ABŞ rəsmilərinin yanvarın 19-da verdiyi məlumata görə dövlət katibi Rex Tillerson-un gələn həftə Avropaya səfəri zamanı müttəfiqlərlə görüşündə gündəliyin əsas məsələsi İran olacaq.
Tillerson-un bu səfərindən əvvəl İranla 2015-ci il nüvə sazişinin qüvvədə saxlanması üçün səhnəarxası danışıqlar keçirilmişdi.
Bu ayın əvvəllərində ABŞ prezideni Donald Trump İran üzərindəki sanksiyaların qaldırıldığı müddəti “son dəfə” uzatmaq qərarına gəlib. O bununla yanaşı bildirib ki, ABŞ Konqresi və Avropa müttəfiqlərinin 2015-ci il sazişindəki “fəlakətli qüsurları” aradan qaldıracağına ümid edir.
Trump sözü gedən sazişin şərtləri yaxşılaşdırılmazsa, ABŞ-ın bu razılaşmadan çıxacağı ilə hədələyib.
Dövlət Deparamentinin adının çəkilməsini isəməyən rəsmisi yanvarın 19-da müxbirlərə deyib ki, Tillerson-un Avropa görüşlərində İran danışıqların əsas mövzusu olacaq.
Həmin rəsmi bildirib ki, ABŞ hazırda Britaniya və Fransa ilə birlikdə İran sazişindəki “qüsurların və boşluqların” aradan qaldırılması məsələsini müzakirə edir.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın bu sazişdən çıxması razılaşmanın iflası ilə nəticələnə bilər.
Lavrov yanvarın 19-da BMT-nin Nyu Yorkdakı qərargahında müxbirlərə deyib: “Bu saziş, onun tərəflərindən birinin, birtərəfli qaydada ondan çıxacağı təqdirdə icra oluna bilməz. Bu saziş çökəcək və bundan sonra ortada heç bir razılaşma olmayacaq”.
Tillerson Avropaya səfəri zamanı London, Paris, Varşava və Davosda olacaq.
ABŞ rəsmisi deyib ki, Tillerson Varşavada Polşadakı ABŞ hərbi kontingenti ilə bağlı məsələləri müzakirə edəcək.