Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Naxçıvan gömrüyünün keçmiş sədri məhkəmədə dindirilib


Telman Əliyevin adı təxminən 1 milyon manatlıq dələduzluq işində hallanır

Naxçıvan Gömrük Komitəsinin keçmiş sədri Telman Əliyevin adı təxminən 1 milyon manatlıq dələduzluq işində hallanır. O bu üzdən Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilib.

Bu cinayət işində Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fondunadək bir çox qurum əməkdaşının adları keçir və hakimiyyətdə ən yuxarı səviyyədə təmsil olunan şəxslərin yaxınlarına bahalı zinət əşyalarının hədiyyə verildiyi iddia edilir.

Bir milyon manatlıq dələduzluğa görə məhkəmə önünə təqsirləndirilən şəxs qismində bir nəfər çıxarılıb - hərbçi polkovnik Sahib Şükürov. O, işə düzəltmək, həbsdən buraxdırmaq adıyla adamlardan pul alaraq, onları aldatmaqda ittiham olunur.

Həbsdə olan polkovnikə CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham irəli sürülüb.

“33 min dollar aldım. 30 min dollarını Əliyə verdim”

Sahib Şükürov özünü təqsirli bilmir. Məhkəmədəki ifadəsində də deyib ki, zərərçəkənlərdən aldığı pulları özü "yeməyib", onların işini düzəltməyə söz vermiş vasitəçilərə verib.

Zərərçəkənlərdən biri İlqar Əliyevdir. O, Nazirlər Kabinetinə işə düzəlməkdən ötrü 49 min manat verib.

Sahib Şükürov bu şəxsdən pul alındığını təsdiqləyir, amma deyir ki, həmin pul Prezident Administrasiyasının işi düzəldəcək əməkdaşına çatıb: "Mənim Xaqani adlı əsgərim olmuşdu, İlqar Əliyevin işə düzəlməsini də o xahiş eləmişdi. Mən də köhnə dostlardan, yoldaşlardan olan Natiq Məmmədovdan xahiş etdim. Natiq Heydər Əliyev Fondunda işləyirdi. Ona bu məsələni dedim, maraqlandı. Sonra məni Prezident Administrasiyasının Əli adlı əməkdaşı ilə görüşdürdü. Görüş Administrasiyanın arxasında oldu. Əli Prezident Administrasiyasından çıxıb gəldi. Natiqin yanında dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dollarını Əliyə verdim".

“İş düzələcəyi halda, mənə də hörmət edəcəkdilər”

Daha bir zərərçəkmişsə Xanımbacı İsmayılovadır. İttihama görə, 10 il 6 ay həbs cəzası almış qızı Həcər Quliyevanın buraxılmasından ötrü ondan 794 min manat alınıb.

Həcər Quliyeva və onunla birlikdə 11 il cəza almış oğlu Sahin Quliyev "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs olunublar.

H. Quliyeva "Bizim market"lərin sahibinin baldızıdır. Onun oğlu marketlər şəbəkəsində çalışıb. R.Salmanov iddia edir ki, baldızı və oğlu əlbir olaraq, onun 4 milyon manat dəyərində əmlak və pulunu ələ keçiriblər.

Həbsdə olan polkovnik S. Şükürov H.Quliyevanın azadlığa çıxması üçün anasından pul alındığını da inkar etmir. Onun sözlərinə görə, Naxçıvan gömrüyünün keçmiş rəhbəri Telman Əliyev də bu işdə vasitəçi olub: "Məndən kömək istədilər. İş düzələcəyi halda, mənə də hörmət edəcəkdilər. Mən də Telman Əliyevə dedim. Fikirləşdim ki, onun vəzifəli tanışları çoxdur, onlara deyə bilər".

“Bu şəxs... vəzifəli adamların adını ləkələyir”

Telman Əliyevsə fərqli danışır. O, məhkəmədə bildirib ki, təqsirləndirilən polkovniki heç tanımır: "Mənə bir nəfər tanımadığım adam zəng elədi ki, həbsdə olan bir xanımın işini hakimdən xahiş edim. Onun ev dustaqlığına buraxılmasını istəyirdi. Mən də dedim, amma mümkün olmadı. Bu adamı tanımıram. Mən nə bilirəmsə, danışdım. İndi bu şəxs vəzifəli adamların adını çəkib, onların adını ləkələyir".

Təqsirləndirilən polkovnik onun yalan danışdığını söyləyib: "Mən artıq ölürəm. Niyə həqiqətləri danışmırsan? Mənimlə neçə dəfə görüşmüsən, vəzifəli şəxslərin adını çəkmisən. Mən bu gün ölməyə də hazıram. Həqiqətləri danış..."

“Məni tanımadığını deyir, ayıbdır”

Sahib Şükürovun sözlərinə görə, bu iş düzəlsəydi, Gömrük Komitəsinin keçmiş sədrinə pul da çatacaqdı, özü də xaricə müalicəyə göndəriləcəkdi: "Mənimlə görüşüb sədrin yanına getdik. Sədrlə görüşdən sonra Telman mənim yanımda tanınmış bir nəfərə zəng elədi, daha bir neçə yüksək vəzifəli şəxsin adını çəkdi. Mənə dedi ki, gör kimlərə ağız açıram". İndi gəlib məni tanımadığını deyir, ayıbdır..."

Telman Əliyev isə, əksinə, təqsirləndirilən şəxsin yalan danışdığını iddia edib.

Məhkəmə davam edir. Sahib Şükürovun vəkili işdə Prezident Administrasiyasının əməkdaşı kimi adı keçən Əli Kərimbəylinin dindirilməsini istəyib. Vəsatət təmin olunub. O, növbəti məhkəmə iclasına çağrılıb dindiriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG