Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Aksiyada: 'Qələbə kasıbların hesabına qazanılıb, nazirlərin yox'


Tərtər hadisələrində həbs olunanların yaxınları Prezident Administrasiyası yaxınlığında aksiya keçiriblər.
Tərtər hadisələrində həbs olunanların yaxınları Prezident Administrasiyası yaxınlığında aksiya keçiriblər.

Bu gün, dekabrın 7-də Tərtər hadisələrində həbs olunanların yaxınları Prezident Administrasiyası yaxınlığında aksiya keçiriblər. Onlar həbs olunanların işinin ədalətli araşdırılmasını və yaxınlarının azad edilmələrini istəyiblər.

Müşfiq Əhmədovun anası deyib ki, övladı 2017-ci ildə məzuniyyətdə ola-ola günahsız həbs olunub: "Təsəvvür edin ki, oğlum məzuniyyətdəydi, gəlib evdən aparıblar. İndi də Prezident Administrasiyasının qarşısına aksiyaya çıxmışam, amma dövlət başçısına və dövlətimə qarşı deyiləm. Oğlumun işi araşdırılmalıdır, bilirəm ki, günahsızdır, ona görə bura gəlmişəm".

""Dəmir yumruq" demirmi…"

Onun vurğulamasına görə, oğlu 2016-cı ildə hərbi əməliyyatlarda iştirak edib, saxlandıqdan sonra da 16 il həbs cəzası alıb: "Bax, "vur, komandir" çağırılan oğlanın anasıyam. Ancaq oğlumu həbs etdirənlərin rütbələrini artırıblar. Oğlumun məhkəməsinə də buraxmadılar, ona görə işin qanunsuz aparıldığını hesab edirəm. Özümüz ağırlığında bu binaya ərizələr vermişik, amma cavab yoxdur. Prezidentimiz "dəmir yumruq" demirmi, bax, onu vursun stola, bu işə düzgün baxsınlar. Səs vermişəm prezidentə, bizi qəbul etsin, heç olmasa, birimizi qəbul etsin".

Aksiyaya qatılan Rəhim Muradov isə "Tərtər işi"nin dövlətçiliklə bağlı olduğunu deyib: "Xalqımız anlamalıdır ki, orda elə bir cinayət baş verib ki, bunu Allah da götürməz… Bu işlərlə bağlı 1765 nəfər həbsə düşübsə, sabah başqalarının da həyatına təminat yoxdur".

17 il azadlıqdan məhrum olunan Orxan Babayevin bibisi də qardaşı oğlunun azad olunması üçün aksiyaya çıxdığını deyib: "Atası Nəriman oğlunun həbsinin 11-ci ayında qəfildən vəfat etdi. Əvvəllər qardaşım gəlirdi, ürəyi dözmədi, öldü. İndi özüm gəlirəm. Hazırda doqquz baş ailə yiyəsizdir, körpə uşaqları var. Prezidentimdən xahiş edirəm ki, 17 il cəza alan Orxanı azad etsin, ailə başsız qalıb, evinə bir tikə çörək gətirən yoxdur. Çünki qardaşım oğlu günahsızdır, çox allahsızlıq, haqsızlıq etdilər".

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

O, daha sonra sual edib: "Prezident bizim ahımızı eşitmirmi?". Onun vurğulamasına görə, İkinci Qarabağ müharibəsində qələbə kasibların hesabına qazanılıb: "Nazirlərin yox. Xahiş edirəm prezident bu işə yaxşı baxsın".

"Dəmiri qızdırıb bədənimə basırdılar, toka verirdilər…"

"Tərtər işi"ində həbs olunan Nemət Məhərrəmov isə ona işgəncə verilməsindən danışıb: "Dəmiri qızdırıb bədənimə basırdılar, toka verirdilər, ayağımdan asırdılar. Sutkalarla ac saxlayırdılar, bir stəkan su nəydi ki, vermirdilər".

N.Məhərəmov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunduğunu bildirib: "…Mehman Hüseynov və Elxan Ağazadə işgəncəyə dözməyib öldülər. Guya, mən ermənilərə nələrisə satmışam. Ancaq bir neçə il sonra etiraf etdilər ki, gizir Nemət Məhərrəmov heç nə satmayıb. Səbəb nə idi ki, mən 54 gün ağır işgəncələrə məruz qaldım?! Ancaq 274-cü maddəni boynuma qoya bilmədilər. İndi də işsizəm, ailəmi saxlaya bilmirəm, səbəb həmin hadisələrdə saxlanılmağımdır…".

Aksiyanın sonunda onlar ərizələrini polislərin iştirakıyla Prezident Administrasiyasına təqdim ediblər.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Aksiyada səslənən fikirlərə, hələlik, Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl onlara müxtəlif dövlət qurumlarında olarkən şikayətlərinin araşdırılacağı barədə cavablar veriblər.

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq etdi.

Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin saxlandığı, onlardan neçə nəfərin öldüyü və məhkəmə qərarları ilə bağlı ictimaiyyətə geniş, detallı açıqlama verməyiblər. Məhkəmə qapalı keçirilib.

Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib. Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin 5-nə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər. Azərbaycanın rəsmi qurumlari isə ictimaiyyətə açıqlamalarında ölkənin cəzaçəkmə müəssisələri və təcridxanalarında işgəncə olması ilə bağlı şikayətləri təkzib edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG