Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Tofiq Həsənli: 'Vətəni sevmək qorxuncdur, xalqı sevmək təhlükəlidir' (VIDEO)


Azerbaijan. Baku. Tofig Hasanli
Azerbaijan. Baku. Tofig Hasanli

“İncik olaram da. Təəssüf ki, tək qoyuldum”

‘Əvvəla mən heç kəsə “raşot edib” şeir yazmırdım. Mənə o vaxt deyirdilər ki, sən həbs ediləndə heç kim axtarmayacaq, yazma. Cavab verirdim ki, kiminsə məni axtarmağına görə yazmıram’.

Əfv sərəncamı ilə azadlığa çıxan satirik şair Tofiq Həsənli AzadlıqRadiosuna müsahibəsində belə deyir. O, adının sərəncama düşəcəyini bir ay öncədən bildiyini söyləyir:

Gözləyirdim. Əvvəla ona görə ki, cəzamın yarı hissəsi keçmişdi. Ondan başqa həm günahsızlığıma görə gözləyirdim, həm də bir ay qabaqdan bizi yığıb xəbər vermişdilər. Bizə təklif olunmuşdu ərizə yazaq, prezidentə müraciət edək.

Siz də yazdınız?

Yazdım. Amma yazmadım ki, törətdiyim cinayət əməlinə görə peşmanam. Yəni heç bir cinayət törətməmişəm. Sadəcə yazdım ki, himayəmdə qoca anam var, cəza çəkdiyim müddətdə heç bir qanun pozuntusuna yol verməmişəm, xahiş edirəm əfv edəsiniz. Amma “törətdiyim cinayətə görə peşmanam” yazmadım.

Sizi əfv ərizəsi yazdığınıza görə qınayanlar da tapıla bilər. Onlara cavabınız nə olacaq?

Başqa cür mümkün deyil, axı. Əvvəla mənim mövqeyim eynidir, nə müxalifətçiyəm, nə də iqtidarçı. Həmişə ac xalqın adından danışmışam. Məni nə siyasət maraqlandırır, nə də hakimiyyət. Mənim üçün fərqi yoxdur, orda kim olur olsun. Mənə lazımdır xalqın rifahı düzəlsin, ancaq bunu fikirləşirəm. Qınayan da özü bilər. Özüm bilirəm ki, düzəm.

Martın 17-də jurnalistlərin çoxu sizi axtardıqlarını, tapa bilmədiklərini deyirdilər. Deyəsən, həbsxanadan səssiz-səmirsiz, xəlvətcə çıxıb getmisiz.

Məni heç kim gəlib tapa bilmir ki, nə içəridə tapırlar, nə çıxanda qapının ağzında, nə də evimizdə. Mən gizlənməmişəm. Yerimi də bilirdilər. 6 saylı cəzaçəkmə müəssisəsində idim, çıxdığım günü də bilirdilər, bugün evdə olduğumu da. Bizi onsuz da heç kim axtarmır.

İnciksiz deyəsən?

İncik olaram da. Əvvəla mən heç kəsə “raşot edib” şeir yazmırdım. Mənə o vaxt deyirdilər ki, “həbs olunanda heç kim səni axtarmayacaq, yazma”. Cavab verirdim ki, “kiminsə məni axtarmağına görə yazmıram. Ürəyim yanır, içim yanır yazıram”. Ancaq belə də... Xalqımız da laqeyddir, elə siyasətçilər də. Görürsən təşkilat yaradırlar, siyasi məhbusların adından pul alırlar, sənə ordan qəpik-quruş çatır. Belə şeylər də var. Xahiş edirəm, bunlara diqqət ayırsınlar. Yəni, hər kəs özünü düşünür, heç kim düşünmür ki, bu bədbəxt xalqın sözünü deyir axı, belə insanı tək qoymaq olmaz. Təəssüf ki, tək qoyuldum.

Rəsmi ittihamda narkotikə görə azadlıqdan məhrum edildiyiniz deyilir, siz isə şeirlərinizə görə həbs edildiyinizi söyləyirsiniz.

Mənim evim başıma uçur, mən narkotik alverçisinə oxşayıram? Yaxud narkotik alverçisini əfv sərəncamına salırlar? Təbii ki, şeirlərimə görə tutdular. Mənim işim Avropa İnsan Haqları Məhkəməsindədir. Xalqın münasibəti mənə kifayətdir. Ziyalılar mənə görə müraciət etmişdi. Bu gün qapıma insanlar gəlir, mömin qardaşlarım gəlir, jurnalistlər gəlir, məni təbrik edirlər. Bunun hamısı günahsızlığımdan xəbər verir.

Konkret hansısa şeirinizə görə həbs etmişdilər sizi, ya?

Siyasi şeirlərdir. Youtube-da, Facebook-da çıxırdı. Camaat baxırdı. Tutulmamışdan qabaq mənə iki-üç dəfə xəbərdarlıq olunmuşdu, iki-üç dəfə zəng gəlmişdi.

Kimlər idi xəbərdarlıq edən?

Konkret ad çəkməyəcəm. Hökumət işində işləyən bir adam idi. O, böyüklərin adından xəbər gətirmişdi ki, yazmayın, tutarlar filan... Deyir, ürək yanar, yaş axıdar, köz olar... Qəlbim yanıb, demişəm. Sözdür də. İndi söz demək də çətindir. Vətəni sevmək qorxuncdur, xalqı sevmək təhlükəlidir. Neyləmək olar.

Həbsxana ab-havası fərqlidir. Orda şeir yazmaq mümkündürmü?

Yazmağına yazdım. Bağrım çatlayar şeir yazmasam, ölərəm, yaşamaram. Amma müəyyən şeylərə görə bəlkə də heyfislənirəm. Anamı tək qoydum, gəlib axtaran az-az oldu. Belə də...

Kimdən umub-küsürsünüz? Fikrinizcə, kimlər sizi və ya ananızı axtarmalıydı?

“Əhsən” deyənlər. Orda min cür söz yazanlar. Deyirdilər ki, sən tutulsan belə qalxarıq, elə edərik-filan. Demək olar, hamıdan incimişəm... Amma mən heç kəsi nəzərimdə tutub o şeirləri deməmişəm ki, sabah kimsə gəlib qapımda mənə siqaret versin. Xeyr! Sadəcə, bir amalım var, Allahımın qarşısına alnıaçıq edim, üzüqara getməyim.

Nə qədər şeir yazdınız orda?

Bir xeyli. Biri belədir:

“Haqqın dilindən gəlmişəm, haqqı bilib də gəlmişəm.
Sözün belindən gəlmişəm, elə mənlikdir şairlik.
Həyatım şeir budağı, sinəm üstdə şair dağı,
Anam məni şair doğub, elə mənlikdir şairlik.
Əbədiyyətdir marağım, yox qələmim, yox varağım.
Sözün boynunda var haqqım, elə mənlikdir şairlik.
Söz pıçıltım, söz harayım, söz sandığım, söz çarpayım.
Zindanında da var payım, elə mənlikdir şairlik.
Hər yerdə məskənimdir söz. Mən sözünəm, mənimdir söz.
Gorumdur, kəfənimdir söz. Elə mənlikdir şairlik”.

Sağ olun, şair, həmişə azadlıqda.

Siz də sağ olun. (Birdən zarafatla deyir – A.R.) Kaş bir fikirləşən olaydı ki, bu yazıq həbsdən çıxıb, buna köməklik edək, özünə bir telefon alsın, bir internetə girə bilsin. Heç olmasa, bunu da düşünələr. Gələn ancaq çəkir gedir. Bir maddi köməklik də etsinlər...

Xatırlatma

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Ancaq şair ittihamla razılaşmayaraq yazdığı satirik, tənqidi şeirlərə görə cəzalandırıldığını bildirmişdi.

Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

Tofiq Həsənli kütləvi informasiya vasitələrində (KİV) hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Tofiq Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Azərbaycan rəsmiləri isə vətəndaşların hər hansı fikirlərinə, tənqidlərinə görə yox, törətdikləri cinayət əməllərinə görə azadlıqdan məhrum edildiyini bəyan edirlər. Konkret Tofiq Həsənlinin həbsi ilə bağlı da eyni cavab verilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG