikayətinə görə cəzalandırıldığını hesab edir. AXCP mətbuat xidmətindən bildirilib ki, T.Məmmədov polis əməkdaşlarının, idarə rəisinin sürücüsünün ona qarşı özbaşınalığını ictimailəşdirdiyi üçün cəzalandırılıb.

T.Məmmədov 2017-ci il oktyabrın 7-də Milli Şuranın «Məhsul» stadionunda keçirdiyi mitinqdə iştirakından sonra saxlanılmış, ona 200 manat cərimə cəzası kəsilmişdi. Bundan bir neçə gün sonra atası Oruc Məmmədova 10 sutka inzibati həbs cəzası verilmişdi. O zaman T.Məmmədov deyirdi ki, müxalifətin aksiyalarında onun iştirakına görə atasını cəzalandırırlar: «Atam 2012-ci ildən YAP-ın üzvüdür. Milli Şuranın mitinqlərində mənim iştirakıma görə özümü cərimələməklə kifayətlənməyib, atamı da saxlayıblar».

Günün bütün mövzuları

XS
SM
MD
LG