Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

Ekspert: 'Tədiyyə balansında tarazlıq yaranacağı real deyil'


Ülvi Əmrahsoy
Ülvi Əmrahsoy

Azərbaycan manatına təzyiqlərin başında tədiyyə balansında yaranan kəsir gəlir. Daxil olan valyuta nəinki ölkədə qalmır, hətta ondan bir az da çoxu ölkədən kənara çıxır. Sonucda, manatı qorumağa yetərli valyuta qalmır.

İqtisadçı-ekspert Ülvi Əmrahsoy AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın tədiyyə balansındakı durum, bunun manata təsirlərindən danışıb.

– Ülvi bəy, sadə dillə desək, tədiyyə balansı nədir? Balansda kəsir, ya da profisit olması nə anlama gəlir?

– Ölkəyə daxil olan və ölkədən çıxan valyutanın hesabının aparıldığı bir göstəricidir. Balansda müsbət saldo və bunun nə qədər olması ölkə iqtisadiyyatının artımından asılıdır. Profisit o deməkdir ki, ölkədə yerli istehsal var və istehsal artan templə inkişaf edir. Yəni, ölkənin xaricə borcu varsa, onu ödəyə biləcək pulu var. Xaricə mal və məhsul sata bilir. Bununla bərabər xaricdən gərəkən mal və məhsulları da ala bilir. Mənfi saldoda isə, bütün bunların əksi yaranır.

– Keçən ilin sonuna tədiyyə balansında 5 milyardlıq kəsir gözlənilirdi. Proqnoza görə, bu il də ciddi kəsir yaranacaq. Bu, manatdan ötrü nə deməkdir?

– 5 milyard dollarlıq kəsir manata çox ciddi təzyiq yaradır. Yenə bu həcmdə kəsir o deməkdir ki, manat ucuzlaşmaqda davam edəcək. Dollar tez bir zamanda bahalaşaraq 2 manatı rahat keçəcək.

– Tədiyyə balansına başlıca təzyiq kapitalın və maliyyənin hərəkəti hesabının yaratdığı kəsirdir. Bura xarici borclar və öhdəliklər də daxildir. 2016-cı ilin 9 ayında tədiyyə balansının ümumi kəsirinin 2/3-ü məhz kapital və maliyyənin hərəkəti hesabının kəsiri ilə bağlıdır. Azərbaycanın xarici borcunun artdığını nəzərə alsaq, uzun müddət ölkənin tədiyyə balansı mənfi olacaq?

– Bəli. Mərkəzi Bank son bəyanatında bunu açıq yazır. Neftin qiyməti əhəmiyyətli yüksəlməyəcəyi halda (yəni, 100 dollar) xarici borc və öhdəliklərin artdığı bir vaxtda tədiyyə balansında tarazlıq yaranacağı real deyil.

– Mərkəzi Bank pul siyasəti sənədində yazır ki, 2017-ci ildə balansda irihəcmli kəsir gözlənilir. Hökumətin planları bu kəsiri azaltmağa xidmət edəcəkmi?

– 2016-ci ildə yaranan 5 milyard dollarlıq kəsiri azaltmaqdan ötrü baş bank sərt pul siyasəti gerçəkləşdirəcək. Bu isə keçən il aparılan siyasətin davamıdır. Sərt pul siyasəti kəsiri azalda bilər, amma iqtisadiyyatı kiçildəcək. Özəlliklə, bank sektoru, kiçik və orta sahibkarlıq daha da zəifləyəcək. Qeyri-neft sektorunda azalma davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG