Dağlıq Qarabağ uğrunda müharibə aparan Azərbaycan və Ermənistanla həmsərhəd İran döyüş əməliyyatlarını diqqətlə izləyir və münaqişənin sərhədləri aşa biləcəyindən narahatdır.
Bu barədə AzadlıqRadiosunun müxbiri Qolnaz Esfəndiyari yazır.
Məqalədə deyilir ki, İran rəsmiləri münaqişə zonasından atılan bir neçə raketin bir yaşayış məntəsi də daxil İran ərazisinə düşdüyünü bildiriblər.
Tehran iki qonşusu arasında davam edən bu mübahisədə incə mövqe tutub, İran, azərbaycanlılarının tam olaraq Azərbaycanı dəstəkləməsi üçün göstərilən təzyiqə baxmayaraq rəsmən neytrallığını elan edib.
Tehran münaqişənin lap başlanğıcından bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü, habelə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını tanıyır.
Buna baxmayaraq İran onunla ənənəvi bağları olan Ermənistana dəstək verməsi barədə iddiaları dəfələrlə “əsassız” adlandırmalı olub.
Türkiyənin adını çəkməsə də…
İran prezidenti Həsən Ruhani oktyabrın 7-də verdiyi bəyanatda Azərbaycanı “qardaş ölkə”, Ermənistanı isə “qonşu” adlandırıb:
"Müharibəyə son qoyulmalıdır. Biz ümid edirik ki, stabillik regiona qayıdacaq”.
Esfəndiyari yazır ki, vasitəçilik təklif etməsi, yülksək vəzifəli rəsmilərin sərhəd bölgəsinə səfərləri Tehranın Dağlıq Qarabağ münaqişəsinin sərhədləri aşa biləcəyindən narahatlığını göstərir.
Məqalədə deyilir ki, bu münaqişənin genişlənməsi regiondakı münaqişələrdə təmsili rol oynayan İslam Respublikası üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
Ruhani bu həftənin əvvəllərində bununla bağlı xəbərdarlıq edib:
"Bəziləri Suriyadan bizim sərhədlərimiz yaxınlığına terrorçular gətirməyə çalışırlar. Bu bizim üçün qeyri-məqbuldur”.
Məqalədə deyilir ki, Ruhani ad çəkməsə də, onun Türkiyəyə işarə etdiyi başa düşülürdü. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Türkiyəyə qarşı belə bir ittihamı açıq səsləndirmişdi.
Ankara və Bakı bu iddiaları qətiyyətlə rədd edir.
İran və Türkiyə Suriyada davam edən vətəndaş münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.
Tehran Suriya prezidenti Bəşər əl-Əsədə, Ankara isə antihökumət qüvvələrinə dəstək verir.
İsrail təhlükəsi
Leyden Universitetində Yaxın Şərq və Mərkəzi Asiya üzrə professor Turac Atabəki deyir ki, İran üçün ən böyük narahatlığı İsrailin regionda olması yaradır.
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə İsrail Azərbaycanın əsas silah təchizatçılarından biridir.
Azərbaycan Ermənistan qüvvələri ilə qarşıdurmada İsrail istehsalı olan dronlardan istifadə edir.
Atabəki AzadlıqRadiosuna deyib ki, Tehran həm də bu müharibənin təmsili münaqişəyə çevriləcəyindən və onun özünün müharibəyə cəlb oluna biləcəyindən narahatdır.
İranın Ermənistandakı keçmiş səfiri Seyidəli Sağaian “Həmşəhri” qəzetinə müsahibəsində deyib ki, hazırkı münaqişəyə səbəb “üçünücü tərəf elementləri, xüsusilə də sionist rejimdir”.
Keçmiş səfir bildirib ki, üçüncü tərəflər regional təsirlərini qoruyub saxlamaq üçün münaqişənin çözümünə mane olurlar.
Esfəndiyari yazır ki, İranda təxminən 20 milyon azərbaycanlı və 100 min erməni yaşayır və Tehran ölkədə bu zəmində etnik gərginliyin yarana biləcəyindən narahatdır.
Məqalədə deyilir ki, bu həftənin əvvəllərində Tehran və Təbriz də daxil bir sıra İran şəhərlərində Azərbaycana dəstək etirazları keçirilib.
Xameneyinin dörd azərbaycanlı nümayəndəsi
Bu etirazların əsnasında özü də azərbaycanlı olan ali rəhbər ayətüllah Əli Xameneyinin əhalisi əksərən azərbaycanlılardan ibarət dörd ostanında – Qərbi və Şərqi Azərbaycan, habelə Ərdəbil və Zəncandakı dörd nümayəndəsi Bakıya dəstək bildirən birgə bəyanatla çıxış edib.
Xamaneyinin bu ostanlardakı xüsusi nümayəndələrinin bəyanatında deyilir ki, Dağlıq Qarabağın Azərbaycana məxsus olması “şəksizdir”.
Bu arada Xameneyinin baş müavirlərindən Əli Əkbər Velayəti Ermənistanı Dağlıq Qarabağı “işğal etməkdə” günahlandırıb və oktyabrın 6-da Keyhan qəzetinə müsahibəsində Yerevanı qoşunlarını bu ərazilərdən çəkməyə çağırıb:
"Biz Ermənistanı işğal olunmuş bu əraziləri Azərbaycan Respublikasına qaytarmağa çağırırıq”.
Velayəti xatırladıb ki, işğal olunmuş ərazilərdən 1 milyon azərbaycanlı didərgin düşüb və bu adamlar tez bir zamanda evlərinə qayıtmalıdırlar.
Oktyabrın 7-də İran hökumətinin sözçüsü Əli Rabeyi Ermənistanı öz qüvvələrini Dağlıq Qarabağdan çıxarmağa çağırıb:
"Biz regionda sülh və dialoq, qoşunların ərazilərdən çıxarılmasını və Azərbaycanın ərazi bütövlüyünə ehtiram göstərilməsini istəyirik”.