Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:58

Təhlilçilər FED-in faiz artımının konkret təsirindən danışır [video]


Amerika Federal Ehtiyatlar sisteminin - (ing.) FED-in uçot dərəcəsini artırması dolların və manatın məzənnəsinə necə təsir edəcək?

FED-in martın 15-də keçirdiyi iclasda faiz dərəcəsi 0,25 faiz artıb, 0,75 -1 faizə qaldırılıb.

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, dolların və beynəlxalq kreditlərin bahalaşması gözlənilir.

Buna da bax: FED faizi artırdı - manat necə olacaq?

Onun proqnozuna görə, dollar ilin sonuna qədər xeyli bahalaşacaq, hətta bir avro bir dollar olacaq.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli neftin qiymətinin artmayacağını gözləyir:

"Ən azı Azərbaycan hökumətinin gözləntisi var idi ki, neft heç olmasa 60 dolları keçəcək. FED-in ilin sonuna qədər daha iki dəfə faiz artımı planlaşdırması bu ehtimalı demək olar ki, sıfırlayır. Ən yaxşı halda neftin qiymətinin indiki halda 50-52 dollar, ən pis halda isə 40-45 dollar həddində olacağı gözlənilir".

Natiq Cəfərli hesab edir ki, Azərbaycanda qiymətli kağızlar bazarı və birjalar fəal olmadığı üçün dolların bahalaşması milli iqtisadiyyata birbaşa təsir göstərməyəcək.

Buna da bax: Ekspert: 'Hökumət dolları 2 manat edib, azı, bir il belə saxlamalıdır'

ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli də deyir ki, Amerika iqtisadiyyatı üçün vacib olan bu hadisə Azərbaycana birbaşa təsir göstərməyəcək.

Fariz Huseynli
Fariz Huseynli

Onun sözlərinə görə, indi sahibkarlar üçün xaricdən alınan borcların faizləri artır, odur ki, ölkəyə kapital cəlbi azala bilər.

“Azərbaycan iqtisadiyyatı və banklar üçün hazırda manatın sabitliyi vacibdir, nəinki onun hansı həddə olmağı.

Hazırkı şəraitdə resurslar imkan verir ki, manatın sabitliyinə nail olunsun”.

Martın 16-da Mərkəzi Bank hərrac keçirib, manat dollara nisbətən 0,46 faiz bahalaşıb, 1.7282 manat olub.

Bəs nə baş verir ki, manat bahalaşır? Bu bahalanma nə qədər davamlı ola bilər?

Buna da bax: Manat FED-in qərarına dirəniş göstərir

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, səbəb bazardakı manat kütləsinin azalmasıdır - keçən ilə nisbətən manat kütləsi iki dəfəyə qədər azalıb, banklar nə kredit verə bilir, nə də verdikləri krediti yığa bilirlər:

"Süni yolla manatın dövriyyəsini azaltmaqla məzənnəni aşağı çəkməyə nail oldu Mərkəzi Bank. Bu da iqtisadiyyatın digər sahələrinə çox mənfi təsir edir və iqtisadi aktivliyin azalmasına səbəb olur. Ona görə Mərkəzi Bank bu siyasəti davamlı şəkildə apara bilməz. Ölkənin bəlli bir manat dövriyyəsi ehtiyacı var, Mərkəzi Bank manatın kütləsini ondan da aşağı salsa, ölkədə iqtisadi aktivliyin tamamilə zəifləməsini görə bilərik".

Natiq Cəfərli bütün hallarda ilin sonuna qədər manatın məzənnəsinin ən azı 2 manat həddində müəyyənləşəcəyini gözləyir.

Buna da bax: Heydərovlar ailəsinin yeni kənd təsərrüfatı şirkəti

Prezident İlham Əliyev isə martın 16-da V Qlobal Bakı Forumunun açılışında deyib ki, bu il iqtisadi artım olacaq, qeyri-neft sektorunda artım baş verəcək və hətta ixraca yönələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG