Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:38

ABŞ İranın sanksiyalardan sərbəst müddətini uzatdı, amma yeni sanksiyalar qoydu


ABŞ-ın maliyyə naziri Steven Mnuchin

Birləşmiş Ştatlar bəyan edib ki, 2015-ci il nüvə sazişinə əsasən İranın sanksiyalardan azad müddətini uzadıb, lakin Tehranın üzərinə onun ballistik raket sınaqları ilə bağlı yeni sanksiyalar qoyub.

Dövlət Departamentinin sentyabrın 14-də yayılmış bəyanatında deyilir ki, Tehran 2015-ci il sazişinin şərtlərinə uyğun olaraq sanksiyalardan sərbəst qalmaqda davam edəcək, bununla yanaşı Vyana sazişinin özünün gələcək taleyi naməlum olaraq qalır.

Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, İran, sanksiyalardan sərbəst müddətinin uzadılmasına prezident Donald Trump-ın onun beynəlxalq arenadakı davranışı ilə barışması əlaməti kimi baxmamalıdır.

2015-ci ilin iyulunda Vyanada İran və dünyanın altı gücü arasında imzalanmış sazişə görə Tehranın öz nüvə proqramını məhdudlaşdlırması müqabilində onun üzərindəki sanksiyalar yumşaldılıb.

Hazırkı ABŞ qanunlarına görə sanksiyalardan sərbəstlik yalnız 120 gün müddətinə verilə bilər. Bu isə o deməkdir ki, Vaşinqton Tehranın sanksiyalardan sərbəstliyi məsələsinə hər dörd aydan bir baxmalı olur.

Özünün seçki kampaniyası ərzində Trump dəfələrlə Vyana sazişini “ən pis razılaşma” adlandırıb və onu “cırıb tullayacağı” ilə hədləyib. Lakin sonrakı dövrdə prezident İrana qarşı müəyyən səbir nümayiş etdirib.

Trump Vyana sazişi barədə tənqidini sentyabrın 14-də də təkrar edib və bildirib ki, İran sazişin “ruhunu” pozmaqda davam edir.

Lakin o bu dəfə ABŞ-ın bu sazişdən çıxacağı barədə hədəsini səsləndirməyib.

ABŞ və BMT-nin nüvə gözətçiləri Tehranın indiyədək bu saziş üzrə öhdəliklərinə əməl etdiyini bildirirlər.

ABŞ-ın Maliyyə Nazirliyi sentyabrın 14-də İranın ballistik raket proqramı ilə bağlı Tehranın üzərinə yeni sanksiyalar elan edib.

Yeni sanksiyalar İranın raket proqramına dəstək verməkdə şübhəli bilinən 11 fərd və vahidə şamil ediləcək.

Nazirlik bildirib ki, yeni sanksiyalar Ukraynanın iki aviaşirkətinə də aid edilib. Bu şirkətlər sanksiya altında olan İran və İraq aviasiya şirkətlərinə dəstəkdə ittiham edilir.

Xəbərlərdə deyilir ki, söhbət Ukraynanın Khors Aircompany və Dart Airlines şirkətlərindən gedir. Bu şirkətlərin İranın və İraqın sanksiyalı hava şirkətlərinə xidmətlər göstərdiyi bildirilir.

Sanskiayalara aid sənəddə deyilir ki, Kors və Dart İranın Caspian Air şirkətinə xidmət göstəriblər və ABŞ istehsallı təyyarəni İraqın Al-Naser Airlines şirkətinə satıblar.

Sentyabrın 14-də ABŞ dövlət katibi Rex Tillerson yolüstü Londonda dayanıb və burada Britaniyanın xarici işlər naziri Boris Johnson-la verdiyi mətbuat konfransında deyib ki, ABŞ İran siyasəti üzərində işi davam etdirir.

Londonda çıxan qəzetlərin yazdığına görə Britaniya İrana qarşı sanksiyalar siyasətində ABŞ-la müəyyən fikir ixtilaflarına malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG