Gürcüstanın paytaxtı Tbilisidə martın 8-də axşam etirazçılar yenə də parlamentin binasını dövrəyə alıblar.
Onlar parlamentdə martın 7-də birinci oxunuşda qəbul edilmiş “xarici agent” qanununa etiraz edirlər.
Xəbər verilir ki, polislə etirazçılar arasında yenə də toqquşmalar baş verib.
Etirazçıların bir hissəsi polis kordonunu yararaq parlamentin binasına daxil olmağa çalışırdı.
Həm etirazçıların, həm də polisin arasında xəsarət alanların olduğu xəbər verilir.
Bundan əvvəl etiraz mitinqinin iştirakçıları iki tələb irəli sürmüşdülər.
Onlar parlamentdən sözü gedən qanunun geri çağırılmasını və martın 7-də həbs olunanların azad edilməsini tələb edirdilər.
Onlar bu tələblərin yerinə yetirilməsi üçün hakimiyyətə 1 saat vaxt vermişdilər.
Bu vaxt başa çatdıqdan sonra müxalifətin lideri Qriqori Vaşadze mitinqdə hakimiyyətin əlaqəyə girmədiyini elan edib. O etirazçıları parlamentin binasını mühasirəyə almağa çağırıb.
O deyib ki, parlamentin bütün giriş və çıxışları bağlanmalı, sözü gedən qanunun ikinci və üçüncü oxunuşlarına imkan verilməməlidir.
Vaşadze mitinqçilərə aksiyanın dinc olduğunu xatırlatsa da, az sonra parlamentin yaxınlığında polislə toqquşmalar başlanıb.
Paper Kartuli saytının yazdığına görə aksiyada 10 mindən çox insan iştirak edir. Başqa medialar iştirakçıların on minlərlə olduğunu yazır.
Martın 8-də Tbilisidə etiraz aksiyaları qadınların yürüşü ilə başlanıb. Bu aksiyanın iştirakçıları müxtəlif antihökumət şüarları səsləndirirdilər.
Etiraz edənlərin arasında Droa partiyasının lideri Elene Xoştariya və deputat Tamara Kordzaiya da var idi.
Onlar deyirdilər ki, sözü gedən qanunun qüvvəyə minməsi ölkənin qeyri-hökumət təşkilatlarını zəiflədəcək.
“Ümumun gələcəyi naminə” (WECF) – Gürcüstan təşkilatının həmsədri İda Baxturadze AzadlıqRadiosuna deyib:
"Biz buğun əslində başqa məsələlərdən danışmalıydıq. Gürcüstanda zorlama maddəsi ilə bağlı problemdən, qadınların üzləşdikləri iqtisadi problemlərdən danışmalıydıq. Amma hökumət bizi gələcəyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qoydu. Onlar bizim başımızın üstündən ölkəmizin konstitusiyasını tulladılar. Onlar bizə seçim verməkdən imtina etdilər. O gələcək ki, Avropa İttifaqına üzvlüklə bağlıdır”.