Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Britaniyanın baş naziri ikinci referendum müzakirəsinə razılıq verir


Britaniyanın baş naziri Theresa May
Britaniyanın baş naziri Theresa May

Britaniyanın baş naziri Theresa May ölkənin Avropa İttifaqından çıxmasına dair ikinci referendumun parlamentdə müzakirəsinə razılaşıb.

Guardian yazır ki, o bu barədə bəyanatı mayın 21-də televiziya ilə translyasiya edilən çıxışında verib.

Xanım May bildirib ki, İcmalar Palatasının üzvləri təkrar referendumun təşkil edilməsi məsələsini səsə qoya bilərlər.

O əlavə edib ki, parlamentin bu barədə qərarı Avropa İttifaqı ilə sazişin mətninə əlavə olunacaq.

Bu isə o deməkdir ki, ikinci referendumun keçirilməsinə səs verənlər eyni zamanda həm də Theresa May-in parlamentdə artıq 3 dəfə rədd edilmiş saziş təklifi ilə razılaşmalıdırlar.

Theresa May etiraf edib ki, o, Avropa İttifaqından çıxış sazişinin mətni barədə danışıqlarda müxalif leyboristlərin dəstəyini qazana bilməyib.

Siyasətçilər ən əsası Avropa İttifaqı ilə gömrük ittifaqında qalıb-qalmamaq məsələsində razılığa gələ bilmirlər.

Buna görə də xanım May bildirib ki, onun təklif etdiyi saziş layihəsində bu məsələyə 2020-ci ilin sonunadək həll yolu tapmaq şərti qoyulub.

Bu ona görə edilir ki, növbəti seçkidə müxalif Leyborist Partiyası hakimiyyətə gələrsə, Avropa İttifaqı gömrük ittifaqında daimi qalmaq barədə qərar qəbul edə bilsin.

Britaniya Avropa İttifaqından martın 29-da çıxmalı idi. Lakin bu, parlament Theresa May-in saziş təklifini üç dəfə rədd etdikdən sonra mümkün olmayıb.

Eyni zamanda millət vəkilləri başqa bir səsvermə ilə hökumətə Avropa İttifaqından sazişsiz ayrılmağı qadağan ediblər.

Aİ-dən çıxış üçün Britaniyaya verilmiş son möhlət oktyabrın 31-də bitir.

İndi Theresa May Avropa İttifaqı ilə artıq mövcud sazişi iyunun ilk həftəsində dördüncü dəfə parlament səsverməsinə qoymağı planlaşdırır.

Xanım May bildirib ki, bu səsvermənin nəticəsindən asılı olmayaraq o, baş nazir postundan getməsi üçün vaxt cədvəli təqdim edəcək.

Bunun yay aylarında baş verəcəyi gözlənilir.

Theresa May-in ikinci referendum təklifi verməsi onun öz partiyadaşları tərəfindən kəskin tənqid olunub.

Hətta ikinci referendum ideyasının qızğın müdafiəçisi olan Şotland Millətçi Partiyasının lideri Nicola Sturgeon də deyib ki, Theresa May-in saziş təklifi onun partiyasından olan 35 millət vəkili tərəfindən rədd ediləcək:

“Theresa May deyir ki, bu saziş qanununun əleyhinə səs verənlər Breksitin dayandırılmasına səs vermiş olacaqlar. Bu elə SNP-nin istədiyi nəticədir. Şotlandiya heç əvvəldən Breksitə səs verməyib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG