Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:15

Ağdamın icra başçısı dələduzluğa görə istintaqda dindirilib


Raqub Məmmədov
Raqub Məmmədov

Keçmiş MTN-in bir sıra əməliyyatlarında adı keçən, sabiq prezident Ayaz Mütəllibov Moskvada mühacir kimi yaşadığı illərdə onun mətbuat katibi kimi çalışmış Teylor İbrahimov xeyli vaxtdır ki, dələduzluq suçlaması ilə həbsdədir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işində 20-dən çox zərərçəkmişə dəymiş 100 min manatdan çox ziyandan söhbət gedir.

Yaxınlarının həbsdən buraxılması, işə düzəlmək, vəzifədə irəli çəkilmək və başqa məqsədlə T.İbrahimova pul verdiklərini deyən zərərçəkmişlər məhkəmədə dindiriləndə, həm də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovu günahkar sayırlar. Bildirirlər ki, T.İbrahimovun adamlardan pul alıb aldatmasından icra başçısının da xəbəri olub. Onların sözlərinə görə, T.İbrahimovu dəfələrlə icra başçısının yanında görüblər. Elə İbrahimov da onlara vəd verərkən, məsələni başçının köməyi ilə həll edəcəyini deyirmiş. Hətta bəzi zərərçəkmişlər aldandıqlarını biləndən sonra pullarını geri almaq üçün birbaşa icra başçısının yanına getdiklərini söyləyirlər.

***Buna da bax-Zərərçəkmiş: 'Möhtərəm hakim, elə danışırsız elə bil peykdən gəlmişik'

«İcra başçısı ilə beş dəfə görüşmüşəm. O mənə söz vermişdi ki, işi düzəldəcək. Hətta bir dəfə «sən öl» vurub, and da içmişdi. Məni yandıran odur ki, icra başçısı hansısa dələduza qoşulub, camaatı aldadıb pulunu alıblar...», – zərərçəkmişlərdən Ağdam sakini İsmayıl Məmmədovun sözləridir.

Məlum olub ki, T.İbrahimov haqqında cinayət işinin istintaqı zamanı Ağdamın icra başçısı da dindirilib. R.Məmmədov onun T.İbrahimovla əlbirliyi haqda zərərçəkmişlərin iddialarına görə istintaqa cəlb olunub.

İcra başçısı ilə sayt rəhbəri arasında işədüzəltmə söhbətləri

İfadəsində 2014-cü ildən icra başçısı vəzifəsində işlədiyini deyən R.Məmmədov T.İbrahimovla münasibətləri olduğunu gizlətməyib. Deyib ki, onu xəbər saytının rəhbəri kimi tanıyıb. Onun sözlərinə görə, Teylor Ağdamda keçirilən ictimai tədbirlərdə jurnalist kimi iştirak edib, bunu saytda yayımlayıb:

«Sonradan eşitdim ki, Teylor Ağdam sakinlərini aldadıb, onlara icra başçısı tərəfindən müəyyən vəzifələrə təyin etdirəcəyi haqda vədlər verib, adamlardan müxtəlif məbləğdə pullar alıb».

Teylor İbrahimov
Teylor İbrahimov

İcra başçısı məhkəmədə onu suçlayan zərərçəkmiş İ.Məmmədovun T.İbrahimovla birlikdə onun yanına gəldiyini də təsdiqləyib:

«Teylor İbrahimov Ağdamın Güllücə kənd sakini İsmayıl Məmmədovla birlikdə rayon icra hakimiyyətinə gəlmişdi. Teylor İsmayılı anasının qohumu kimi təqdim etdi. Məndən xahiş elədi ki, İsmayılı İmamqulubəyli qəsəbə nümayəndəliyində bir işlə təmin edim. Mən də fikirləşib, İsmayıla dedim ki, onun üçün bir iş taparam. Bir müddət sonra İsmayıl yenə gəldi, məndən iş haqda soruşdu, dedim ki, hələlik rayonda ona münasib vakant yer yoxdur. Amma kimsə təqaüdə çıxsa, onun yerinə təyin edilə bilər. Sonra eşitdim ki, Teylor ondan mənim adımla müəyyən miqdarda pul alıb. İcra hakimiyyətinin binası qarşısında İsmayılı yanıma çağırıb, ətrafdakıların da eşidəcəyi tonda ondan soruşdum ki, «Teylor Fətiş oğluna vəzifəyə təyin olunmaq üçün pul vermisən?». İsmayıl cavab verdi ki, «xeyr». Xəbərdarlıq elədim ki, əgər sən Teylora və ya başqasına bu məqsədlə pul vermisənsə, heç bir vəzifəyə təyin olunmayacaqsan».

***Buna da bax-Kəmaləddin Heydərovun polkovnik 'dayısı oğluna' 15 il həbs verildi

«İdarə rəisi təyin etdirmək üçün 35 min alıb...»

İcra başçısının sözlərinə görə, bir müddət sonra T.İbrahimovun Ağdamın Üçoğlan kənd sakini Rafil Hətəmovdan da su-kanal idarəsinə rəis təyin etdirmək adı ilə pul aldığını eşidib. Həmin ərəfədə T.İbrahimov saytında Ağdam Rayon Su-Kanal İdarəsinin rəisi Vüqar Qəhrəmanov haqda xoşagəlməz məlumatlar yayıb:

«Teylor məndən onu su-kanal idarəsinə rəis təyin etməyi xahiş edib. Mən isə ona telefonla dedim ki, həmin idarəyə «Azərsu» rəhbərliyi tərəfindən rəis təyin edilib. Həmin ərəfədə Rafil Hətəmovu icra hakimiyyətinin həyətində qəbul etmişəm. Rafil mənə dedi ki, su-kanal idarəsinə rəis təyin olunmaq üçün Teylor ondan 35 min manat pul alıb. Deyib ki, həmin pulu icra başçısına vermişəm. Məsələyə aydınlıq gətirmək üçün dərhal Rafilin yanında Teylora zəng edib soruşdum ki, Rafili niyə aldatmısan, pulunu səndən geri almaq üçün Bakıya gəlir. Rafilə də məsləhət gördüm ki, hüquq-mühafizə orqanlarına müraciət eləsin, qanuni yolla Teylordan pulunu tələb eləsin. Sonra Teylor mənə zəng eləyib dedi ki, ondan pulu vəzifəyə təyin etdirmək üçün yox, borc alıb. Mənə də yalvarıb xahiş elədi ki, Rafilə deyim, on günə pulunu qaytaracaq. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətim pisləşib. Teylor haqqında Ağdam rayon prokurorluğuna məlumat vermişəm».

Təqsirləndirilən T.İbrahimov icra başçısının məhkəmədə də dindirilməsini istəyir. O, məhkəmədə bu haqda vəsatət qaldırıb. Amma icra başçısı teleqram göndərib ki, istintaqdakı ifadəsini təsdiqləyir.

Məhkəmə davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG