Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:20

İran öz sərhədindən Ermənistana hərbi maşınları buraxmadığını deyir


İran-Ermənistan sərhədi
İran-Ermənistan sərhədi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə oktyabrın 5-də Tehranda keçirilən mətbuat konfransında deyib ki, İran öz sərhədi üstündən Ermənistana silah keçirilməsinə yol vermir:

"İran sərhədi Ermənistan üçün tranzit rolunu oynayır və biz yaxşı qonşuluq çərçivəsinə sadiq qalaraq sərhəd üzərindən Ermənistan hökuməti üçün yalnız humanitar yüklərin və adamların keçidinə imkan veririk. Heç bir halda hərbi maşınların keçidinə icazə verilmir”.

Sözçü bildirib ki, Tehran Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti yox daimi həllini istəyir:

"Onilliklərdir davam edən bu problemin daimi həlli Azərbaycanın ərazi bütövlüyünə ehtiram göstərilməsinə və bütün hərbi qüvvələrin işğal olunmuş şəhərlərdən çıxarılmasına bağlıdır. Siyasi danışıqlar mümkün qədər tez başlanmalıdır və münaqişələr dayandırılmalıdır”.

İranın "qırmızı xətti" və "öz planı"

Səid Xatibzadə habelə Dağlıq Qarabağ münaqişəsinin döyüşləri zamanı İranın Şərqi Azərbaycan ostanındakı kəndlərin də vurulmasına dair iddialara aydınlıq gətirib:

"İran İslam Respublikası öz sərhədlərində münaqişəyə, xüsusilə də öz ərazisinə hücuma dözümlülük göstərə bilməz. Biz hər iki paytaxtdakı (Bakı və Yerevan – red) dostlarımıza demişik ki, son dərəcə ehtiyatlı olsunlar və bu məsələyə son dərəcə diqqət versinlər. İslam Respublikasının sərhədlərinə qarşı hətta ehtiyatsızlıqdan baş vermis hər hansı təcavüz İslam Respublikasının qoyduğu çox ciddi qırmızı xətdir və keçilə bilməz”.

İran XİN-in sözçüsü əlavə edib ki, Tehranın bu münaqişənin çözümü ilə bağlı öz planı var:

"İran mübahisənin hər iki tərəfi – Azərbaycan və Ermənistan, habelə regional dövlətlər və qonşularla məsləhətləşmələrdən sonra təfərrüatları ehtiva edən spesifik çərçivə hazırlayıb və bu planın həyata keçməsinə çalışacaqdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG