Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:35

Həbsdəki şairin anası: ‘Bank çapana 5 il iş verirlər, şeir yazana 6 il’


Zərifə Cəlalova, Tofig Həsənlinin anası, 8 dekabr 2018
Zərifə Cəlalova, Tofig Həsənlinin anası, 8 dekabr 2018

“Heç halı yoxdur, türmədə, xəstəxanada yatır”

Lənkəran şəhəri, Kələntərli küçəsi, ev 35. Narkotik ittihamı ilə 6 il azadlıqdan məhrum edilən satirik şair Tofiq Həsənlinin 85 yaşlı yataq xəstəsi anası Zərifə Cəlalova və bacısı bu ünvanda yaşayırlar.

AzadlıqRadiosunun əməkdaşı birinci dəfə bu ünvana baş çəkəndə Cəlalovların yaşadığı evin dam örtüyü yox idi.Yağışdan, qardan qorunmaqdan ötrü evin üstünə polietilen örtüblərmiş. Amma bu da yağışın otaqlara dammasının qarşısını ala bilməyib. Yataqdan qalxa bilməyən Zərifə Cəlalaova və ona baxan qızı isə başqa çarə düşünə bilməyiblər.

“Tofiqsiz dolanışığımız da yaxşı deyil. 30 il idi ev tikmişdik, üstü açıq idi. İcra aparatına müraciət etdim ki, yağış üstümə yağır, kömək edin. Dedilər ki, belə işlər üçün bizə vəsait vermirlər”.

​Söhbət əsnasında dəfələrlə kövrələn ana deyir ki, adını bilmədiyi bir nəfər dam örtüyünü vurdurub:

“Bir nəfər hacı bu işləri gördü. Dam örtüyünü vurdurmağa kömək edib.Yoxsa qışı bu evdə yaşaya bilməzdik...”

Beləcə, yağışdan, nəmişlikdən qurtulsalar da, gözlərinin nəmi qurumur. Ana övladının səhhətinə görə narahatdır. AzadlıqRadiosunun əməkdaşını bura gətirən də son vaxtlar Tofiq Həsənlinin həbsxanada xəstələnməsi barədə xəbərlərin yayılmasıdır.

Tofiq Həsənli
Tofiq Həsənli

Şairin anası Zərifə Cəlalova oğlunun xəstə olduğunu deyir. Bu haqda ara-sıra həbsxanadan zəng edən oğlunun zənglərindən öyrənə bilib:

“Danışırıq arada. O bizə zəng edir. Heç halı yoxdur. Türmədə, xəstəxanada yatır. Nəyə görə xəstədir, bilmirəm. Soyuqlayıb deyirlər. Burda çox az hallarda xəstələnərdi.Türmədədir də”.

Hiss olunur ki, oğlunun səhhəti haqda dedikləri onu inandırmayıb, amma gedib görməyə də nə fiziki, nə də maddi imkanı var:

“Adətən həbsxanada olanın yanına getmək lazım gəlir. Övladlarım, yaxınlarım, mərhəmətli insanlar kömək edirlər. Mən yüz manat pensiya alıram. O pulla həbsxanaya necə getmək olar? Onunla mən işıq, qaz pulu verirəm... Allaha pənah, yaşayırıq”.

“Mənim bu günümdə gələsən, Nəbi...”

Danışa-danışa ana göz yaşlarını saxlaya bilmir. Əlində tutduğu Tofiq Həsənlinin şəkillərini göstərib deyir ki, şeir yazmağı çox sevərdi:

“Bu adam şeir yazıb. Şairi də həbsxanaya salarlarmı?.. Şeirdə tərif də olar, tənqid də. Tənqid edəndə keflərinə dəyir, tərif deyəndə xoşlarına gəlir... Bank çapana 5 il iş verirlər, şeir yazana 6 il. Bu ədalətli deyil...”

Ana övladını azadlıqda görmək istəyir:

“Mən savadsız adamam. Heç kimə yazmaq, şikayət etmək istəmirəm. Mənim uşağımı necə tutublar elə də buraxsınlar. Mənim uşağımı oğurlayıblar. Neçə gündən sonra ondan xəbət tutduq. Evə gələndə bir dəstə onu tutub aparıb. Bir qadın mənə zəng etdi, dedi ki, orda idim, bir dəstə adam Tofiqi tutub apardı...”

Ana oğlunun şərlənərək həbs olunduğunu iddia edir, narkotiklə bağlı ittihamları rədd edir:

“Yalandır hamısı. Oğlum Kərbəlaya getmişdi... Sovet vaxtı orduda xidmət etmişdi. Qarabağ savaşı başlayanda köməyə getdi. Murovdağda olub. Şeirlərnə görə həbs ediblər onu. Bəs nəyə görə həbs ediblər? Oğurluq eləməyib, kimisə öldürməyib. Nə qədər ki, dünya düzəlməyib o da yazacaq. Mən həmişə ona deyirdim ki, doğrunu, həqiqəti yazırsan deyə səni tutacaqlar. Hiss edirdim... Həmin günü geyinmişdi-keçinmişdi. Qapıda durdu dedi ki, necəyəm?.. Sonra “Qaçaq Nəbi” dastanından şeir dedi: “Mənim bu günümdə gələsən Nəbi, qazamat dalını dələsən Nəbi...” Elə bil tutulacağını hiss etmişdi. Uşaq getdi, gəlmədi...”

Bu yerdə ana söhbətə ara verir. Fikrə gedir. Qısa aradan sonra deyir ki, daha dözə bilmir:

“Üstümə nöyüt töküb yandıraram. Kasıblıq bu yandan, oğul dərdi də bu yandan. İlk vaxtlarda vəkil tuta bilmədik. Sonra kömək etdilər, vəkil tutduq. O da qaçdı getdi, işə baxa bilmədi. Sonra dedilər siyasi məhbusdur. İndi başqa vəkil tutublar, el tutub”.

Yaşlı, xəstə qadın yenə söhbətin mövzusunu sürətlə dəyişir:

“85 yaşım var. Qapıya qədər gedə bilmirəm. Ağırdır. Adamlar kömək edir, çox sağ olsunlar. Ancaq bunlar Tofiqi əvəz edə bilmir. Mən xəstəyəm. Arada vəziyyətim pisləşdi. Müraciət etdilər ki, Tofiq gəlsin, anasını görsün. İcazə vermədilər... Danışanın dilini kəsirlər, qoymurlar danışmağa”.

XATIRLATMA

Tofig Həsənli, (solda) sovet ordusunda
Tofig Həsənli, (solda) sovet ordusunda

​Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Ancaq ittihamı qəbul etmir. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

T.Həsənli kütləvi informasiya vasitələrində (KİV) hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə 3 il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Ancaq Azərbaycan rəsmiləri deyir ki, Azərbaycanda insanlar hər hansı fikirlərinə, tənqidlərinə görə yox, törətdikləri cinayət əməllərinə görə azadlıqdan məhrum edilirlər. Konkret Tofiq Həsənlinin həbsi ilə bağlı da eyni cavab verilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG