Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:50

Zərərçəkmiş: 'Möhtərəm hakim, elə danışırsız elə bil peykdən gəlmişik'


Keçmiş prezident Ayaz Mütəllibov mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu).
Keçmiş prezident Ayaz Mütəllibov mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu).

"Ağdamın icra başçısı ilə beş dəfə görüşmüşəm. O, mənə söz vermişdi ki, işi düzəldəcək. Hətta bir dəfə "sən öl" də deyib and içmişdi. Məni yandıran odur ki, icra başçısı hansısa dələduza qoşulub, camaatı aldadıb pulunu alıblar...", – Bu iddianı Ağdam sakini İsmayıl Məmmədov iyulun 25-də məhkəmədə zərərçəkmiş kimi ifadəsində səsləndirib.

“PULUMUZU ALIB ALDATDI”

İsmayıl Məmmədov keçmiş MTN-in bir sıra əməliyyatlarında adı keçən Teylor İbrahimovun (Fətişoğlu) cinayət işində zərərçəkmiş kimi tanınıb. Teylor İbrahimov hələ keçmiş prezident Ayaz Mütəllibov Moskvada mühacir kimi yaşadığı illərdə onun mətbuat katibi kimi çalışıb. İndi o bir sıra şəxsləri, o cümlədən İsmayıl Məmmədovu vəzifəyə düzəltmək adı ilə onlardan böyük məbləğdə pul almaqda təqsirləndirilir.

Buna da bax:​ Keçmiş deputat 13 il azadlıqdan məhrum edildi

Zərərçəkmiş məhkəmədə: “Pul verməsək, çoban kimi də işə götürməzlər”

Külli miqdarda ziyan vurmaqla dələduzluqda (CM-nin 178.3.2-ci maddəsi) ittiham olunan T.İbrahimov haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmədə zərərçəkmişlərdən Eldəniz Nurəddinov deyib ki, qardaşı oğlunun həbsdən çıxması üçün T.İbrahimova bir neçə dəfəyə ümumilikdə 10 min 700 manat verib.

"Bu adam hər dəfə görüşə dövlət işçilərinə verilən nömrəli maşınla gəlirdi. Söz vermişdi ki, qardaşım oğlunun həbsdən çıxmasına kömək edəcək. Amma pulumuzu alıb aldatdı", – zərərçəkmiş belə deyib.

“6 MİN DOLLAR KREDİT GÖTÜRÜB 5 MİN MANATI ONA VERDİM”

T.İbrahimov isə onun yalan danışdığını bildirib. Deyib ki, bu adamı da, onun qohumlarını da tanımır.

Buna da bax: Cəbhəçilərdən Ədliyyə Nazirliyinə etiraz

T. İbrahimovun aldadıb pulunu aldığı iddia olunan adamların hamısı Ağdam sakinləridir. Zərərçəkmişlər məhkəmədə deyiblər ki, İbrahimovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla yaxın münasibətləri olub. Onu bir neçə dəfə icra başçısının yanında görüblər. Elə özü də adamlara problemlərinin həllini vəd edəndə icra başçısı vasitəsilə edəcəyini deyirmiş.

"Pulu da Teylorun özünə verdim. 6 min dollar kredit götürüb 5 min manatı ona verdim..."

Zərərçəkmiş İsmayıl Məmmədov deyir ki, Raqub Məmmədov 2014-cü ildə bu rayona icra başçısı təyin ediləndən T.İbrahimovu onun yanında görüb. Elə bunu nəzərə alıb, düşünüb ki, onu kənd icra nümayəndəsinin müavini təyin etdirməyə gücü çatar. Buna görə də ona 5 min manat pul verib: "Sonra dedi ki, "icra başçısının yanına get". Mən də getdim. İcra başçısı məni qəbul elədi. Dedi ki, narahat olma, işi həll edəcəyik. Pulu da Teylorun özünə verdim. 6 min dollar kredit götürüb 5 min manatı ona verdim. Beş dəfə icra başçısı ilə görüşmüşəm. Hələ mənə söz verdi ki, kənd icra nümayəndəsinin müavini də yox, icra nümayəndəsi vəzifəsinə təyin olunacam".

Buna da bax:​ Maşallah Əhmədovun cəzası 2 ilə endirildi

“ELƏ BİL, PEYKDƏN GƏLMİŞİK”

Hakim İsmayıl Məmmədovdan işə düzəlmək üçün niyə pul verdiyini soruşanda zərərçəkmiş sualı belə cavablayıb: "Möhtərəm hakim, elə danışırsız ki, elə bil, biz peykdən gəlmişik. Biz pul verməsək, çoban kimi də işə götürməzlər".

Teylor İbrahimov bu zərərçəkmişin söylədiklərinə cavab olaraq deyib ki, İsmayıl Məmmədov pulu ona yox, tanışı Allahverən Quliyevə verib. Həmin 5 min manatdan 500 manatı ona çatacaqmış: "Allahverən 500 manatı da mənə vermədi".

Başqa bir zərərçəkmiş Cəfər Həşimov isə məktəb direktoru olmaqdan ötrü 15 min 500 manat pul verdiyini deyir: "Mən pulu Allahverən Quliyevə vermişəm. Teylordan şikayətim yoxdur".

Buna da bax:​ Fərman Ceyranlı: 'Mən siyasi məhbusam'

Qeyd edək ki, Allahverən Quliyevdən və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovdan onların ünvanına səslənən ittihamlara cavab almaq, hələlik, mümkün olmayıb.

Məhkəmə avqustun 8-də davam edəcək.

XS
SM
MD
LG